Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:13

«Məruzəçiyə 22 imza lazımdır»


Məsələ öz həllini AŞPA-nın martın 13-də keçiriləcək növbəti iclasında tapacaq

Məsələ öz həllini AŞPA-nın martın 13-də keçiriləcək növbəti iclasında tapacaq

«Gün səhər» qəzeti:


«Bir qrup hüquq müdafiəçisinin AŞPA-nın qış sessiyasına qatılması ölkədəki vəziyyətin düzələcəyinə ümidləri artırmır. Güman etmirəm ki, hakimiyyət repressiyaları səngidəcək. Hüquq müdafiəçiləri ayrı-ayrı taktikalarla işləsələr də, məqsəd bir olmalıdır – siyasi məhbus probleminin həlli...».


Bunu bir qrup hüquq müdafiəçisinin Strasburqda keçirilən AŞPA sessiyasına qatılmasına münasibət bildirən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus deyib.


Onun fikrincə, əsas odur ki, insan hüquqları ilə məşğul olan şəxslər Azərbaycanda demokratiyanın imitasiyası siyasətində iştirak etməsinlər:


«Sülh və Demokratiya İnstitutu olaraq 2005-ci ildən Azərbaycanda siyasi məhbus üzrə məruzəçinin təyin edilməsi uğrunda mübarizə aparırıq. AŞPA sessiyalarına dəfələrlə bununla bağlı müraciətlər etmişik».


Hüquq müdafiəçisi deyir ki, siyasi məhbuslarla bağlı məruzəçinin təyini həmməruzəçilərin Azərbaycana səfərindən sonra hazırlayacaqları qətnamədən asılı olacaq:


«Bu hesabat qurumun yaz sessiyasında müzakirə ediləcək. Siyasi məhbuslar üzrə məruzəçinin təyini məsələsinin sessiyada müzakirəsinə nail olmaq üçün 22 deputatın imzası ilə sessiyaya müraciət olunması lazımdır. Məlumat üçün deyim ki, biz bu məsələnin üzərində ciddi işləyirik. İndiyə qədər Almaniya, İngiltərə, İrlandiya, Hollandiya və digər dövlətlərin AŞPA-dakı deputatları bu məsələdə bizə dəstək verəcəklərini və müraciətə imza atacaqlarını bildiriblər. Hazırda hazırladığımız müraciətə 12-dən çox deputat imza atıb. Prosesi nəzarətdə saxlayır, AŞPA parlamentarilərilə daim yazışırıq. 22 deputatın imzasını alandan sonra məsələni sessiyada müzakirəyə çıxaracağıq. Ola bilsin ki, bu, qurumun mart sessiyasında baş versin».


AŞPA-nın yanvarın 25-də keçirilən iclasında Azərbaycan üzrə həmməruzəçilər – Andres Herkel və Yevgeniya Jivkovanın fevral ayında Azərbaycana səfər etməsi qərara alınıb. Onların hesabatının yekunlarından asılı olaraq AŞPA-nın Azərbaycan üzrə xüsusi məruzəçisinin təyin edilib-edilməyəcəyi qəti bilinəcək. Bu məsələ öz həllini qurumun martın 13-də keçiriləcək növbəti iclasında tapacaq.



«Azadlıq» qəzeti:

14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan «Azadlıq» qəzetinin əməkdaşı, jurnalist-satirik Mirzə Sakit yanvarın 26-dan aclıq aksiyasına başlayır. Bu barədə məlumatı onun həyat yoldaşı Rəna Zahidova verib.


«Bir neçə tələbi var və deyir ki, onlar yerinə yetirilməyincə, aclığı davam etdirəcək. Müalicə müəssisəsinə köçürülməsini, Ombudsmanın ona baş çəkməsini və Mətbuat Şurasının sədri Əflatun Amaşovun istefa verməsini tələb edir. Bundan başqa, Penitensiar xidmətin rəisi Nazim Ələkbərovu da məhkəməyə verib».


R. Zahidova deyir ki, Mirzə Sakitin səhhəti kritik həddədir:


«Bu gün (yanvarın 25-də) zəng vurdu ki, təcili yanıma gəlin, mən də getdim. Vəziyyəti həddən artıq pis idi. Sağ ayağında quruma gedir, ürəyi çox ağrıyır, əsəbləri pozulub, həddən artıq arıqlayıb. İçəridə psixoloji işgəncə verilir, o, da bunlara dözə bilmir. Ona görə də çox əsəbidir... Bilirsiniz ki, Sakitə müalicə müəssisəsinə köçürüləcəyini söz vermişdilər, amma sözlərini yerinə yetirmədilər. İndi həbsxana daxilindəki tibb müəssisəsindədir. Amma həkim nəzarəti demək olar ki, yoxdur. Əslində, ondan analiz götürməlidirlər ki, ayağı nəyə görə quruyur. Ayaqları əvvəllər də çox ağrıyırdı, deyirdik, yəqin revmatizmdəndir. Özləri də gözəl bilirlər ki, Sakit hansı vəziyyətdədir. Amma yenə də heç bir köməklikləri yoxdur. Gecələri yata da bilmir. Deyir, saat dördə qədər oyaq qalıram. Soruşdum niyə belə arıqlamısan, deyir, yeyə bilmirəm. Bütün ərzaqlarını evdən aparıram, amma iştahı yoxdur».



«Mərkəz» qəzeti:


Rəsmi Aşqabadla Azərbaycan arasında əlaqələrin yeni mərhələsi başlayıb. «Buz»un əriməsində iki ölkənin hökumətlərarası komissiyasının yanvarın 17-də Aşqabadda keçirilən ilk iclasının da müstəsna rolu olub...


Bununla belə, Bakı ilə Aşqabad arasında ayırıcı xətlər hələ də mövcuddur. Bunlardan ən önəmlisi isə Xəzərin statusu ilə bağlı məsələdir. Eyni zamanda, Xəzərin statusu üzrə razılığın əldə edilməməsinə səbəb azərbaycanlıların «Kəpəz», türkmənlərin isə «Sərdar» adlandırdıqları neft yatağı ilə bağlı mübahisələrin aktuallığını saxlamasıdır.


İki ölkə arasında Xəzərin delimitasiyası üzrə Azərbaycan-Türkmənistan İşçi Qrupunun növbəti iclası fevralın ilk yarısında Bakıda keçiriləcək...


Politoloq Zərdüşt Əlizadə Xəzərin statusu ilə bağlı Türkmənistanın mövqeyinin yumşalacağını mümkün hesab edir:



«Məncə, Türkmənbaşıya nisbətən Berdımühəmmədov daha praqmatik siyasət yürüdür. O, daha çevik olmağa çalışır və xarici siyasətdə daha çox alternativ variantların mövcudluğunun faydasını anlayır. Məhz buna görə də Berdımühəmmədov Rusiya, Qazaxıstan və Azərbaycanın razılaşdığı prinsipə qoşula və İrandan aralana bilər».


40 milyard barel xam neft olduğu təxmin edilən «Kəpəz» yatağı 1952-ci ildə azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib. Yataq Bakı buxtasından 120, Türkmənbaşı limanından isə 40 kilometrlik məsafədə yerləşir. Bunu əsas gətirən S. Türkmənbaşı vaxtilə bildirirdi ki, iki ölkə arasında məsafə orta xətt üzrə bölünəcəyi təqdirdə, bu yataq Türkmənistanın sahəsinə düşür...


Z. Əlizadə deyir ki, bu məsələdə ümumi razılığa gəlmək üçün ən optimal variant yatağın bir qisminin Türkmənistanla birgə işlənməsi ola bilər:


«Əsassız çəkişmədənsə, Türkmənistanı bu işə cəlb etmək yaxşıdır. Uzaq ABŞ-la, Norveçlə, İngiltərəylə ortaqlıq edən Azərbaycan nə üçün özünün yaxın, əbədi qonşuları ilə neft yataqlarını birgə işlətməsin? Əlbəttə, türkmənlərə nəyisə peşkəş etmək fikri absurddur. Lakin mübahisəni həll etmək üçün hansısa bir ortaq mənfəət əsasında razılaşmaq olar. Yeni konsorsium yaranar ki, onun da üzvlərindən biri Türkmənistan ola bilər».


XS
SM
MD
LG