Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:05

«Oğlum mənim üçün həmişə 27 yaşında qalacaq…»


18 il keçsə də Əzizə İsmayılova o gecəni, o gecə baş verənləri necə var, elə də xatırlayır
18 il keçsə də Əzizə İsmayılova o gecəni, o gecə baş verənləri necə var, elə də xatırlayır

«19-u axşam, saat 11 idi, gördüm ki, küçədə millət yığılıb. Soruşdum ki, nə olub? Dedilər, tanklar gələcək, ona görə bura yığışmışıq. Gəldim evə, soruşdum ki, Cavad hanı, uşaqlar dedilər işdədir, arxayın oldum, bir də gördüm fişəng atırlar…»


Üstündən 18 il keçsə də Əzizə İsmayılova o gecəni, o gecə baş verənləri necə var, elə də xatırlayır. O gecə ayaq üstə olub, ora-bura qaçıb, yaralılara kömək edib, bütün gecə baş verənlərin şahidi olub, o gecə 27 yaşlı oğlu Cavadı itirib.


«Çıxdım bayıra, qırmızı, yaşıl işıqlar vardı göydə. Aşağı düşdüm, qonşumuzun oğlu yerə yıxılmışdı, ayağından güllə dəymişdi, gətirib blokun ağzına qoydum. Təzədən qaçdım, elə bil yatmışdım, yuxudan oyandım. Qaçdım, aşağı. Yenə iki ayağından vurulmuş başqa bir qonşumu gördüm, onu bloklarının ağzına qoyduq, ondan sonra daha yatmadım...»


Həmin gecə ancaq böyük oğlunu axtarıb, arxayın olub ki, kiçik oğlu Cavad işdədir. Gecə neçə dəfə evlərinin yaxınlığında olan metronun indiki «20 yanvar» stansiyasına gedib-gəlib. Qonşunun oğlanları isə narahatlıqla ondan neçə dəfə böyük oğlunu soruşublar.


«Nəhayət böyük oğlum Vahab gəldi, qolundan yaralıydı. Qonşular yenə onu çağırdılar, məndən qabaq aşağı düşmüşdü. Mən aşağı enəndə gördüm, başını divara vurur, nə olub dedi bəs Cavad ayağından yaralanıb. Güllə başımızdan yağa-yağa getdik «Semoşkaya».


Xəstəxanada oğlundan xəbər verən olmayıb, xəstəxananı ələk-vələk eləyib, nəhayət oğlunu tapıb.


«Xəstələri döşəklərə qoyub, ordan-ora aparırdılar. Ölənləri divarın dibinə yığırdılar. Çox axtardım, Cavadı tapdım, gördüm ki, koridora yerə qoyublar, ayaqları yerindəydi, sinəsində nəlbəki boyda yara vardı. Həkim dedi qan lazımdır, iki tələbə qız gəlmişdi, biri dedi mənim qanım düşür. Həmin vaxt hərbçilər tökülüb, gəldilər, işıqları söndürdülər. Dedim ona (rusca deyir) sənin anan yoxdur, avtomatın qundagıyla sinəmdən vurdu...»


Həmin gecə işıqlar da yanıb, oğluna qan vurublar, ancaq gec olub.


«Gülürdü, dedim nəyə gülürsən, dedi bədənim buz kimidir, deyəsən qızın da qanını özümlə aparacağam…»


Əzizə İsmayılova həmin gün yenə evinə qayıdıb, yenə xəstəxanaya gəlib, yenə xəstəxanada oğlunu axtarıb, yenə tapıb.


«Tapdım. Üzünü örtmüşdülər. Gördüm oğlum artıq yoxdur, cərrah bıçağıyla özümü vurdum. Özümə gələndə dedim yardım edin oğlumu evə aparım. Yolda evə getməkdən daşındım, məscidə getdik, tabuta qoydular, dedilər evə getmirik. «Göy məscid»dən piyada tabutun dalıyca dəli kimi gəlirdim, çatdıq, bütün tabutları yerə qoyurdular. Hökumət Evini qarşısıydı. Ordan da götürüb apardılar Xiyabana. Dəfn oldu. Camaat ağlayır, mən baxırdım, o gündən hər gün Xiyabana qaçıram».


Həmin vaxt Əzizə İsmayılovanın oğlunun 27 yaşı varmış, indi 45. Deyir ancaq o mənimçün həmişə 27 yaşında qalacaq.


«Onda böyük qızı 3 yaş yarımlıqdı, kiçik qızı 1 yaş yarım. İndi böyüyünü gəlin köçürmüşəm, o birisi də nişanlıdır. Əmisi oğlu Mikayıl Müşfiq də 27 yaşında getdi, o da. Həmişə mənimçün o yaşda qalacaq…»


Əzizə İsmayılova indi oğlunun şəkillərindən təsəlli tapır. Kiçik otağını bir hissəsinə Cavadın şəkillərini, bir hissəsinə həyat yoldaşının əmisi oğlu, 37-ci ili qurbanı şair Mikayıl Müşfiqin şəkillərini vurub.


«Bura Mikayıl Müşfiqə aiddir, bu şkaf da onundur, bu da kitabları, bura da Cavada aiddir».


Əzizə İsmayılova deyir ki, indinin özündə də öz başını dolandıra bilir, ancaq oğluna olan münasibətdən çox incikdi.


«1993-cü il idi. Yuxuda gördüm, dedi gəlib yoxlamırsan, getdim iş yerinə, şüşə zavoduna. Əvvəllər qapının ağzında şəkli, içəridəsə büstü vardı. Heç biri yox idi. Ağladım-sızladım, içəri buraxdılar, şəkli olan daşı zavodun zibilliyindən tapdım. Götürüb gəldim, evimdə saxlayıram. Buna görə neçə dəfə şikayət etdim, hələ heç kim bu vaxta şikayətimə baxmayıb…»


Bu, 20 yanvar gecəsinin şahidi və o gecə oğlunu itirən Əzizə İsmayılovanın hekayəsiydi...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG