Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:20

Rusdilli qəzetlər də bağlanacaq?


«Azərbaycanda rusdillilər çoxdur. Nə qədər ki, onlar var, bu qəzetlərə də tələbat olacaq»

«Azərbaycanda rusdillilər çoxdur. Nə qədər ki, onlar var, bu qəzetlərə də tələbat olacaq»

Xarici telekanalların və rus dilli filmlərin Azərbaycanda yayımına qadağa qoyulsa da, bu məsələ son dövrlərin gündəmdə olan mövzusu olaraq qalır. Bununla belə, axır vaxtlar ölkədə yayımlanan bir neçə rusdilli yazılı mətbuatın da qadağan olunması ilə bağlı məsələ də müzakirə edilir. Bildirilir ki, rusdilli mətbu orqanlar da başqa dilin təbliğatıdır, əgər bununla bağlı telekanallara qadağalar qoyulubsa, qəzetlərə də tətbiq edilməlidir. Rusdilli qəzetlərdən olan «Zerkalo»nun baş redaktoru Elçin Şıxlı isə «Üç nöqtə»yə bunun əsassız olduğunu bildirib: «Rusdilli qəzetlərin bağlanması haqqında qərar qəbul ediləcəksə, mən bundan qorxmuram. Bu mənim üçün problem deyil. Amma ümumilikdə belə bir qərar olarsa, yersiz və çox əsassız olacaq. Çünki Azərbaycanda rusdillilər çoxdur. Nə qədər ki, bu əhali var, o qəzetlərə tələbat da o qədər olacaq. Əgər belədirsə, onda Azərbaycanda 4-5 ingilis dilində də, türk dilində də qəzetlər satılır və çap olunur. Tutalım, Azərbaycan dilinə aid olmayan qəzetlərdən özümüzü təcrid edək, bağlayaq, qapanaq görək axırı nə olur. Söhbət ondan gedir ki, rus dilində Azərbaycandilli qəzetlərin çapına qadağa qoyacağıqsa, Rusiyadan o dildə qəzetlər gələcək, onların siyasəti də tam başqa olacaq. Onların təbliğatı da, təşviqatı da, nöqteyi nəzərləri də Rusiyaya xidmət edəcək. Bir də var, rus dilində çıxan Azərbaycandilli qəzetlər. Eyni zamanda, bizdə ənənəvi olaraq Rusiyaya bağlılıq, Rusiyanın tərkibində olduğumuza görə rus dili var. Türkiyədə, Çində, ərəb ölkələrində, İranın özündə ingilis dilində qəzetlər var».


Baş redaktor telekanallarla bağlı atılan addımı da uğursuz hesab edir: «Baxın görün, bizim telekanallar indi nə gündədir. Yeni il başlayandan bəri az qala bizim telekanalların hamısını bir torbaya yığıb tullamaq istəyirsən. Baxılmalı heç nə yoxdur. Konsertlər, şit-şit tamaşalar, hamısı da təkrar proqramlar. Rus dilində filmlər qadağan olunursa, öncə tərcümə və dublyaj mərkəzləri yaradılmalı idi. Bu qərarın qüvvəyə minməsindən bir-iki il əvvəl əlimizdə olan bütün lisenziyalaşdırılmış xarici filmləri Azərbaycan dilinə çox keyfiyyətli tərcümə etməli idilər. Özəl telekanallar da dublyaj işi ilə məşğul olmamalıdır».


«Bizim Yol» yazır ki, Naxçıvanda un satışına qadağa qoyulub. Naxçıvan Muxtar Respublikasından yenə də maraqlı soraqlar gəlir. Xəbər verildiyi kimi, bir ay öncə Vasif Talıbovun şəxsi göstərişinə əsasən, Muxtar Respublika ərazisində təndirlər söküldü.


«Naxçıvan rəhbərliyi bu hadisəni, nə qədər qəribə olsa da, ekologiyanın qayğısına qalmaları ilə izah etdi. Guya təndir tüstüləri havanı korlayırmış. Lakin bu addımın yerli hakimiyyətin inhisarçı maraqlarından irəli gəldiyini düşünənlər də var. Belə ki, oradakı hakimiyyət rəhbərlərinin Naxçıvan boyu çörək sexləri var və «təndirsökmə» nəticəsində bütün əhalini həmin sexlərin çörəklərini almağa məcbur qalır».


«Bizim Yol» a çatan məlumata görə, «Naxçıvanda əhalinin məmur sexlərindən birmənalı asılılığını yaratmaq üçün daha bir addım atılıb. Naxçıvanda un qıt mala çevrilib. Heç bir satış məntəqəsinə un satılmır. Bu onun üçündür ki, kimsə sacda və ya elektrik cihazları ilə çörək bişirə bilməsin».


«YAP-ın namizədini dəstəkləyəcək partiyaların bloku yaradılacaq». Bu barədə jurnalistlərə iqtidaryönlü Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirib.


«Ekspress» Ağamalıya istinadən yazır ki, hazırda Əliyevin namizədliyini dəstəkləyən partiyaların sayı getdikcə artmaqdadır. Bu sıraya vaxtilə radikal mövqedə olan müxalifət partiyaları da qoşulmaqdadır. AVP sədri bildirib ki, Əliyevin namizədliyini dəstəkləyən blok yaranarsa, rəhbərlik etdiyi partiya həmin bloka qoşulacaq.


20 Yanvar faciəsinin 18-ci ildönümünə dair tədbirlər planı təsdiq edilib. Bu barədə «Azərbaycan» məlumat verib.


«Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlərin - konfrans, yığıncaq və mühazirələrin keçirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, dünyanın aparıcı KİV-də, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materiallar verilməsi nəzərdə tutulub».


Günün bütün mövzuları

XS
SM
MD
LG