Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:43

«Azadlıq» meydanı ləğv edilir


«Rəsmi KİV-lər guya müstəqilliyin təsadüf nəticəsində əldə edildiyini təbliğ edir»
«Rəsmi KİV-lər guya müstəqilliyin təsadüf nəticəsində əldə edildiyini təbliğ edir»

Azərbaycan milli-azadlıq hərəkatının simvolları məqsədyönlü şəkildə məhv edilir. Rəsmi KİV-lər Azərbaycanda heç bir milli-azadlıq hərəkatının olmadığı, guya müstəqilliyin təsadüf nəticəsində əldə edildiyini təbliğ edir. Ötən il isə ölkənin ən mühüm dövlət bayramlarından biri olan 18 oktyabr – Dövlət Müstəqilliyi günü demək olar ki, ləğv edilərək iş günü elan edildi.


Yanvarın 11-də isə Azərbaycanın ən böyük müstəqillik və milli mübarizə rəmzlərindən birinin məhv edilməsi planı barədə «Gün səhər» qəzeti məlumat əldə edib.


Həmin məlumatda bildirilir ki, yaxın vaxtlarda «Azadlıq» meydanı ləğv ediləcək. Hökumət Evinin qarşısında - yəni, «Azadlıq» meydanında böyük musiqili fontan quraşdırılacaq. Elə Hökumət Evindəki mənbənin «Gün səhər»ə açıqlamasına görə, bu fontan son vaxtlar Bakı şəhərində tikilənlərdən həm görünüşünə, həm də maliyyə xərclərinə görə xeyli dərəcədə fərqlənəcək.


Prezident Aparatından verilən göstərişə əsasən, sözügedən fontanın dünyada nadir memarlıq nümunələrindən birinə çevrilməsi tapşırılıb. Ona görə də bu fontanın MDB məkanında analoqu olmayacağı xəbər verilir. «Azadlıq» meydanı da həmin fontanın adını daşıyacaq. Mənbənin sözlərinə görə, hökumət fontanın tikilməsi üçün xarici şirkətlərlə danışıqlar aparıb. Öncə İtaliyanın «None Pertino Fontano» şirkəti ilə razılaşma əldə olunsa da, sonradan bu müqavilə pozulub. Nəhayət, ABŞ şirkətlərindən biri qeyri-adi fontanı tikməyə söz verib. Hazırda şirkətin pulunun bir hissəsi ödənilib və yaz aylarına qədər tikintiyə başlanılacaq.



P.S. : «Azadlıq» meydanında musiqili fontan tikiləcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil».


Bunu APA-ya açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanov deyib. O, bildirib ki, meydanın ərazisində yox, Hökumət Evi ilə üzbəüz, Milli Parkın ərazisində yerləşən köhnə fontanın yenilənməsi nəzərdə tutulur.



Yanvarın 11-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2007-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib.


«Azadlıq» qəzetindəki «Növbəti blef hesabat» başlıqlı yazıda deyilir:


«Tədbirdə qulaqları mazol edən statistik göstəricilər bir daha sadalanıb: ÜDM-nin 25 faiz artımı, «dünyada analoqu olmayan» iqtisadi inkişaf, sənaye istehsalının 24 faiz çoxalması, son 4 ildə büdcə xərclərinin 10 dəfə artması və s. Ancaq dövlət başçısı etiraf etməyib ki, bütün bu sadalanan pozitiv göstəricilərin mənbəyində... neft sektoru durur. Neft amilini kənara qoysaq, Azərbaycan iqtisadiyyatı istisnasız olaraq bütün MDB ölkələrinə birmənalı şəkildə uduzar. Üstəlik də, neftlə birlikdə belə Azərbaycan xeyli iqtisadi göstəricilərinə görə (iqtisadi azadlıqların səviyyəsi, antikorrupsiya göstəriciləri, qanunun aliliyi, təhsil və səhiyyə xidməti və s.) yaxın və uzaq qonşulardan geri qalır. Təəssüf ki, müşavirədə bu məqamlara toxunulmayıb».


«Azadlıq» yazır ki, Heydər Əliyevin dövründə müşavirələr daha maraqlı keçərdi: «Ən azı, müşavirədə cari problemlər qaldırılır, sabiq prezident komandasından hesabat tələb edir, yarıtmaz məmurları danlayır, ən başlıcası isə, saxta rəqəmlərə çox az istinad edilərdi…»



Dövlət Gənclər Teatrında yazıçı-dramaturq Elçin Hüseynbəylinin «Leyli və Məcnun» adlı yeni əsərinin səhnələşdiriləcəyi gözlənilir. Amma hələ ki, teatr rəhbərliyi tərəddüd edir. Səbəb əsərin komediya janrında qələmə alınmasıdır. Teatrın direktoru Həsən Həsənov əsərin səhnələşdirilməsinə ehtiyatla yanaşdıqlarını bildirdi:


«Hesab edirik ki, «Leyli və Məcnun»un komik janrda təqdimatı cəmiyyət tərəfindən düzgün anlaşılmaya bilər».


Amma yazıçı belə düşünmür. «Mərkəz» qəzetinə verdiyi açıqlamasında E. Hüseynbəyli bildirir ki, məlum «Leyli və Məcnun» əhvalatından fərqli olaraq, yeni tamaşanın məğzini sevgi-məhəbbət təşkil etməyəcək:


«Burada söhbət ictimailəşmiş Leylidən gedəcək. Elə əsər də ictimai-siyasi komediyadır. Mənim yaradığım Leyli hakimiyyət rolunda çıxış edəcək və onun «əldə saxlanması» üçün mübarizə aparılacaq. Leyli – yəni, hakimiyyət nə Məcnuna, nə də İbn-Səlama qismət olacaq. Qız layiq olduğu insana qovuşacaq. Mənim əsərimdə ictimai, siyasi və həyati gerçəklik ön plana çıxacaq».


Klassik «Leyli və Məcnun»dan fərqli olaraq, E. Hüseynbəylinin qəhrəmanları ölməyəcək. Ən maraqlısı budur ki, seyrçi tamaşa boyu güləcək. Hər halda, yazıçı belə qənaətdədir.


Tamaşanın musiqisi də fərqli olacaq.


Sözsüz ki, Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasından sonra eyniadlı tamaşaya publikanın münasibəti birmənalı olmayacaq. «Bunu mən də bilirəm», - deyən E. Hüseynbəyli heç bir qınaq-məzəmmətdən qorxmadığını da bildirir:


«Mən hər kəsə cavab verməyə hazıram və qorxmuram da. Hər halda, tamaşada kimisə söymürəm. Üzeyir Hacıbəyov Məhəmməd Füzulinin əsərindən, Məhəmməd Füzuli ərəb dastanından, mən də öz dastanımızdan bəhrələnərək əsər yazmışam».


XS
SM
MD
LG