Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:10

Dəm qazından boğulmanın səbəbi nədir?


«Dəm qazının içəri sızmasının səbəbi tüstü bacalarının vaxtında təmizlənməməsidir»

«Dəm qazının içəri sızmasının səbəbi tüstü bacalarının vaxtında təmizlənməməsidir»

Son günlər Bakıda dəm qazından boğulanların sayı artıb. Müşahidələrə görə, belə faktlara daha çox qış aylarında rast gəlinir. Bakı sakini Mədinə Nəcəfova deyir ki, o da dəm qazından zəhərlənib: «Bir neçə gün əvvəl hamamda çimirdim. Birdən özümü pis etdim, gözümü açanda gördüm ki, yerdəyəm. Bir təhər özümdə güc tapıb ayağa qalxdım və soyuq duş qəbul etdim».


M.Nəcəfova deyir ki, yaxşı ki, həkim qardaşı onu əvvəlcədən xəbərdar edibmiş; əgər dəm qazından zəhərlənərsə, tez soyuq duş qəbul etsin. Amma dəm qazından zəhərlənmə heç də həmişə fəsadsız ötüşmür. Kliniki Tibb Mərkəzin toksikologiya şöbəsinin rəhbəri, tibb elmləri namizədi Azər Maqsudov deyir ki, onlara bununla bağlı çoxlu müraciətlər olur: «Keçən ilin dekabrın 23-dən sonra 120 nəfər müraciət edib».


Maqsudov bildirir ki, müraciət edənlərin heç də hamısı qızdırıcı sobalardan zəhərlənmir, onların arasında hamamda çimərkən də zəhərlənənlər olur.


Azərbaycan Elmi Tədqiqat və Layihə Qaz İnstitutunun professoru Rüstəm Bağırov isə deyir ki, evlərdə dəm qazının yaranmasına səbəb hava çatışmazlığı olur.


Dəm qazından zəhərlənmə hadisələrinin daha çox qış aylarına təsadüf etməsinə toxunan bəzi mütəxəssislər isə deyirlər ki, qazın donmaması üçün ona metanol maddəsi vurulur. Bu maddə isə olduqca zəhərlidir. Professor Rüstəm Bağırov da qaza metanol maddəsinin qatılmasını istisna etmir: «Bu maddə çox zəhərlidi, adamı kor edir, öldürür».


Xarici qızdırıcı sobalara gəlincə, professor hesab edir ki, Azərbaycanda verilən qaz bu sobaların standartlarına uyğun gəlmir: «Tərkibi qənaətbəxş deyil».


«Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin Qaz Təsərrüfatı İstismarı İdarəsinin rəhbəri Vaqif Namazov isə ölkədə istifadə edilən qazın tərkibiylə bağlı problem olmadığını deyir. O, həmçinin bildirir ki, qaza metanol vurmurlar: «Onu kim deyir? Biz xalqın düşməniyik? Onu deyən adamı mən məhkəməyə verərəm».


Vaqif Namazov dəm qazının içəri sızmasının səbəbini tüstü bacalarının vaxtında təmizlənməməsində görür. Bununla razılaşmayan Xətai rayon 93 saylı Mənzil İstismarı İdarəsinin mühəndisi Samir Mehdiyevin sözlərinə görə, onlar hər il soyuqlar düşməmişdən bütün binaların tüstü bacalarını təmizləyirlər. Bununla yanaşı, şikayət olarsa, blokun ventilyasiya sistemi yenidən təmizlənir.


Günün bütün mövzuları

XS
SM
MD
LG