Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:23

Mətbuata dövlət yardımı olsun, olmasın?


Ölkə mediasına dövlət dəstəyiylə bağlı konsepsiya hazırlanır

Ölkə mediasına dövlət dəstəyiylə bağlı konsepsiya hazırlanır

Mətbuat Şurası (MŞ) ölkə mediasına dövlət dəstəyiylə bağlı konsepsiya hazırlayır. Konsepsiyada ayrı-ayrı dövlət strukturlarından mediaya qrantların ayrılması, hökumətin rəsmi elanlar üçün verdiyi məbləğin siyasi yönümünə fərq qoyulmadan bütün qəzetlər arasında bərabər bölüşdürülməsi, o cümlədən uzunmüddətli və güzəştli kreditlərin ayrılmasıyla bağlı müddəalar əksini tapıb. Bu konsepsiya Prezident Aparatına təqdim olunandan sonra isə fəaliyyət proqramının hazırlanması nəzərdə tutulur.


MŞ-nın bəzi üzvləri isə belə bir konsepsiyanın hazırlanmasının əleyhinədir. Onların gətirdikləri arqument belədir ki, mətbuatın inkişafı üçün sağlam rəqabət şəraiti yaradılarsa və reklam bazarı formalaşarsa, hakimiyyətin heç bir yardımına ehtiyac qalmaz. Konsepsiyanı dəstəkləməyən Şura üzvlərinin fikrincə, rəsmi reklamların ölkə KİV-i arasında bölüşdürülməsiylə, qrantların ayrılmasıyla bağlı müddəalarda bir sıra qaranlıq məqamlar var. Məsələn, hansı qəzetlər hansı parametrlərlə müstəqil sayılacaq, maliyyə vəsatinin ayrılmasına necə nəzarət olunacaq və s.


«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, mətbuatın inkişafı üçün mövcud qanunvericilik təkmilləşməlidir. Əks halda konsepsiyayla mediada köklü islahatlar aparmaq və iqtisadi dirçəlişə nail olmaq mümkün deyil: «Reklam bazarının formalaşması üçün vergilərlə bağlı mələsə həll olunmalıdı».


Mətbuta hökumətin yardım ayırmasını dəstəkləyən «Gün səhər» qəzetinin idarə heyətinin rəhbəri Arif Əliyev isə deyir ki, əgər bu yardım olmasa, medianın durumu daha da pisləşəcək: «Yayımın özəlləşdirilməsi, çap evlərinin vəziyyətinin yaxşılaşdırılması vacibdi. Amma bir şərtlə ki, bu, ələ almağa gətirib çıxarmasın».


Mətbuat Şurasının sədri Əflatun Amaşovsa deyir ki, onlar ilk növbədə mətbuata dövlət qayğısı olmalıdır, ya olmamalıdır sualına aydınlıq gətirmək istəyiblər və əksəriyyət hesab edib ki, hazırkı vəziyyətdə hökumətin dəstəyinə böyük ehtiyac var. Amaşovun sözlərinə görə, hər hansı qaranlıq məqamın qalmaması üçün Mətubat Şurasının İşçi Qrupu gələn həftə yığışıb dövlət yardımının verilməsi və prosesə nəzarət olunması mexanizmini dəqiqləşdirəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG