Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:23

«Dəm»lənirik... Dəm qazı ilə zəhərlənənlərin sayı günbəgün artır


Zəhərlənmənin əsas səbəbi sobaların standartlara uyğun olmamasıdır

Zəhərlənmənin əsas səbəbi sobaların standartlara uyğun olmamasıdır

Son həftə ərzində Bakıda dəm qazından zəhərlənən və dünyasını dəyişənlərin sayı rekord həddə çatıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dəm qazından ölənlərin sayı 20 nəfərdir. Kliniki Tibbi Mərkəzinin toksikologiya bölməsindən verilən məlumata görə, ilin əvvəlindən bəri 130 vətəndaş dəm qazından zəhərlənmə diaqnozu ilə bura müraciət edib.


Rəsmi qurumlardan «Ekspress»ə verilən açıqlamalara görə, dəm qazından zəhərlənmə və ölümlərin başlıca səbəbləri borularla bacaların vaxtında təmizlənməməsi, habelə istifadə edilən qaz sobalarının standartlara uyğun olmamasıdır.


Qəzet yazır ki, «mövcud qaydalara görə, hər il soyuqlar düşməmiş yaşayış binalarının bacaları təmizlənməlidir. Lakin «JEK» adlandırılan mənzil-istismar idarələri və sahələri bu işlə ya vaxtında məşğul olmur, ya da bacaları ümumiyyətlə, təmizləmirlər.


Fövqəladə Hallar Nazirliyi dəm qazının doğurduğu faciəli hallarla bağlı situasiyanı nəzərə alaraq əhaliyə müraciət edib və vətəndaşları qeyri-standart isidicilərdən istifadə etməməyə çağırıb.


Kəskin soyuqların geridə qaldığını nəzərə alsaq, bu müraciəti bir qədər gecikmiş də hesab etmək olar. Lakin problem aktuallığını itirməyib: hər halda Səhiyyə və Fövqəladə Hallar Nazirliyinin mənsubları belə deyirlər».


«Ayna» yazır ki, Rusiya nəşri Mehriban Əliyevanı «ilin adamı» elan edib.


«Rusiyanın «Novoye Russkoye Slovo» («NRS») qəzeti 2007-ci ildə postsovet ölkələrində «xalqın istəklilərinə çevrilmiş insanların» siyahısını dərc edib. «NRS» Azərbaycanda «ilin adamı»nın prezidentin xanımı Mehriban Əliyeva olduğunu bildirir. «O, əsas etibarilə xeyriyyə fəaliyyəti ilə məşğul olub. Onun səyləri nəticəsində ölkənin uzaq yerlərində çoxlu sayda məktəblər açılıb, xeyriyyə aksiyaları təşkil edilib. Səhiyyə sahəsində beynəlxalq humanitar seminar və tədbirlərdə iştirak etməsi M.Əliyevaya Ümumdünya Səhiyyə Təşkilatının ailə sağlamlığı fondunun mükafatını gətirib. Ötən illərdə «birinci ledi» UNESCO və İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bu onun rəhbəri olduğu Heydər Əliyev Fonduna beynəlxalq şöhrət gətirib».


«NRS» Ermənistanda baş nazir Serj Sərkisyanı «ilin adamı» elan edib. Bildirilir ki, onun fevralda Ermənistanda keçiriləcək prezident seçkilərində qalib gəlmək şansları yüksəkdir, ona ciddi rəqib olmaq, demək olar, mümkün deyil.


Gürcüstanda prezident Mixail Saakaşvili, Türkmənistanda xarici işlər naziri Rəşid Meredov, Özbəkistanda prezidentin böyük qızı Gülnarə Kərimova və başqaları «ilin adamı» tituluna layiq görülüblər.


«Yeni Azərbaycan» ölkənin mövcud ekoloji durumu ilə bağlı məqalə dərc edib. Qəzet yazır ki, «sudan və havadan ziyan gəlməz». «Su hövzələrindən 1332, atmosfer havasından 149 analizin nəticələri bunu deməyə əsas verir».


«Seçkiöncəsi situasiya normal məcrada inkişaf edir»-, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı «Üç nöqtə»yə belə deyib.


«Hətta müxalifət mətbuatına diqqət yetirsək, görərik ki, müxalif partiyalar içərisində seçkilərdə iştirak edəcək namizədin müəyyənləşdirilməsi ilə əlaqədar geniş müzakirələr gedir. Ayrı-ayrı partiyaların seçkilərə qatılacaq namizədləri, partiya sədrləri öz mövqelərini açıqlamaqda, bu yöndə müsahibələr verməkdədirlər. YAP-ın bu məsələdə hansısa bir problemi yoxdur. Partiyanın seçkilərə qatılacaq namizədi çoxdan bəllidir. Bu şəxs partiyanın sədri və dövlət başçısı İlham Əliyevdir. YAP da namizədinin qələbəsini təmin etmək üçün öz üzərinə düşən vəzifələri layiqincə, ardıcıl olaraq yerinə yetirməkdədir»-, deyə M.Qurbanlı bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG