Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:34

«Bura MTN-in yanında cənnətdir»


Eynulla Fətullayev doqquz aydan sonra ilk müsahibəsini verib

Eynulla Fətullayev doqquz aydan sonra ilk müsahibəsini verib

«Yeni Müsavat» qəzeti:

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında saxlanan «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayev bir neçə gündür ki, 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. O, doqquz aydan sonra ilk müsahibəsini «Yeni Müsavat» qəzetinə verib.


- Eynulla bəy, həbsxanaya uyğunlaşa bilirsizmi?


- Bura MTN-in təcridxanasının yanında cənnətdir. Qapalı mühitdə o qədər qalmışdım ki, məndə hava çatışmazlığı əmələ gəlmişdi. Burada isə rahatam. İnsanlarla ünsiyyətdə oluram. Düzdür, karantin müddətim hələ fevralın 9-da bitməli idi, ancaq hüquq müdafiəçilərinin müraciətindən sonra üç gün tezləşdirdilər. Əgər belə olmasaydı, Andres Herkellə, xanım Jivkova ilə görüşə bilməyəcəkdim...


- Necə düşünürsünüz, tezliklə azadlığa çıxacaqsınızmı?


- Həmməruzəçilərlə, eləcə də hüquq müdafiəçiləri ilə görüşlərdən sonra məndə belə bir inam yaranıb. Xüsusilə İlham Əliyevin Herkelə «əlimdən gələni edəcəyəm» deməsi, ondan əvvəl ANS-in təşkil etdiyi tədbirdə «hər şey məndən asılıdır» söyləməsi belə düşünməyimə əsas verir. Bundan başqa, beynəlxalq təşkilatların bizimlə bağlı Azərbaycan hökumətinə etdiyi təzyiqlər, son aylar siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması məsələsi ətrafındakı müzakirələr də məndə belə bir inam yaradır ki, tezliklə ədalət öz yerini tapacaq. Həm də bu günlərdə Ali Məhkəmədə növbəti məhkəmə prosesim olacaq. Düşünürəm ki, bəlkə elə orada günahsızlığım sübuta yetər...


- Siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması məsələsinə münasibətiniz?


- Bu barədə dəqiq məlumata malik deyiləm. Şəxsən mənə aydın deyil ki, həmin məruzəçinin Herkeldən fərqi nə olacaq? Ancaq yenə də düşünürəm ki, həmin şəxsin təyin olunması siyasi məhbus probleminin həllinə kömək edəcək. Amma ona da ümid edirəm ki, Avropa Şurasının qoyduğu vaxta, yəni martın 13-nə qədər hüquq müdafiəçilərinin tələb etdiyi şəxslər azadlığa çıxacaq və belə bir məruzəçiyə ehtiyac da olmayacaq.


- Bəziləri düşünür ki, Eynulla Fətullayev azadlığa çıxdıqdan sonra ölkəni tərk edəcək...


- Mən hələ ki, ancaq buradan çıxmaq haqqında düşünürəm. Belə bir zarafatım var, deyirəm ki, bəlkə bu hakimiyyət məni vətəndaşlıqdan məhrum edib əl çəkər? Ola bilsin ki, elə buna görə də belə düşünürlər. Sözsüz ki, azadlığa buraxılandan sonra qəzet çıxara bilməyəcəyik. Çünki bizim avadanlıqlarımızı əlimizdən alıblar, bütün resurslarımızı məhv ediblər. Bununla bağlı hüquqi müstəvidə mübarizəmi aparacağam…



«Gün səhər» qəzeti:


MİQ-29 hərbi döyüş təyyarəsinin qəzaya uğramasından 12 gün keçir. Ancaq yanvarın 29-da axşam saatlarından başlayan axtarışlar bir nəticə verməyib...


Nə qədər qəribə olsa da, həm Fövqəladə Hallar naziri, həm də Müdafiə Nazirliyinin rəsmisi axtarışların uzanmasının səbəbini hava şəraitinin qeyri-sabit keçməsində görürlər. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyindən deyirlər ki, son bir neçə gündə Bakıda və Abşeron yarımadasında havanın temperaturu adi qaydadakından da sabit və normaldır. Bir həftə əvvəl müşahidə olunan güclü şimal və şimal-qərb küləyi isə səngiyib. Bu səbəbdən də mövcud hava şəraiti dənizdə axtarış tədbirlərinə mane ola bilməz.


Görünən isə odur ki, döyüş təyyarəsinin axtarışı nəticə vermir. Əslində, Kəmaləddin Heydərovun başçılığı altında fəaliyyət göstərən xilasetmə dəstələrinin harada və nə axtardığını da dəqiq bilən yoxdur. Müdafiə Nazirliyi hadisə baş verən andan əraziyə giriş-çıxışları bağladığından, heç kəs ora daxil ola bilmir. Elə bu səbəbdən də axtarış tədbirlərinə az-çox maraq göstərən media nümayəndələrinin alternativ məlumat almaq, jurnalist tədqiqatı aparmaq imkanları məhdudlaşıb...


MİQ-29 təyyarələrini Rusiya istehsal edir. Azərbaycan isə MİQ-29-ları Ukraynadan alıb.


Bu arada Rusiya MİQ Təyyarəqayırma Korporasiyasının İctimai Əlaqələr İdarəsinin rəisi Yelena Lvova Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsinin qəzaya uğraması barədə fikirlərini açıqlayıb. O, «Trend» agentliyinə müsahibəsində bildirib ki, bu qəzaya köhnəlmiş texnikanın alınıb istismara buraxılması səbəb olub. Y. Lvova qeyd edib ki, məsələ təyyarənin nə vəziyyətdə olmasında, onu kimin təkmilləşdirməsində və təmir etməsindədir. Rusiyalı mütəxəssis bildirib ki. onlar dəfələrlə təkmilləşdirmə prosesinə cəlb olunmaq istəyiblər və yalnız həmin prosesə cəlb edildikləri halda məsuliyyət daşıya bilərlər.


Ukrayna Müdafiə Nazirliyindən isə qeyd ediblər ki, Azərbaycanda qəzaya uğramış MİQ-29-un qalıqları tapılmayınca, qəzanın səbəblərindən danışmaq mümkün deyil.


Azərbaycanda isə hamını bir sual düşündürür: Fövqəladə Hallar Nazirliyinin xilasediciləri niyə təyyarəni tapa və pilotları xilas edə bilmədi?





«Mərkəz» qəzeti:


«Kommunal sferada, liftlər idarəsində, blokların, məhəllələrin işıqlandırılması, məhəllədaxili su nasoslarının işləməsi, fəvvarələrin, parkların işıqlandırılması zamanı sərf edilən enerji haqlarının yığımı pis vəziyyətdədir».


Bu sözləri fevralın 8-də jurnalistlərlə söhbətində «Bakıelektrikşəbəkə» ASC-nin sədri Baba Rzayev bildirib.


B. Rzayev Bakı və Bakıətrafı qəsəbələrdə 176 min sayğac quraşdırıldığını deyib. Bildirib ki, sayğaclara çoxlu müdaxilələr olur:


«Elektron sayğaclara mexaniki olaraq müdaxilə mümkün deyil. Amma artıq institutlarımız, alimlərimiz elektron sayğacın fəaliyyətini saxlamaq üçün cürbəcür qurğular düzəldirlər. Alimlərimiz elmin bütün sahəsində belə işləsəydilər, yəqin ki, Yaponiyanı da keçmişdik».


XS
SM
MD
LG