Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:51

Azərbaycanın xarici borclarının həcmi artır


Azərbaycanda dünyaya gələn hər körpə 270 dollar borcla doğulur
Azərbaycanda dünyaya gələn hər körpə 270 dollar borcla doğulur

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, Azərbaycanın xarici borclanmaya getməsinin iqtisadi əsasları yoxdur. Ölkənin dövlət gəlirlərinin artmasına baxmayaraq hökumət beynəlxalq, maliyyə qurumlarından istifadəni davam etdirir. Bu isə ölkənin xarici borclarının artmasına gətirib çıxarır. Son nəticədə, hətta gələcək nəsillər üçün də borc öhdəlikləri yaranır. Bu barədə «Ayna» yazıb.


V.Bayramov qəzetə bildirib ki, ötən il ölkənin xarici borcları 16 faizə yaxın artıb və 2,4 milyard dolları keçib. İndi adambaşına düşən borcun həcmi 270 dollardır. Bu isə o deməkdir ki, Azərbaycanda dünyaya gələn hər körpə 270 dollar borcla doğulur. Beynəlxalq maliyyə qurumlarından 1,9 milyard dollardan artıq kredit alınıb. Onun sözlərinə görə, Azərbaycanın Dünya Bankından yenidən 450 milyon dollar kredit götürməsi isə ölkənin xarici borclarının həcminin artmasına gətirib çıxaracaq. Bundan başqa, sözügedən bankla Azərbaycan hökuməti arasında bağlanmış sazişə əsasən, maliyyə qurumu növbəti 2 ildə ölkəyə 1,29 milyard dollarlıq kredit ayıracaq: «Azərbaycanın dövlət gəlirlərinin kəskin artdığı bir halda Dünya Bankından bu həcmdə vəsait alınmasının səbəblərini izah etmək çətindir. Azərbaycan Gürcüstana 25 il müddətinə illik 1 faiz olmaq şərti ilə 200 milyon dollarlıq kredit verir. İndi hətta beynəlxalq maliyyə qurumları da 1 faizlik kredit vermir. Demək olar, faizsiz kredit verən Azərbaycan hökumətinin daha yüksək faizlə beynəlxalq maliyyə qurumlarından kredit götürməsinin iqtisadi izahatı yoxdur. Bundan başqa, neftin dünya bazarı qiymətinin yüksəlməsi nəticəsində Azərbaycanın neft satışından bu il əldə edəcəyi vəsaitin proqnozlaşdırılandan ən az 2 dəfə çox olacağı gözlənilir. Bu isə o deməkdir ki, Azərbaycanın xarici kreditlərə ehtiyacı, demək olar, yoxdur. Xarici kreditləşməyə getmək perspektiv problemlərin yaranmasına gətirib çıxara bilər. Əgər bu gün xarici borcların təhlükəsi kifayət qədər hiss edilmirsə, bu o demək deyil ki, gələcəkdə ciddi problemlər yaranmayacaq. Qorxulu tendensiya borcların həcminin artmasıdır».


Hakim partiyanın orqanı olan «Yeni Azərbaycan» «Şadlıq evlərində qiymətlər şişirdilir» sərlövhəli araşdırma dərc edib.


Qəzet yazır ki, «Şadlıq evi və restoranlarda yeməklərin keyfiyyətində olan problemlərlə bərabər, spirtli içkilərin tərkibində də bir sıra nöqsanlar mövcuddur. Nazirlər Kabinetinin qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin tərkibində yaradılan işçi qrupunun mütəxəssisləri apardıqları araşdırmalar zamanı şadlıq evlərində süfrəyə qoyulan alkoqollu içkilərin böyük bir hissəsinin keyfiyyətsiz olması və gizli yollarla həmin obyektlərin sexlərində hazırlanması hallarını aşkar edib. Hazırda nazirliyin məsələ ilə əlaqədar müvafiq sənədləri hazırlayaraq aidiyyəti olan orqanlara təqdim etmək niyyətindədir».


«Ekspress» yazır ki, ölkədə təhlükəli qrip virusu yayılır. «İl başlayandan bəri Azərbaycanda yoluxucu-respirator infeksiyalarına tutulanların sayı dəfələrlə artıb. Ölkə rəsmiləri qrip pandemiyasının varlığını etiraf etməsələr də, yanvarın 2-dən bəri Bakıdakı səhiyyə müəssisələrinə qrip virusuna tutularaq müraciət edənlərin sayı 7 dəfə çoxalıb».


Ekspertlərin dediklərinə görə, kəskin respirator infeksiyası olan qripin əvvəlki növlərindən fərqli olaraq indiki virus daha güclü təsir mexanizmlərinə malikdir.


Virusoloq Sevil Qurbanovanın qəzetə dediyinə görə, indi yayılan qrip virusuna tutulan şəxslərdə halsızlıq, başağrısı, bədən hərarətinin yüksəlməsi, əmək qabiliyyətinin kəskin aşağı düşməsi, ürəkbulanma və qusma kimi hallar əvvəlki pandemiya ilə müqayisədə kəskin formadadır.


Səhiyyə Nazirliyindən verilən məlumata görə, «Azərbaycanda yeni və təhlükəli formalı qrip virusu aşkarlanmayıb».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG