Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:41

«Nisyə mal verilmir»


Nisyə dəftərlərindəki siyahılar yetərincə böyük olur

Nisyə dəftərlərindəki siyahılar yetərincə böyük olur

Son vaxtlar mağazalarda nisyə dəftərlərinin sayı artır. Yəni, adamlar dükana gəlir, ehtiyacı olan malları - söhbət əsasən ərzaq, siqaret və sair bu kimi gündəlik təlabat mallarından gedir - alıb pulunu sonra verəcəklərini bildirirlər. Satıcı isə həmin adamların adlarını nisyə dəftərinə yazır. Belə dəftərlərdəki siyahılar yetərincə böyük olur. Elə dükan var ki, orada artıq ikinci dəftər açılıb. Şübhəsiz ki, bu cür əməkdaşlıq tanış satıcı və alıcılar arasında mövcuddur.


Satıcılar deyirlər ki, heç kim kefindən adını nisyə dəftərinə yazdırmaz. Bir tərəfdən, onlara üz tutanlardan imtina etmək olmur, digər tərəfdən də daimi müştərilərdir, verməsən iş də getmir.


Satıcıların sözlərinə görə, ayrı-ayrı adamların borcları 2-3 manatdan tutmuş, 100-200 manatadək olur. Bəzən borcun qaytarılması bir ildən çox uzanır. Elə alıcılar da olur ki, onların borcu ödənmədən adları dəftərdən silinir. Çünki bilirlər ki, o, borcu ödəmək iqtidarında deyil.


Qarşılıqlı inam əsasında qurulan belə qeyri-rəsmi ticarət münasibətləri rayon və kəndlərdə daha çox yayılıb. Burada bəzən borcun ödənilməsi hətta pulla yox, başqa məhsullarla da həyata keçirilir. Borcun pula ödənilməsi ümidini itirən satıcı bəzən onun başqa şeylərlə ödənməsinə razılıq verməli olur. Bu barədə söhbət etdiyim satıcılar nisyə dəftərlərinin heç vaxt bağlanmayacağı qənaətindədirlər. Onlar camaatdan pulu vaxtında ala bilmədikləri üçün özləri də topdansatış məntəqələrindən malı nisyə götürməyə məcbur olurlar. Beləcə satıcı ilə alıcı arasında pulsuz anlaşma xırda ticarətçi ilə böyük ticarətçi arasında da pulsuz anlaşmanın əsasını qoyur. Satıcılar sovet dövründə belə halların olmadığını bildirirlər.


Nisyə dəftərləri apteklərdə də var. Satıcıların sözlərinə görə, pulu gətirənlər də olur, onu axtarmağa məcbur edənlər də: «Zəng edib axtarırıq. Təqaüdünü, maaşını gözlədiyini deyib müxtəlif bəhanələrlə yayınanlar da olur».


Satıcılar pulu gətirməyənlər haqda polisə müraciət etmədiklərini deyirlər: «Hamımız azərbaycanlıyıq, gərək bir-birimizi başa düşək. Amma aldatmaq da düz deyil».


Amma elə satıcılar da var ki, onların maddi vəziyyəti yaxşı olduğu üçün nisyə mal verməkdən çəkinmir, uzun müddət gözləsələr də, ziyan çəkmirlər. Necə deyərlər, təki alacağın olsun.


Bəzi mütəxəssislər isə hesab edirlər ki, bu cür vəziyyətin yaranmasına ölkədə əhalinin yoxsul təbəqəsinin çoxluğu səbəb olur. Xüsusilə təqaüdçülər və maaşı lap az olanlardı belə alıcılar.


Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının üzvü, deputat Vahid Əhmədov deyir ki, bu cür hal MDB məkanında çox yerdə mövcuddur.


Əhalinin yoxsul təbəqəsinin maaşı istehlak səbətini və digər kommunal xərcləri ödəmir. Buna görə də onlar məcbur olub dükandan nisyə mal götürürlər.


Qiymətlərin sürətli artımı da buna təsir edir.


Rusiyadan Azərbaycana ailəsini dolandırmaq üçün pul göndərənlərin vəziyyətinin necəliyi də bu sahədə öz təsirini göstərir. Yəni, pul vaxtında ailəyə çatmırsa, nisyə dəftərində borc da artır.


Deputat Vahid Əhmədov bildirir ki, rayonlarda iş yerləri az olduğu üçün orada belə hal daha çox yayılıb. Kənd təsərrüfatı ilə məşğul olanlar öz məhsullarını ildə bir və ya iki dəfə satırlar. Ona görə də ödəmə hər dəfə edilə bilmir.


…Dükanlarının pəncərəsində «nisyə mal verilmir» sözləri yazılan lövhələr asmış satıcılar isə bunu əlacsızlıqdan etdiklərini deyirlər. Ancaq bununla yanaşı, etiraf edirlər ki, onların işinə əsas maneəni nisyə götürmələr yox, müxtəlif yoxlamalara, strukturlara qeyri-qanuni ödəmələr yaradır.


XS
SM
MD
LG