Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:54

«Hər həftə uşaqlar məktəbdən hansısa pulyığma xəbərilə qayıdırlar»


«Məktəbə xəbər göndərmişəm ki, sizə pul gərək olanda uşağa deməyin, valideynlərdən istəyin»

«Məktəbə xəbər göndərmişəm ki, sizə pul gərək olanda uşağa deməyin, valideynlərdən istəyin»

Bir aydan artıqdır ki, Bakı məktəblərində hər fənnə uyğun dəftər satışına başlanıb. Dəftərlərin qiyməti ibtidai siniflər üçün 25, yuxarı siniflər üçün 35 qəpikdir. Bunu iki övladı Bakının Səbail rayonundakı orta məktəbdə təhsil alan Rövşən Hacıyev deyir:


- Hərəsi özünə yaxın bir mətbəə yaradıb. Hər dəfə bir kitab, bir dəftər çap edib göndərirlər məktəblərə ki, şagirdlər məcburi qaydada alsın. Məktəbə xəbər göndərmişəm ki, sizə pul gərək olanda uşağa deməyin, valideynlərdən istəyin. Uşaqları rüşvətə öyrətməyin.


Rövşən Hacıyev deyir ki, rəsmilərin məktəblərdə pul yığılmadığı haqda dediklərinin heç bir əsası yoxdur. Az qala hər həftə uşaqlar məktəbdən hansısa pulyığma kampaniyası ilə bağlı xəbərlə qayıdırlar. Buna görə də sinif üzrə valideyn komitəsi rəhbərinə hamı «nəzir qutusu» deyir. Bu canlı nəzir qutusunun yanından isə əlini cibinə salmadan keçmək mümkün deyil:


- Bizim məktəbdə ildə bir neçə dəfə valideyn iclası olur. Hər dəfə də sonda bəlli olur ki, ya fond pulu gərəkdir, ya da məktəbin təmirinə yardım etmək lazımdır.



Sinif üzrə valideyn komitəsi rəhbərinə hamı «nəzir qutusu» deyir. Bu canlı nəzir qutusunun yanından isə əlini cibinə salmadan keçmək mümkün deyil

Bakının bir neçə məktəbində işləyən müəllimlərlə söhbət etdik. «İş yerimizi itirmək istəmirik», - deyib adlarını açıqlamaq istəmədilər. Ancaq məktəblərdə dəftər satışını onlar da təsdiq etdilər. Dedilər ki, məktəb direktorları fənn müəllimlərinə şagirdlərin sayı qədər dəftər verir. Ancaq qış aylarında məktəblər normal qızdırılmadığından uşaqların çoxu dərsə gəlmir. Bu səbəbdən dərsə gələnlərdən bir deyil, bir neçə dəftərin pulu alınır. Müəllimlər ildə iki dəfə onlardan «Azərbaycan» və «Xalq qəzeti»nə abunə üçün 3 manat yığılmasından da şikayətləndilər. Dedilər ki, abunə pulu versələr də, qəzetlərin üzünü belə görmürlər.


Bakı Şəhər Baş Təhsil İdarəsinin əməkdaşı Zəminə Əliqızı da məktəblərdə dəftər satışını təsdiqləyir:


- Uşaqlara üzərində şou-biznes ulduzlarının şəkilləri olan dəftərlər satılırdı. Yeni dəftərlər isə olduqca gözəl tərtibatlıdır və profilə uyğun informasiyalarla zənginləşdirilib. Uşaqlar bu dəftərlərdən istifadə etsələr daha yaxşı olar. Ancaq bu, heç bir halda məcburi qaydada ola bilməz.


Müəllimlərin rəsmi qəzetlərə məcburi qaydada abunə yazılmasına gəlincə, Əliqızı deyir ki, «Azərbaycan» və «Xalq qəzeti»ndə prezidentin fərman və sərəncamları çap olunduğundan müəllimlərin bu sənədlərlə tanış olması vacibdir. Ancaq bu da heç bir halda məcburi xarakter daşımamalıdır.


«Məktəblərdə müxtəlif məqsədlərlə pul yığılması təkcə Bakıda yox, bölgələrdə də baş verir». Bunu isə Salyan rayonunda fəaliyyət göstərən Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov deyir:


- Rayon İcra Hakimiyyəti təkcə məktəblərə yox, rayondakı bütün büdcə qurumlarına Salyanla bağlı təqvimlər göndərib. Qiyməti 10 manat olan bu təqvimlərin harada çap olunduğu belə bəlli deyil. Müəllimlər də cəld tərpənib hər şagirddən 50-60 qəpik yığıblar.


Emil Məmmədovun sözlərinə görə, dərs saatlarının bir hissəsi uşaqlardan pul yığılmasına həsr edildiyindən tədrisin keyfiyyəti aşağı düşür. Ailələrlə məktəb, şagirdlə müəllim arasında tədrisə heç bir bağlılığı olmayan belə məsələlər həm də yeni nəslin mənəviyyatına ciddi zərbə vurur.


Günün bütün mövzuları

XS
SM
MD
LG