Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:33

«Buş artıq deyə bilməz ki, ABŞ heç vaxt belə güclü olmayıb»


Buş deyir ki, İraqdan çıxarılan əsgərlərin sayı 20 min olacaq
Buş deyir ki, İraqdan çıxarılan əsgərlərin sayı 20 min olacaq

Amerika ənənəsinə görə, prezident ildə bir dəfə Konqresə ölkənin vəziyyəti haqda hesabat verir. Həmin hesabat vaxtı müxalifət partiyası da bir nəfəri seçir ki, prezidentin dediyinə münasibət bildirsin. Demokratlar bu dəfə Kanzas ştatının keçmiş qubernatoru Ketlin Sibeliusu seçiblər.


Buşun hesabatından sonra Sibelius deyib ki, Amerikanın belə xarici siyasəti bizim dostlarımızı azaltdı, düşmənlərimizi artırdı.


Altı il əvvəl prezident kimi ilk dəfə ölkənin vəziyyəti haqda hesabatını Corc Buş bu sözlərlə başlamışdı: «Bizim ölkə müharibədədir, bizim iqtisadiyyat tənəzzüldədir, sivil dünya görünməmiş təhlükələrlə üz-üzədir. Ancaq bizim ölkə heç vaxt bu qədər güclü olmayıb».


«Nyu York Tayms» baş məqaləsində yazır ki, Buş bu dəfə də eyni cümlələri təkrar edə bilərdi. Axırıncıdan başqa. O, artıq deyə bilməz ki, ABŞ heç vaxt belə güclü olmayıb.


Amerikalılar Buşun çıxışından nə gözləyirdilər? Qəzet yazır ki, gözləyirdilər ki, İraq müharibəsinin sonuna bir işıq ucu göstərəcək. Ancaq Buş ənənəvi sözlərini təkrar etdi ki, İraq özü-özünü müdafiə edə biləndə, Amerika qoşunları oradan çıxacaq.


«Nyu York Tayms» İraqın Müdafiə nazirinin bu yaxınlardakı müsahibəsini xatırladır. Nazirin sözlərinə görə, İraq 2018-ci ilə kimi öz ərazisini və buradakı sabitliyi təkbaşına qoruya bilməyəcək.


Bununla belə, Buş elan edib ki, İraqdan son vaxtlar çıxarılan və yaxın aylarda çıxacaq əsgərlərin sayı 20 min olacaq.


İqtisadiyyata gəlincə, tənəzzül təhlükəsindən heç nə deməyən Buş Konqresi 150 milyard dollarlıq iqtisadiyyatı həvəsləndirmə tədbirlərini müdafiə etməyə çağırıb. Ancaq xəbərdarlıq edib ki, respublikaçılarla demokratlar bu plana heç nə əlavə etməyə çalışmasınlar, çünki bu, planı ləngidə bilər.


Buşun xəbərdarlığını belə yozurlar ki, tənəzzül təhlükəsi realdır və vaxt gözləmir.


Yeri gəlmişkən, Amerikada tənəzzül olsa, bunun Azərbaycana bir mühüm təsiri olacaqmı? Ən azı neftin qiymətinə tənəzzül necə təsir göstərə bilər? Azərbaycanlı neft eksperti İlham Şaban deyir ki, birbaşa təsiri olmayacaq. Çünki Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına bir elə də inteqrasiya etməyib. Ancaq Şaban istisna etmir ki, tənəzzül uzansa, neftə tələbat azalsa, böyük xərclərə öyrəşmiş Azərbaycan hökumətinə çətin olacaq.


Buş öz hökumətinin uğurları kimi xaricdə demokratik hərəkatların müdafiəsini göstərib: «Biz gördük ki, Gürcüstan və Ukrayna vətəndaşları özlərinin azad və ədalətli seçkilər haqlarının müdafiəsinə qalxdılar, əfqanlar Talibanın istibdadından yaxa qurtarıb öz prezidentlərini və parlamentini seçdilər».


Maraqlıdır ki, ABŞ Azərbaycanda niyə eyni seçkilərdə demokratik qüvvələri, məsələn, Gürcüstanda olduğu kimi müdafiə etmədi? Doğrudanmı, buna neft mane oldu?


Ekspert İlham Şaban deyir ki, demokratik elementləri cəmiyyətin özü müdafiə etməyincə, xaricdən kömək sıfıra bərabər olacaq.


Yenidən Amerika prezidentinin hesabatına qayıdaq. Təbii ki, bu çıxış da İrana xəbərdarlıq olmadan ötüşmədi. Buş yenə İrana xəbərdarlıq edib ki, hərbi nüvə proqramını dayandırsın. Elə dayandırsın ki, bunu hamı yoxlaya bilsin.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG