Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:52

Azərbaycanda şəcərəni tanımaq ənənəsi zəifləyib


Azərbaycanda şəcərəni tanımaq ənənəsi niyə zəifdir?

Azərbaycanda şəcərəni tanımaq ənənəsi niyə zəifdir?

Bir sıra dünya ölkələrində şəcərə haqda bilgilər nəsildən-nəsilə ötürülən ən vacib məlumatlar hesab olunur. Ancaq Azərbaycanda bu ənənə kifayət qədər zəifdir. Hazırda şəcərə ilə bağlı müəyyən məlumatları Dövlət Tarix Arxivindən əldə etmək mümkündür. Arxivin direktor müavini Anar Məmmədov deyir ki, 1831-ci ildən başlanan siyahılaşma 1886-cı ilə qədər davam edib. Bundan başqa, Arxivdə 1889–cu ildən təxminən 1920-cı ilə qədər də əhalinin qeydiyyat sənədləri saxlanılır. Məmmədov bildirir ki, həmin müddət ərzində qeydiyyat indiki kimi olmayıb. O vaxt əhalinin qeydiyyatı məscidlərdə, kilsələrdə və sinaqoqlarda aparılıb. Bu baxımdan həmin sənədləri arxivdə «məscid sənədləri» adlandırırlar.


A.Məmmədov deyir ki, Tarix Arxivində yaşayış məntəqələrinin nə vaxt salınması, orda məskunlaşan adamların haradan gəldiyi və s. qeyd olunub.


Məmmədovun sözlərinə görə, şəcərəsini araşdırmaq istəyən adamlar öz ulu babalarından biri və ya ikisi haqda məlumat versələr, həmin məntəqədə yaşayanların hardan gəldiyini müəyyənləşdirmək çətin deyil: «Bundan sonra biz də bu istiqamətdə araşdırma apara bilərik. Öyrənə bilərsiz ki, babalarınız kimdi, onlar neçənci ildə anadan olub, kim-kimin uşağıdı və s. Ancaq bu məlumatlar qısa formadadır».


Anar Məmmədov deyir ki, hətta 19-cu əsrin ortalarında hansı yaşayış məskənində nə qədər adam yaşadığı, onun neçəsinin kişi, neçəsinin qadın olduğu barədə məlumatlar da sənədlərdə öz əksini tapıb. Özü də həmin sənədlərdə evlərin sayı tüstü ilə göstərilib.


Öz şəcərəsi, yaşayış yeri, hardan gəldiyi barədə məlumatları əldə etmək istəyən şəxs bunun üçün nə etməlidi? Anar Məmmədov bildirir ki, həmin şəxs Tarix Arxivinə məktubla müraciət etməlidi: «Şəcərəsi haqda məlumat əldə etmək istəyən şəxs işlədiyi yerdən arayış götürməli və Tarix Arxivinin direktorunun adına məktubla müraciət etməlidir. Bundan sonra həmin şəxs Arxivin oxu zalında oturub öz nəsil şəcərəsilə bağlı araşdırma apara bilər. Konkret ulu babalarla bağlı müraciətə isə bir ay müddətində cavab veririk».


Dövlət Tarix Arxivində 1817-ci ilə aid sənədlər də var. Anar Məmmədov deyir ki, elə hal olub ki, öz nəsil-nəcabətini axtaranlar ulu babalarının Səudiyyə Ərəbistanı və İrandan gəldiyini müəyyənləşdirib, bundan sonra həmin ölkələrin arxivlərinə müraciət ediblər.


Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru Rəfael Hüseynov isə deyir ki, azərbaycanlılar öz nəsil şəcərəsi haqqında məlumatlı olmaqda həmişə maraqlı olublar. Amma sonralar adamlarda öz ulu babalarını tanımaq ənənəsi zəifləyib. O, bunun səbəbini dəfələrlə həyata keçirilən işğallarda görür.


Günün bütün mövzuları

XS
SM
MD
LG