Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:53

«Polis mənə nə kömək edəcək?»


Ötən il 100-dən çox insan alveri qurbanı aşkar edilib

Ötən il 100-dən çox insan alveri qurbanı aşkar edilib

Nazirlər Kabineti insan alveri qurbanlarının xüsusi polis qurumuna təhvil verilməsi barədə qaydaları təsdiqləyib. Qaydalar İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının müddəalarına uyğun hazırlanıb. Xüsusi polis qurumuna təhvil verilən şəxslərə hüquqları izah olunmalı, onlara kömək göstərilməli, şərəf və ləyaqətlərinə toxunan hərəkətlərə yol verilməməlidir. Yeni qaydalara görə, insan alveri qurbanlarının başqa polis qurumuna, yaxud hüquq-mühafizə orqanına təhvil verilməsi qadağandır.


Bundan əvvəl ATƏT, ABŞ səfirliyi, qeyri-hökumət təşkilatları və Azərbaycan hökuməti birlikdə insan alveri qurbanları üçün sığınacaq açmışdı. Bu sığınacaqda insan alveri qurbanları bir ay müddətində psixoloji-tibbi bərpa kursu keçirdi. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən verilən məlumata görə, sığınacaq da öz fəaliyyətini davam etdirir. Xüsusi polis qurumu isə bu cinayətlərin qarşısının alınması və qurbanların hüquqlarını müdafiəsi məqsədilə yaradılıb. Qurbanların bu quruma gətirilməsi isə məcburi yox, könüllüdür. Həm də burda saxlanma sığınacaqda olduğu kimi uzunmüddətli deyil. İdarədən onu da dedilər ki, bu qaydalar İnsan Alverinə Qarşı Mübarizəylə bağlı Milli Fəaliyyət Planının tərkib hissəsidir.


İnsan alveri qurbanı Vera Şamilova isə deyir ki, onun kimi qadınlar heç vaxt polisə könüllü, öz ayağıyla getməzlər. O, bunu hüquq-mühafizə orqanları əməkdaşlarından çəkinmələri ilə izah edir: «Mən inanmıram ki, polis mənə kömək edəcək. Elə buna görə də müraciət etmərəm. Heç kimə lazım olmadığımı bilirəm. Mən kömək üçün hökumətə də, qadın təşkilatına da, Prezident Aparatına da müraciət etmişdim. Onlar mənə kömək edə bilmədilər. Polis mənə nə kömək edəcək?»


Vera Şamilova deyir ki, insan alveri qurbanları müraciətdən həm də ona görə çəkinirlər ki, polisin onları şübhəli hadisələrə, məsələn, elə insan alveri cinayətlərinə qatacaqlarından ehtiyat edirlər. Polisin insan alverçilərini himayə etməsiylə bağlı deyilənləri isə Daxili İşlər Nazirliyi bir qayda olaraq inkar edir.


«Təmiz Dünya» təşkilatının rəhbəri Mehriban Zeynalova isə deyir ki, insan alveri qurbanlarının xüsusi polis qurumuna təhvil verilməsi könüllü olmalıdır: «Məcburi yox. Mən qurbanı ancaq onun öz istəyi ilə ora verə bilərəm».


Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən verilən məlumata görə, 2007-ci ildə Azərbaycanda insan alveri cinayətləriylə bağlı 300-ə yaxın fakt aşkar edilib. Bu cinayətləri törətdiyinə görə, 300 adam məsuliyyətə cəlb olunub. 100-dən çox qurban aşkar edilib. İnsan alveri qurbanlarının Azərbaycandan əsasən Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, İran, Hindistan və Türkiyəyə aparıldığı müəyyən olunub. Ötən ilki əməliyyatlar nəticəsində bu növ cinayət törətmiş 33 cinayətkar qrup aşkar edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG