Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:40

«Dəyişən şəhərin simasıdı, camaatın dolanışığı yox»


Gəncədə musiqili fontan, 16 oktyabr 2006
Gəncədə musiqili fontan, 16 oktyabr 2006

Füzuli Hüseynov paytaxtdakı tikintilərin birində işləyir. Deyir ki, 1979-cü ildə hərbi xidmətdən geri qayıdan kimi ata yurdu Mingəçevirdə iş tapıb, sənət yiyəsi olub. Amma təxminən 20-25 ildən sonra işlədiyi zavod fəaliyyətini dayandırdığından işsiz qalıb. Üç ildir ki, ailəsinə bir tikə çörək qazanmaq ümidilə Bakıya üz tutub. Füzuli deyir ki, Mingəçevirdə iş olsaydı, ayağını Bakıya basmazdı: «36 zavodun hərəsində bəlkə bir sex ancaq işləyə. Amma Bakıda tikinti gedir, camaat gəlib burda iş tapır».


Füzuli Hüseynov üç ildir ki, iş dalınca Bakıya gəlib, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının həyata keçirilməsindən isə 4 il ötür. Füzuli sözügedən proqramın adını eşidib: «Amma hiss olunmur, inkişaf zəif gedir».


Bəzi ekspertlərsə Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin bölgələrin inkişafında ciddi rol oynamadığı qənaətindədirlər. Məsələn, bir neçə iqtisadçı hesab edir ki, olimpiya komplekslərinin inşası, küçələrin asfaltlanması, parkların salınması və ya heykəllərin qoyulması əyalət sakinlərinin sosial güzəranına təsir etmir. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, proqram işlənən zaman mənfəət düzgün hesablanmayıb. Məsələn, İmişlidə böyük maliyyə hesabına başa gələn şəkər zavodu heç də gözlənilən nəticəni vermədi və ya bir neçə zavodun ömrü proqramın ömründən də qısa oldu.


Daha bir misal. Azərbaycanın ikinci böyük şəhəri Gəncədə nəzərdə tutulan işlərdən biri də hava limanının beynəlxalq standartlara uyğun yenidən qurulmasıydı. Aeroportun yenidən qurulması deyilən vaxtda da başa çatdı, amma hələ də 40 milyon dollara başa gəlmiş hava limanı yalnız həftədə bir-iki dəfə Rusiya və Türkiyəyə uçuşlar qəbul edir. Üstündən iki ilə yaxın vaxt ötsə də, hələ ki, başqa xarici ölkələrə sifarişlər yoxdur.


Gəncənin bəzi iş adamları danışırlar ki, proqram həyata keçiriləndə onlara yüksək məbləğdə kredit verilib ki, nə cür olursa olsun, qapısı qıfıllı zavod işə düşməlidi. İş adamlarından biri deyir ki, məcbur olub köhnədən qalan texnikayla istehsala başlayıb, amma yararsız məhsula alıcı tapılmayıb. Nəticədə istehsalı dayandırmamaq üçün malı ambara yığmaqdan başqa yol tapmayıb.


Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin Gəncə şöbəsinin rəhbəri Akifə Əliyeva isə deyir ki, şəhərdə gözə görünən yalnız mərkəzi küçələrin asfaltlanması, parkların abadlaşdırılması, bahalı fontanların quraşdırılmasıdı. Bir sözlə, dəyişən şəhərin simasıdı, camaatın dolanışığı yox: «Gəncədə cihazqayırma zavodu vardı, iki ildir ki, bu müəssisənin 300-ə qədər işçisinin şikayətini araşdırırıq. İstehsal dayandığından onların hamısını işdən çıxarıblar».


Ölkə başçısı İlham Əliyev isə fevralın 11-də Gülüstan sarayında Regionların Sosial-İqtisadi İnkişaf Proqramının 4 illiyi münasibətilə keçirilən tədbirdə proqramın icrasını yüksək qiymətləndirib. Deyib ki, onlar bölgənin sürətli inkişafının şahidi olublar. Prezidentin bildirdiyinə görə, son 4 ildə 650 min yeni iş yeri açılıb, onun 480 mini daimidir: «Bu, o deməkdir ki, camaat işlə təmin olunur».


Regionların sosial-iqtisadi inkişafıyla bağlı vəziyyəti anlamaq üçün əyalətin ümumdaxili məhsula və dövlət büdcənin formalaşmasına verdiyi paya diqqət etmək lazımdır. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev deyir ki, bu göstərici ən yaxşı halda 3-4 faiz olub.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG