Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:03

Urmiyədə türk sözlərini işlədən dükanlara xəbərdarlıq edilib


Bazarlarda milli sözlərin yalnız fars (ərəb) əlifbası ilə yazılmasına icazə verilir
Bazarlarda milli sözlərin yalnız fars (ərəb) əlifbası ilə yazılmasına icazə verilir

İranın Mədəniyyət Nazirliyinin («İrşad-e İslami» İdarəsi) Qərbi Azərbaycan vilayətindəki nümayəndəliyi Urmiyə bazarında «yad» sözləri yasaq edən yeni qanun çıxarıb.


Məlumatı «Urmu News» xəbər saytı yayıb.


Bu sənəd 1996-cı il dekabrın 4-də İran parlamentinin «yad» sözlərin işlədilməsini yasaqlayan qərarına əsaslanır.


«Hörmətli şəhər sakinlərinə müraciət» başlıqlı elanda bildirilir ki, iş adamları və dükan sahibləri 20 yanvara qədər «yad» sözləri öz tablolarından silməsələr, qanun qarşısında cavab verəcəklər.


Urmiyənin dükan-bazarında divarlara yapışdırılan bu elanlarda bildirilir ki, milli və yerli sözlərin yalnız fars (ərəb) əlifbası ilə yazılmasına icazə verilir.


Hazırda Urmiyənin dükan tablolarında həm türk sözləri, həm də latın əlifbası geniş yayılıb.


Ötən ilin avqust ayında İranın Ticarət Nazirliyi Şərqi Azərbaycan vilayətində də buna bənzər qərar çıxarıb, dükan tabloları, vitrinlər, yerli istehsalat və reklamlarda türk sözlərinin işlədilməsini yasaq etmişdi. Lakin azərbaycanlı millət vəkillərinin etirazları nəticəsində ictimai yerlərdə türk sözlərini yasaqlayan qərarlar ləğv edildi. Türk sözlərinin yasaq edilməsinin ölkə konstitusiyasına zidd olduğu təsdiq edildi.


Urmiyədə yayılan bu son qərar isə türk sözlərini yox, «yad» sözləri yasaq edir. Fars dilinin ölkənin rəsmi dili olduğunu bildirən İran Konstitusiyası qeyri-fars - yerli dillərin işlədilməsi və hətta bu dillərdə tədrisə icazə verir. Lakin əsas qanun yerli dillərin məhz hansı dillər olduğunu aydınlaşdırmır. Belə bir şəraitdə, türk sözlərinin «yad» olmadığı və yeni qərarın qeyri-qanuni olduğunu sübut etmək daha çətin olacaq.


İranda 1979-cu il İslam İnqilabından sonra Avropa məşəli sözlər yasaq edilsə də, Azərbaycan vilayətlərində türk sözlərinin işlədilməsinə imkan yaranmışdı. Eyni zamanda, ana dili və milli dəyərlərə hörmətlə yanaşan azərbaycanlı dükan sahibləri «Koroğlu», «Babək» və «Səttar Xan» kimi adlardan geniş istifadə edirlər. Ancaq bu adların latın əlifbasında yazılmasına icazə verilmir.


XS
SM
MD
LG