Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:32

Azərbaycan Cənubi Qafqazda iqtisadiyyatı «ən azad olmayan ölkədir»


«Azərbaycan reytinqini pisləşdirə-pisləşdirə gedir»

«Azərbaycan reytinqini pisləşdirə-pisləşdirə gedir»

Azərbaycan Cənubi Qafqazda iqtisadiyyatı «ən azad olmayan ölkədir». «Heritage» Fondunun «Wall Street Journal» qəzeti ilə birgə gəldiyi nəticədə belə deyilir.


Siyahıda Azərbaycan 157 ölkə arasında 107-ci yerdədir. Gürcüstan 32-ci, Ermənistan isə 28-ci pillədə qərarlaşıb.


Hesabata görə, Azərbaycanda iqtisadi azadlıq yalnız İran, Türkmənistan, Kuba, Şimali Koreya və Zimbabve kimi ölkələrdən irəlidədir.


İqtisadi azadlıq indeksi dedikdə, hər bir ölkənin ticarət, biznes və investisiya azadlığı, o cümlədən də mülkiyyət hüququ nəzərdə tutulur.


Hesabatda dövlətin iqtisadiyyata müdaxiləsi, monetar, fiskal və ticarət siyasəti, vergi dərəcələri, biznes azadlığı ayrı-ayrılıqda qiymətləndirilib.


«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin sədri, iqtisadçı Azər Mehtiyev deyir ki, Azərbaycanın bu hesabatda aldığı yer heç də təsadüfi deyil. Ölkə iqtisadiyyatında son illər aparılan siyasət onun nəinki Cənubi Qafqaz ölkələrindən, az qala bütün MBD ölkələrindən də geri qalmasına səbəb olub. Mehtiyev bildirir ki, Azərbaycandan fərqli olaraq, həm Ermənistanda, həm Gürcüstanda, eləcə də Qazaxıstan və Qırğızıstanda son illər biznes, sahibkarlıq sahələrində daha çox işlər görülüb.


İqtisadçı Əli Əlirzayev isə deyir ki, iqtisadi azadlıqlar indeksi subyektiv xarakterlidir, amma tam iqtisadi azadlıq da mümkün deyil: «Hesablama metodikası subyektiv amillərdən də asılıdır. Amma demək olmaz ki, Azərbaycan iqtisadiyyatı tam azaddır. Bəzi proseslər var ki, onlar hələ tam həll olunmayıb».


Amma rəsmilər hesab edirlər ki, son dövrün iqtisadi nailiyyətlərini unutmaq olmaz. Azərbaycanın beynəlxalq layihələrdəki yeri, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi, ölkə qazının artıq Qərbə ixrac olunması kimi məsələlərə dırnaqarası baxmaq olmaz.


Elə prezident İlham Əliyev də keçən həftə hökumətin iclasında deyib ki, ölkə iqtisadiyyatı son illər sürətlə inkişaf etməkdədir. Ümumi Daxili Məhsul təxminən 25 faiz artıb. Son dörd ildə iqtisadiyyatın həcmi 96 faiz (təxminən iki dəfə) artıb ki, bu da dünyada analoqu olmayan bir göstəricidir.


İqtisadçı Qubad İbadoğlu isə başqa fikridədir. O, hesab edir ki, ölkədə iqtisadiyyat liberallaşmadıqca, ölkənin mövqeyi bu və ya digər təşkilatların hesabatında ilbəil zəifləyəcək: «Liberal və azad olmayan, iqtisadi baxımdan müəyyən məhdudiyyətlərlə, yersiz müdaxilələrlə üzləşən Azərbaycan son nəticədə reytinqini pisləşdirə-pisləşdirə gedir».


«Heritage» Fondunun hesablamasına görə, dünyada iqtisadiyyatı ən azad olan ölkə Honk Konq, daha sonra Sinqapur və İrlandiyadır. Ən pis vəziyyət isə Şimali Koreyadadır.


XS
SM
MD
LG