Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:22

Vahid namizəd məsələsi yenidən aktuallaşır


«Əgər müəyyən uğurlar olarsa və seçkidə ikinci tur baş tutarsa, yenidən vahid namizəd ideyasına qayıtmaq olar»
«Əgər müəyyən uğurlar olarsa və seçkidə ikinci tur baş tutarsa, yenidən vahid namizəd ideyasına qayıtmaq olar»

Dörd müxalifət partiyası və «Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov müxalifətin birgə mübarizəsinin təşkili üçün Koordinasiya Mərkəzi yaratmaq niyyətindədirlər. Müzakirələrdə vahid namizədin müəyyən edilməsi ilə bağlı əslində bir neçə təklif nəzərdən keçirilir. Təkliflərdən biri müxalifət düşərgəsində ən şanslı namizədin müəyyən edilməsi üçün ilkin seçkinin keçirilməsidir. İkinci təklif isə «yumşaq reytinq» səsverməsi adlanır. Bu təklifə görə isə müxalifət düşərgəsində seçkilərə qatılmaq istəyən qüvvələrdən ibarət bir qurum yaradılır. Bu quruma daxil olan hər bir partiya üç namizəd irəli sürə bilər. Bu səsvermənin yekununda da ən çox səs toplayan namizədin üzərində dayanılır. Müzakirələr Müsavat, AMİP, Tərəqqi, ADP və «Azərbaycan Naminə» İctimai Forumun arasında gedir.


Ancaq Koordinasiya Mərkəzinin yaradılması ilə bağlı müzakirələrdə tək vahid namizədin müəyyən edilməsi yox, başqa əməkdaşlıq formaları da nəzərdən keçirilir. «Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov deyir ki, vahid namizəd ideyası baş tutmasa da birgə mübarizə üçün müəyyən imkanlar qalacaq: «Əsas siyasi iradə məsələsidir. Siyasi iradə olarsa, birliyin modelini tapmaq çətin olmayacaq».


Ancaq müxalifət düşərgəsində birgə mübarizə üçün siyasi iradə hələ ki, sözdən o yana getmir. Eldar Namazov deyir ki, əgər vahid namizədin müəyyən edilməsi ilə bağlı fevrala qədər hər-hansı bir qərar qəbul edilməsə, onda müxalifət seçkilərə 3-4 namizədlə getmək məcburiyyətində qalacaq. Onda isə əsas diqqət narazı elektoratın qüvvəsini birgə səfərbər etməyə verilməlidir. Namazovun fikrincə, əgər müəyyən uğurlar olarsa və seçkidə ikinci tur baş tutarsa, yenidən vahid namizəd ideyasına qayıtmaq olar. Ancaq tək vahid namizədin müəyyən edilməsi ilə bağlı yox, ümumilikdə birgə mübarizə istiqamətində müxalifət düşərgəsində hələ ki, ciddi irəliləyişlər müşahidə edilmir. Üstəlik, Koordinasiya Mərkəzini yaratmaq istiqamətində müzakirələr aparan siyasi qüvvələrin özləri də birgə mübarizə ilə bağlı əməli işlərə başlamayıblar. Koordinasiya Mərkəzinin yaradılması ilə bağlı müzakirələrdə iştirak edən Müsavat başqanı İsa Qəmbər bunun səbəbini belə izah edir: «Əslində, bu gün prioritet müxalifətin hansısa rəsmi formatda birləşməsi deyil. Əsas prioritet seçki mühitinin, Seçki Məcəlləsinin dəyişdirilməsidir. Hamı da bunu başa düşür».


Koordinasiya Mərkəzinin yaradılması prosesində iştirak etməyən «Azadlıq» blokunun həmsədrlərindən Əli Əliyev deyir ki, diqqət əsas məsələlərdən yayındırılmamalıdır: «İnsan haqları təmin edilmirsə, mətbuat azadlığı yoxdursa, sərbəst toplaşmağa imkan verilmirsə və komissiyalar bir qüvvənin nəzarəti altındadırsa, belə müzakirələrin nə əhəmiyyəti var».


Bəzi siyasi müşahidəçilər də müxalifət düşərgəsində birgə mübarizə ilə bağlı müzakirələrə real baxmırlar. «Ayna» qəzetinin şərhçisi Azər Rəşidoğlu deyir ki, müxalifət düşərgəsində vahid namizəd ideyası çoxdan uğursuzluğa uğrayıb. Onun sözlərinə görə, əgər vahid namizəd ideyası istiqamətində əməli addımlar atılmasa, bu düşərgənin seçkidə ciddi uğur qazanacağı inandırıcı görünmür. Rəşidoğlu deyir ki, seçkidən sonra isə müxalifət qüvvələri əvvəl üzərlərinə hansı öhdəliklər götürmələrindən asılı olmayaraq bir qayda olaraq bir-biriləri ilə mübarizə aparırlar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG