Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:24

«2007-ci ildə Azərbaycanda inflyasiya 16 faizdən çox olub. Əhalinin pul gəlirləri isə 38 faiz artıb. Beləliklə, real gəlirlər 22 faiz səviyyəsində olub. Ancaq onu da bilməliyik ki, əhalinin pul gəlirləri bərabər şəkildə bölünmür. Kasıb təbəqə var. 16 faiz vətəndaşlarımız yoxsulluq səviyyəsində yaşayırlar».


Prezident İlham Əliyev bu sözləri Nazirlər Kabinetinin 2007-ci ilin yekunları ilə bağlı keçirilən müşavirəsində deyib. O, bildirib ki, ölkədə yoxsulluq həddinin minimuma endirilməsi üçün hökumət 2008-ci ildə daha ciddi addımlar atacaq.


Bu müşavirəni dinləmiş Bakı sakinləri isə eşitdikləri ilə gördükləri arasında fərqlər olduğunu deyirlər:


- Hanı azalıb? Baxın millətə, bunların pulu var? Hamısı acından ölür.


- Yoxsulluğun səviyyəsi azalmayıb. İşsizlər adamın ağzına girir. Biz çox istərdik ki, prezidentin dediyi sözlərə əməl olunsun. Ancaq əməl olunmur. Dediyini deyir, ancaq əslində, belə deyil.


- Cibimdə 7 manatım var. Bu günə də iş demişdilər, o da alınmadı.


- Sovetlər vaxtı işləyirdik, yaxşı da dolanırdıq. İndi pensiya alıram. Pensiya alan yaxşı dolanar?


- Hökumət dəyişməyənə qədər heç nə dəyişməyəcək.


- 17 ildir bu hökumət vətəndaşlar üçün heç nə edə bilmir.


- Ehtiyatda olan zabitəm. Aldığım pensiya məni təmin edir. Ancaq başqaları haqda heç nə deyə bilmərəm.


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, hökumət yoxsulluğun səviyyəsini hesablayarkən adambaşına düşən gəliri 64 manat götürür: «Əgər ailə büdcəsində ailənin hər üzvünə düşən gəlir 64 manatdan yuxarıdırsa, həmin ailə yoxsul sayılmır. Əhalinin yalnız 16 faizinin yoxsulluq həddində yaşamasını isə hökumət 7500 ailə təsərrüfatı arasında büdcə müayinəsi apardıqdan sonra aşkara çıxarıb».


Ancaq İbadoğlu bu yanaşmanı doğru saymır: «64 manat bir nəfərin bir ay yaşaması üçün yetərli məbləğ deyil. Keçən ilki inflyasiyanı nəzərə alsaq, 64 manat xərclərin real həcminin əks etdirə bilməz. Burada daha yüksək rəqəm götürülməli idi. Ancaq hökumət həmişə minimum yaşayış dəyərini elə səviyyədə müəyyən edir ki, bu, son nəticədə yoxsulların sayının azalmasına səbəb olur. Real yaşayış dəyərini hesablasaq, bu rəqəm heç olmasa, 90 manat götürülməliydi. Rəsmi gəlirləri 90 manatdan aşağı olan əhalinin sayı isə 16 faizdən ən azı iki dəfə çoxdur».


Rəsmi statistikaya görə, ötən il Azərbaycanda inflyasiya 19 faizə yaxın olub. Q.İbadoğlu bu rəqəmin də reallıqla üst-üstə düşmədiyi fikrindədir: «Bizim alternativ hesablamalarımıza görə, ötən il inflyasiyanın həcmi 18,88 deyil, ən azı bundan 10 faiz çoxdur. Ona görə də demək olmaz ki, 2007-ci ildə yoxsulluğun səviyyəsi azalıb, əksinə, artması prosesi gedib».


Ekspertin 2008-ci illə bağlı proqnozları da o qədər ürəkaçan deyil. İbadoğlu düşünür ki, bu il də inflyasiyanın səviyyəsi yüksək olacaq və inflyasiya cüzi maaş və pensiya artımını «yeyəcək».


Günün bütün mövzuları

XS
SM
MD
LG