Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:51

AZAL-ın vəzifəli şəxslərinə «casus» ittihamı


Aeroportun müvafiq yerlərində dinləmə qurğuları yerləşdirilibmiş

Aeroportun müvafiq yerlərində dinləmə qurğuları yerləşdirilibmiş

Yanvarın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mürsəl Əliyevin sədrliyi ilə «Azərbaycan Hava Yolları» Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi Emil Süleymanovun, Operativ İdarəetmə xidmətinin rəisi Tamerlan Mikayılovun, həmin xidmətin mühəndisləri Tahir Əsədzadənin, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Rafət Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Onlar narkotik maddələrin dövriyyəsi və dövlətə xəyanətdə ittiham olunurlar.


«Gün səhər» yazır ki, ittiham sənədlərində qeyd olunur ki, Heydər Əliyev adına Bakı Hava Limanının müvafiq yerlərində dinləmə qurğuları yerləşdirilib. Təqsirləndirilən Emil Süleymanov digər vəzifəli şəxslərlə birlikdə dövlət əhəmiyyətli sirləri toplayaraq, Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının əməkdaşlarına ötürüblər. Bununla da dövlətə ziyan vurublar.


Tahir Əsədzadə ötən il iyulun sonunda, Tamerlan Mikayılov avqustun 1-də, Emil Süleymanov isə sentyabrın 6-da həbs ediliblər. Digər şəxslər də istintaqın gedişi zamanı müəyyən edilərək məsuliyyətə cəlb olunublar.


Prokuror cinayət işinin materiallarında dövlət əhəmiyyətli sirlərin olduğunu əsas gətirərək, prosesin əvvəldən axıradək qapalı keçirilməsini istəyib. Prosesdə telekanallara çəkiliş aparılmasına icazə verilməyib.


«Üç nöqtə» yazır ki, Avropa Məhkəməsinə 1000-dən artıq azərbaycanlı məcburi köçkün şikayət edib. Bu barədə qəzetə Azərbaycanın Avropa Məhkəməsindəki xüsusi nümayəndəsi Çingiz Əsgərov məlumat verib. Onun sözlərinə görə, Avropa Məhkəməsinə müraciət edən məcburi köçkünlər Ermənistanın işğalçı dövlət olaraq tanınmasını tələb edirlər: «Pozulmuş hüquqlarının bərpasını tələb edən məcburi köçkünlər, onlara dəyən maddi ziyanın da ödənilməsini istəyirlər. Avropa Məhkəməsinin bu cür işlərə aid presidentləri mövcuddur. Türkiyə dövlətinə qarşı Luizidu qərarı presendent kimi götürülə bilər. Bu işdə cavabdeh dövlət 1 milyon avroya yaxın təzminat ödəyib. Lakin azərbaycanlı məcburi köçkünlərin nə qədər təzminat tələb etməsi dəqiqləşməyib. Hazırda həmin şikayətlər öyrənilmək mərhələsindədir. Həmin müraciətlərdən 6-sı kommunikasiya olunmaq üçün Ermənistana göndərilib. Həmin şikayətlərin təmin edilməsi isə məhkəmənin səlahiyyətindədir».


«Həyata keçirilmiş məqsədyönlü siyasət, uğurla davam etdirilən sosial-iqtisadi islahatlar, möhkəm ictimai-siyasi sabitlik əldə edilib, demokratik islahatlar sürətləndirilib, dinamik iqtisadi inkişaf həm gənclərimizin, həm də bütün xalqımızın xoşbəxt gələcəyə inamını daha da artırıb». YAP-çı gənclərlə görüşündə partiya sədrinin müavini Əli Əhmədov belə deyib. «Səs» qəzeti görüşdən geniş reportaj verib.


Günün bütün mövzuları

XS
SM
MD
LG