Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:16

«Şəhidlərə «maya» qoymaq»


«Şəhidlər milləti psixi yoxsulluqdan çıxardılar»

«Şəhidlər milləti psixi yoxsulluqdan çıxardılar»

«Gün səhər» qəzetində bu sərlövhə ilə dərc olunmuş məqalədə müəllif Günel Mövlud yazır:

«... Mən hər il bu gün (yanvarın 20-si) televiziyada qəmli-kədərli tütək, ney, qoboy, kaman səsini dinləyib, qəmli-kədərli xatirələri danışan adamlara baxıb, 20 Yanvar mövzusunu illərdir ki, öz inhisarına almış «Xural» qəzetini oxuyub, zırıldamağın tərəfdarı deyiləm. Adamın əxlaqı olar, mən demirəm ki, 20 Yanvar gününü biz toy bayram etməliyik, yox sadəcə, başda xalq özü olmaqla, iqtidarlı-müxalifətli, siyasətçili-mətbuatlı, bu 20 Yanvar faciəsini böyük bir kədər şousuna, dərd şousuna çevirməyin tərəfdarı deyiləm.


Özü də mən uşaqlıqdan bu yana 20 Yanvar məsələsində heç kimin səmimi olmadığını bilirəm. Dərdi, kədəri bu qədər böyük, bu qədər ağrılı olan, 20 Yanvarı yadına salan xalq, hakimiyyət ilin aman-zaman bircə günü - faciənin ildönümünə bircə gün qalmış şəhidlərə «maya» qoymaz. Yəni təkcə həmin gün Şəhidlər Xiyabanında iməcilik eləməz, pilləkənlərə xalça salmaz, qəbirlərin tozunu almaz, başdaşı şəkillərini silib-parıldatmaz, çiçəklərini dəyişdirməz...»




Professor Niyazi Mehdi isə «Mərkəz» qəzetinə «20 Yanvar»ın xeyrindən danışır:


«Freydin bir dedisi var: «kollektiv psixi yoxsulluq». Psixi yoxsulluq nədir? Odur ki, insanlar dürlü duyğuları, yəni böyük sevinci, dərin kədəri, heyranlığı, qəzəbi və s. yaşamırlar. Key, donuq, boz halda başlarını girləyirlər. Millətin əsl musiqisi, əsl sənəti, əsl törənləri və ərənləri ulusu bu psixi yoxsulluqdan çıxarır. Deyə bilərik ki, 20 Yanvar şəhidləri həm indinin, həm də gələcəyin Azərbaycanı və azərbaycanlıları üçün milli psixi yoxsulluqdan çıxaran parlaq rəmzlərdir. Bu yerdə bir təəssüfü bildirmək istərdim: yazıqlar olsun ki, biz 20 Yanvardan ancaq ağlaşmanı çıxarmaq istəyirik».


«Heç bir xalqa qəhrəmanlar azlıq etmir. Hər bir xalqın tarixi elə olmalıdır ki, hər dönəmi gələcək üçün parlaq örnəklər, olaylar, şəxsiyyətlər versin», - deyən filosof 20 Yanvarı «millətin son «kosmik» qəzalarından biri» kimi dəyərləndirir. Bir də belə qəzanın xalqa urcah olmamasını arzulayan Niyazi Mehdiyə görə, fədailik də, şəhidlik də məhz bu qəzalarla qoşalıqda olur.



«Yeni Müsavat» qəzeti yazır ki, Nəqliyyat Nazirliyinin (NN) sifarişi əsasında Azərbaycana 3200 ədəd «Mercedes E-200» markalı avtomobil gətiriləcək. Onlardan Bakıda taksi kimi istifadə edilməsi nəzərdə tutulub. NN-nin bu qərarı isə əhalinin narazılığına səbəb olub. Sadə vətəndaşlar ölkədə taksi probleminin olmadığını və yeni avtomobillər üçün ayrılan vəsaitin daha vacib sahələrə yönəldilməsini məqsədəuyğun hesab edirlər. Mütəxəssislər və taksi sürücüləri isə həddən artıq baha qiymətə olan «Mercedes E-200»lərin gəlir gətirməyəcəyini deyir.


Lakin NN yeni taksilərin gəlirlə işləməsinin «yeni üsulu»nu tapıb.


«Yeni Müsavat»ın əldə etdiyi məlumata görə, NN-in təşəbbüsü ilə qanun layihəsi hazırlanır. Bu ilin əvvəllərində qəbul edilməsi nəzərdə tutulan qanunda fərdi avtomobillərdən taksi kimi istifadə edilməsinin yasaqlanması nəzərdə tutulub…


NN bu istiqamətdə artıq bir sıra addımlar da atıb. Yeni gətirilən avtomobillərdə taksometrlər quraşdırılacaq. Sərnişin taksometrin düyməsini basmaqla ödəməli olduğu pulun qəbzini alacaq. Bundan əlavə, yeni taksilərdə quraşdırılacaq xüsusi qurğunun köməyi ilə avtomobilin hərəkət trayektoriyasını müəyyənləşdirmək mümkün olacaq. Yeni taksilərdə işləyən sürücülərə isə aylıq məvacib veriləcək. NN ən son texnologiyaların köməyi ilə sürücülərin əlavə qazancının qarşısını almış olacaq. Belə ki, taksi sürücüsünün gün ərzində əldə etdiyi gəliri taksometrlə və hərəkət trayektoriyası ilə müəyyən etmək mümkün olacaq. Yeni taksilərdən istifadə qiymətlərinin isə Tarif Şurası tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur.


Şəxsi maşınlarından taksi kimi istifadə edən sürücülər NN-in yeni qaydalarını sərnişindaşımada inhisarçılıq kimi dəyərləndirir.


İlqar adlı taksi sürücüsü NN-in planları barədə artıq xəbərdar olduğunu bildirir:


«Nazirliyin müfəttişləri də bu barədə danışır. Mən öz maşınımla müştəri daşıyıram. Dövlətə ayda 18 manat rüsum ödəyirəm. Gündəlik qazancım 15-20 manat arasında olur. Bununla da həm ailəmi birtəhər dolandırır, həm də dövlətə xeyir verirəm. Yeni taksilər isə bizim bazarımızı öldürəcək, bir də dövlət bundan xeyir götürə bilməyəcək. Əgər şəxsi maşınlardan taksi kimi istifadə edilməsi qadağan olunsa, Bakıda minlərlə adam işsiz qalacaq. Şəxsən mən bu fikrin əleyhinəyəm…».


XS
SM
MD
LG