Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:35

«Şou-biznes haqqında qanunun qəbuluna heç bir deputat razı olmur»


«İndi orta məktəb şagirdlərinin 60 faizi şou həvəskarına çevrilib»
«İndi orta məktəb şagirdlərinin 60 faizi şou həvəskarına çevrilib»

«Harada oluramsa, hamı deyir ki, şou-biznes haqqında qanuna ehtiyac var. Amma elə ki, gəlirəm parlamentə, heç bir deputat buna razı olmur». Bunları «Üç nöqtə»yə Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov deyib. Onun sözlərinə görə, əgər qanun hazırlansa, onda gərək bu sənəddə nəyisə qadağan edəsən. Deputat deyir ki, bir ara bu məsələ ilə əlaqədar geniş diskussiyalar aparılıb: «Elə müzakirələrdə də qeyd olundu ki, şou-biznes sahəsinin fəaliyyətinin maddi bazası öyrənilməlidir, prodakşnlar vergidən kənarda qalmamalı, şəffaflıq təmin olunmalıdır. Amma biz həmin vaxt qanunvericilik prinsiplərini müəyyənləşdirə bilmədik».


Nizami Cəfərovun fikrincə, şou-biznes fəaliyyətinə dövlət səviyyəsində nəzarət olmalıdır. Amma bunu qanun yolu ilə etməyi hələlik qeyri-mümkün görür. Millət vəkili hesab edir ki, Mədəniyyət və Turizm Nazirliyi bu işə qarışmalı, məsələ ilə bağlı geniş müzakirələr açmalıdır: «Çünki vəziyyət olduqca bərbaddır. İndi orta məktəb şagirdlərinin 60 faizi şou həvəskarına çevrilib. Biz öz tərəfimizdən bu istiqamətdə ictimai müzakirələri davam etdirəcəyik».


«Ekspress» yazır ki, ötən il Azərbaycanda 16 uşaq intihar edib. Bu ilin əvvəlindən bəri isə 2 uşaq özünə qəsd edib.


Qəzetin məlumatına görə, Azərbaycan intihar edən vətəndaşlarının sayına görə postsovet məkanında dördüncü yeri tutur. İlk üç yerdə isə Rusiya, Ukrayna və Belarus gəlir.


«Azərbaycanda da uşaqlar arasında intiharlarla bağlı situasiya çox təhlükəli səviyyəyə çatıb. Ekspertlərin dediklərinə görə, həyatlarına qəsd edən, yaşları 6-16 arasında olan vətəndaşlarımızın təxminən 60%-i sosial-yaşam şəraitinə görə normal sayıla biləcək ailələrdə yaşayıblar».


Psixoloq Afaq Vəliyevanın dediyinə görə, ailədəki münaqişələr və ətrafdakı insanlarla münasibətlərin pozulması, anlaşılmazlıqlarla yanaşı, son vaxtlar uşaqlar arasında intiharlara gətirib çıxaran ağlasığmaz görünə biləcək səbəblər də var.


«... Son vaxtlar mətbuatda ən çox yayılan məlumatlardan biri də dəm qazından boğulmaların çoxluğudur. Demək olar ki, hər gün dəm qazından boğulanlar barədə bir məlumata rast gəlmək olur. Lakin nədənsə bu məsələdən sorumlu orqanlar cavab vermək istəmirdilər»-, bu barədə «Azadlıq» yazıb.


«Mətbuatın uzun çəkən təkid və israrından sonra nəhayət «Azəriqaz» QSC-nin sədri Əlixan Məlikov mətbuata açıqlama verdi, daha doğrusu məsələni özündən uzaqlaşdırdı. Məlikov bildirib ki, Dövlət Neft Şirkətinin verdiyi qazın tərkibi müvafiq təlimata və səviyyəyə uyğun deyil. Əlixan Məlikov son aylar əhali arasında dəm qazından zəhərlənmə hallarının geniş yayılmasının məhz qazın tərkibinin zərərli maddələrdən təmizlənməməsilə izah edib. Bununla da əhali arasında dəm qazından zəhərlənmə hallarının geniş yayılmasına İran istehsalı olan sobaların deyil, Azərbaycanda mavi yanacağın qeyri-standart tərkibinin səbəb olduğu üzə çıxdı.


Yanvar ayında 60 nəfərdən artıq vətəndaş dəm qazından boğulub, 500 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib. İstifadə olunan təbii qazın tərkibinin 95 faizə qədəri metandan ibarətdir. Metan isə zəhərli maddə hesab olunur.


ANS Müstəqil Yayım və Media Şirkəti və Çingiz Mustafayev Fondunun prezident İlham Əliyevə «İlin Adamı» mükafatını verməsi bütün rəsmi və iqtidaryönlü qəzetlərin geniş diqqət ayırdığı mövzu olub.


«Səs» yazır ki, «Hələlik sülh danışıqları aparmağa məcburuq» deyən dövlət başçısı bunu ümidlərin olması ilə izah edib: «Bu ədalətsizliyə dözmək çətindir. Azərbaycan dövlət kimi güclü olmalıdır. Çünki münaqişəni yalnız güclü hərbi potensial və güclü iqtisadiyyat Azərbaycanın xeyrinə həll edə bilər».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG