Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:53

Prezident Aparatından nəşriyyatlara xəbərdarlıq məktubu


Yalnız aparatın rəyindən sonra belə nəşrlərin çapı məqbul sayılacaq

Yalnız aparatın rəyindən sonra belə nəşrlərin çapı məqbul sayılacaq

Bundan sonra keçmiş prezident Heydər Əliyev, indiki dövlət başçısı İlham Əliyev və onun xanımı Mehriban Əliyeva haqda kitab nəşrlərinin Prezident Aparatı ilə razılaşdırılacağı gözlənilir. Hər halda bu günlərdə Prezident Aparatı İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənovun imzası ilə Azərbaycanda fəaliyyət göstərən nəşriyyatlara bu haqda xəbərdarlıq xarakterli məktub gəlib. Məktubda qeyd edilir ki, keçmiş prezident Heydər Əliyev, indiki dövlət başçısı İlham Əliyev və onun xanımı haqqında kitabların, jurnalların, xüsusi buraxılışların çapı zamanı Prezident Aparatı xəbərdar edilməlidir. Yalnız aparatın rəyindən sonra belə nəşrlərin çapı məqbul sayılacaq.


Prezident Aparatının şöbə müdiri Əli Həsənovun özü belə bir məktub göndərdiklərini hələ ki, nə təsdiq, nə də inkar edib. O, «Azadlıq» radiosuna açıqlamaya razılıq vermədiyindən bu məktub haqda əlavə məlumat ala bilmədik. Ancaq belə məktubların daxil olduğu nəşriyyatların bir çoxu artıq indidən xəbərdarlığın mahiyyəti ilə bağlı öz fikirlərini bölüşməkdədirlər.


«Adiloğlu» nəşriyyatının şöbə müdiri Nuriyyə Şirinova deyir ki, son illər hər yerindən duran keçmiş prezident Heydər Əliyev, indiki dövlət başçısı İlham Əliyev və onun xanımı Mehriban Əliyeva haqqında kitablar yazır. Şirinovanın fikrincə, görünür, bu tendensiyanın qarşısını almaq istəyirlər.



«Müəllif və ya nəşriyyat niyə öz mövzusunu kiminləsə razılaşdırmalıdır? Bu, açıq-aşkar senzuradır»

«Məmmədli» nəşriyyatının sahibi Rafiq Məmmədli isə deyir ki, bəzi insanlar prezident və onun xanımı haqqında kitablar nəşr edib müəyyən imtiyazlar əldə etmək istəyirlər. Onun fikrincə də bu prosesin durdurulmasına ehtiyac var. Ancaq R.Məmmədli xəbərdarlıq məktubunun ziyanlı tərəfini də görür: «Müəllif və ya nəşriyyat niyə öz mövzusunu kiminləsə razılaşdırmalıdır? Bu, açıq-aşkar senzuradır».


Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat, şair Musa Urud isə məktubun kitab nəşrində senzura kimi qəbul edilməsi fikri ilə razılaşmır. Əksinə o, düşünür ki, Prezident Aparatı bu addımı 10 il əvvəl atmalı idi: «Niyə senzura olur. Cəmiyyətin sayılan söz sahibləri yazsalar, kim ona yox deyəcək? Yoxsa, Milli Məclisə də gətirirlər ki, alın. Baxırsan, şəkillərdən və bayağı cümlələrdən başqa heç nə yoxdur. Bu kitabları nə oxumaq olur, nə də atmaq. Necə atasan orda prezidentin şəkilləri var».


Hər halda bu məktubdan ucuz mədhiyyəçiliyin, yoxsa fikir azadlığının daha çox ziyan çəkəcəyini indidən müəyyən etmək çox çətindir. Kitab nəşri üzrə mütəxəssis Rafiq İsmayılov isə deyir ki, əgər hakimiyyət fikir azadlığını boğmadan mədhiyyəçiliyin qarşısını almaq istəyirsə, belə məktublara ehtiyac yoxdur. Onun sözlərinə görə, əslində, hökumət ucuz mədhiyyəçiliyə qarşı təbliğatını gücləndirməlidir: «Bu zaman aşağılardan da bir tərpəniş olmalıdır. Yəni, kimsə düşünməməlidir ki, arxamda belə kitab dayanmasa və ya belə kitabı almasam, mənə pis baxacaqlar. Bu tərpəniş olmasa, normal cəmiyyət yaranmayacaq».


Belə fikir müxtəlifliklərinə baxmayaraq bu məktuba nəşriyyatların hər-hansı birindən kəskin etiraz bildirilməyib. Bu isə haqqında bəhs etdiyimiz prosesə start verilərsə, onun maneəsiz icra olunacağından xəbər verir…


Günün bütün mövzuları

XS
SM
MD
LG