Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:13

Tezliklə Berdımühəmmədov Azərbaycana səfər edəcək


Yeni prezident seçiləndən sonra Bakı ilə Aşqabad arasında müəyyən yaxınlaşma hiss olunur
Yeni prezident seçiləndən sonra Bakı ilə Aşqabad arasında müəyyən yaxınlaşma hiss olunur

Tezliklə Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov Azərbaycana səfər edəcək və münasibətlərin inkişafında «yeni mərhələ başlayacaq». Bu barədə qərar iki ölkənin yüksək səviyyəli hökumətlərarası komissiyasının Aşqabadda başa çatmış ilk iclasından sonra elan olunub.


İclasda Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubovun başçılığı ilə nümayəndə heyəti iştirak edib. Türkmənistan tərəfini isə bu ölkənin Nazirlər Kabinetinin sədr müavini Xədər Səfərəliyevin rəhbərlik etdiyi heyət təmsil edib.


Görüşdə iştirak etmiş Xarici İşlər nazirinin müavini Xələf Xələfov «Azadlıq» radiosuna bildirib ki, Bakı ilə Aşqabad öz aralarında münasibətləri daha da genişləndirməyə və illərdir ki, açıq qalan məsələlərin həllinə yaxındırlar.


İki ölkə arasında münasibətlər son illər Aşqabadın Xəzərdəki pay iddiası və Azərbaycanın Türkmənistana olan borcu üzündən gərilmişdi. Ancaq 2006-cı ildə Türkmənbaşı Saparmurad Niyazovun vəfatı və bu ölkəyə yeni prezidentin seçilməsindən sonra Bakı ilə Aşqabad arasında müəyyən yaxınlaşma müşahidə olunmağa başladı. İki ölkə Xəzərin hüquqi statusu ilə bağlı danışıqları davam etdirməyə başlayıblar.


Hər iki tərəf dənizin milli sektorlarının orta xətt üzrə bölünməsini vacib saysa da, mövqelərdəki fərq orta xəttin koordinatlarının müəyyən edilməsi prinsiplərindədir. Xüsusilə də Azərbaycanda «Kəpəz», Türkmənistanda isə «Sərdar» adlandırılan neft yatağının taleyi məsələsində mübahisələr hələ də aktual qalır. Bu mübahisələr ucbatından 6 il bundan əvvəl Türkmənistanın Bakıdakı səfiri geri çağırıb.


Təqribən 40 milyard dollar dəyərində qiymətləndirilən mübahisəli yataqla bağlı Azərbaycan artıq kompromis təklifini verib. Bakı yatağın birgə işlənilməsinə tərəfdardır. Bakıda habelə diqqəti buna yönəldirlər ki, mübahisəli yatağı ilk olaraq ötən əsrin 80-ci illərində Azərbaycan neftçiləri tapıb və orada ilk kəşfiyyat quyusunu qazıblar. Yataqda təqribən 100 milyon ton neft olduğu güman olunur.


Hökumətlərarası komissiyaların görüşündə Azərbaycanın vaxtilə aldığı türkmən qazına görə ödəməli olduğu borc məsələsi də müzakirə olunub. Bakı bu rəqəmin 15-20 milyon dollar, Aşqabad isə 30 milyondan çox olduğunu iddia edirdi. Yaranmış mübahisə üzündən Azərbaycan 1995-ci ildən Türkmənistandan qaz almaqdan imtina edib. Ötən il bu məsələ ilə bağlı iki ölkənin maliyyəçilərinin Bakıda keçirilən görüşü də konkret nəticə verməyib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG