Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:03

«Fondun vəsaitlərinin əlavə 5 milyard dollar artması gözlənir»


«Fond 2008-ci ildə böyük həcmli pulların daxil olmasını gözləyir»

«Fond 2008-ci ildə böyük həcmli pulların daxil olmasını gözləyir»

«2008-ci il yanvarın 1-dən «Azəri-Çıraq-Günəşli» yataqları üzrə Azərbaycanın pay bölgüsü 25 faizdən 50 faizə çatıb. İlin sonuna qədər bu rəqəm 80 faizədək yüksələ bilər». Bu sözləri Dövlət Neft Fondunun (DNF) icraçı direktoru Şahmar Mövsümov deyir. Onun sözlərinə görə, artıq Fondda 2,5 milyard dollara qədər vəsait toplanıb.


2007-ci ildə DNF-dən 154,1 milyon manat qaçqın və məcburi köçkünlərin məskunlaşdırılmasına, onların sosial-məişət problemlərinin çözümünə, 77 milyon manat Samur-Abşeron su kəmərinin təmirinə, 133 milyon manat Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsinə, 585 milyon manat isə dövlət büdcəsinə transfer edilib.


Şahmar Mövsümovun sözlərinə görə, Azərbaycan neft gəlirlərinin toxunulmazlığı prinsipini deyil, vəsaitin investisiyalara yönəldilməklə artırılması yolunu seçib və bu strategiya dəyişməyəcək.


Ötən il Fonda daxil olan vəsaitin 61 faizini ABŞ dolları, 34 faizini avro, 4 faizini İngiltərə funt sterlinqi təşkil edib. Ancaq 2008-ci ildə valyuta kompozisiyasına dəyişiklik ediləcək: «2008-ci ildə biz ABŞ dollarının xüsusi çəkisini 50 faizə endirəcəyik, avronun xüsusi çəkisini 40 faizə qaldıracağıq. 5 faiz funt-sterlinq, qalan beş faizi isə digər valyutalara investisiya ediləcək».


2008-ci ilin dövlət büdcəsində Dövlət Neft Fondunun gəlirləri üç milyard altı yüz milyon, xərcləri isə bir milyard altı yüz milyon nəzərdə tutulur. Şahmar Mövsümov bu proqnozu pessimist sayır: «Bu proqnoz 50 ABŞ dolları əsasında götürülüb. İlin sonuna qədər Fondun vəsaitlərinin nəzərdə tutulduğundan əlavə 5 milyard dollar artması da gözlənilir».


DNF 2008-ci ildə böyük həcmli pulların daxil olmasını gözləyir. Proses gözlənilən olduğundan hazırlıq işlərinə iki il öncədən başlanıb. Bu ilin ortalarından artıq Fondun işi bütünlüklə avtomatlaşdırılacaq.


Səhm bazarında qiymətlərin enməsi isə icraçı direktorun sözlərinə görə, Dövlət Neft Fondunun gəlirlərini 15 milyon dollar artırıb: «Fondun investisiya etdiyi aktivlər səhm deyil, borc qiymətli kağızlardır. Səhmlərin qiymətləri endiyi zaman borc kağızlarının qiymətinin kəskin artımı müşahidə olunur».


«Turan» İnformasiya Agentliyinin eksperti İlham Şaban da Azərbaycanın neft gəlirlərinin 2008-ci ildə proqnozlaşdırıldığından çox artacağı fikrindədir: «Müxtəlif - geopolitik, mövsümi, spekulyativ amillərdən asılı olan sıçrayışları və enmələri müşahidə edirik».


Şabanın fikrincə, Dövlət Neft Fondunun işinin şəffaflaşdırılmasına da ciddi ehtiyac var. Onun sözlərinə görə, Fondun illik büdcəsi 3 milyon manata çatsa da, bu məbləğin istifadəsinə şəffaf nəzarət mexanizmi yoxdur: «Fondun şəffaflığından danışmaq üçün heç olmasa, onun strukturunu bilmək gərəkdir. Biz heç bilirik ki, orda neçə nəfər işləyir? Fondun icraçı direktorunun və onun müavinlərinin konkret hansı işlə məşğul olduğu belə bəlli deyil».


Günün bütün mövzuları

XS
SM
MD
LG