Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:44

Hökumət köçkünlərin problemlərini həll etməyə çağırılır


«İşsizlik və digər sosial problemlər məcburi köçkünlər üçün əngəllər törədə bilər»

«İşsizlik və digər sosial problemlər məcburi köçkünlər üçün əngəllər törədə bilər»

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Azərbaycan hökumətini məcburi köçkünlərin ərzaq və daimi məşğulluq problemlərini həll etməyə çağırır. Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri Linn Miller «Azadlıq» radiosuna bildirib ki, dörd aydan sonra ÜƏP ölkə üzrə fəaliyyətini başa vuracaq və məcburi köçkünlərin ərzaqla təminat məsuliyyətini Azərbaycan hökumətinə ötürəcək.


Bununla belə, təşkilatda narahatdırlar ki, işsizlik və digər sosial problemlər məcburi köçkünlərin ərzaq təhlükəsizliyi üçün davamlı əngəllər törədə bilər: «Məcburi köçkünlərin bizdən aldıqları humanitar yardımdan əlavə, yaşayış üçün digər gəlirləri də mövcuddur. Amma ərzaq təhlükəsizliyi olan yerdə onların məsələn, səhiyyə problemləri də artıq həll edilmiş olur. Buna görə də daimi məşğulluq vasitəsilə insanların tələbatının ödəməsi ən düzgün yol olardı. İşsizlik problemi təkcə məcburi köçkünlər üçün deyil, ümumölkə miqyaslı problem olduğundan bölgələrdə iqtisadi baxımdan əsaslı məşğulluq sistemləri yaradılmalıdır».


Xanım Miller onu da vurğulayıb ki, ÜƏP məcburi köçkünlərin ərzaq məsuliyyətini hökumətə ötürdükdən sonra bu prosesi düzgün həyata keçirmək üçün onlara treninqlər də keçəcək. İlk treninq yanvar ayında başlanacaq.


Son üç ayda ÜƏP ərqaz verdiyi 130 min köçkündən 55 minini Azərbaycan hökumətinə həvalə edib.


L.Miller həmçinin beynəlxalq donorları təşkilatın Azərbaycanda fəaliyyətinin son bir neçə ayını həyata keçirmək üçün daha çox yardım ayırmağa çağırıb.


İndiyədək ÜƏP tərəfindən Azərbaycanın məcburi köçkünlərinə ayrılan yardımın dəyəri 103 milyon dollar olub. Yardımlar hər iki aydan bir verilir. Bura əsasən adambaşına 12 kq un, 1.2 kq bitki yağı, 900 qr şəkər tozu və 300 qr yodlaşdırılmış düz daxildir.


Günün bütün mövzuları

XS
SM
MD
LG