Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:41

İsa Qəmbər yalnız İlham Əliyevi özünə rəqib görür


Müsavat Partiyasının qərargahı, 21 yanvar 2008
Müsavat Partiyasının qərargahı, 21 yanvar 2008

Müsavat Partiyasının Bakının 7-ci mikrorayon ərazisində yerləşən qərargahında sakitlikdir. 2003-cü ilin prezident seçkisindən sonra şəhərin mərkəzindəki qərargahından çıxarılan partiya artıq beş ildir orda məskunlaşıb.


Müsavat Partiyası 2008-ci ilin prezident seçkisində iştirakla bağlı artıq qərarını verib və öz namizədini müəyyənləşdirib. Əvvəlki illərdə olduğu kimi, bu il də partiya seçkilərə başqanı İsa Qəmbərin namizədliyi ilə gedir.


Partiyanın Seçki Departamentinin müdiri Gülağa Aslanlı deyir ki, əsas planları ilk növbədə bütün namizədlərə bərabər imkanların yaradılması, seçki mühitinin şəffaf və ədalətli olması, Seçki Məcəlləsinə dəyişikliklər edilməsidir.


Onun sözlərinə görə, ən çətin iş əhalinin yenidən azad, şəffaf seçkilərdə iştiraka inandırılması olacaq.


Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da Gülağa Aslanlıyla razıdır: «Düşünmürəm ki, Müsavat Partiyası üçün seçki kampaniyası aparmaq asan olacaq. Çünki partiya strukturlarının maliyyələşməsi məsələsi kifayət qədər ağırdır. Bir çox rayon təşkilatlarındakı qərargahlar əlimizdən alınıb. Ancaq partiya strukturlarında olan adamların haqqı ödənilməyən fədakar əməyinə ümid bəsləyirik. Həm də düşünürük ki, seçki kampaniyası yaxınlaşdıqca, ölkədə siyasi vəziyyət əsaslı şəkildə dəyişəcək. Cəmiyyət dəyişikliklər istəyir».


Partiyanın başqanı İsa Qəmbərsə bildirir ki, seçki təcrübəsi olduğundan Müsavat üçün seçkiyə hazırlıq çətin deyil. O, düşünür ki, bu ilki prezident seçkisində fəallıq 2003-cü ildəkindən daha artıq olacaq. Qəmbər bu seçkidə özünə rəqib prezident İlham Əliyevi görür: «Mən bütün seçkilərdə özümə yalnız Əliyev rejiminin nümayəndələrini rəqib görmüşəm. Çünki hakimiyyət onlardadır və seçkiləri onlar saxtalaşdırırlar. 2003-cü ildəki «exit-poll»arın nəticələrinə və obyektiv müşahidəçilərin rəylərinə görə, mən İlham Əliyevə qalib gəlmişdim. Bu ildə İlham Əliyevdən daha çox səs toplayacağıma şübhə etmirəm. Ancaq səslərin taleyi necə olacaq? Bu, təkcə məndən yox, cəmiyyətin fəallığından, bir sıra daxili və beynəlxalq amillərdən asılı olan məsələdir».


İsa Qəmbər partiyasının bu ilki seçkilərə yeniliklər və sürprizlərlə gedəcəyini bildirsə də, onlar haqda hələlik məlumat vermək istəmədi.


Rəsmi rəqəmlərə görə, 2003-cü ilin prezident seçkisində Müsavat Partiyasının başqanı İsa Qəmbər seçicilərin təxminən 13 faizinin səsini qazanıb. Müsavat Partiyası isə həmin vaxt seçkidə 60 faiz səs topladığını bildirmişdi.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG