Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:16

Saakaşvili Rusiya ilə münasibətləri sahmana salmaq istəyir


Saakaşvili ümid edir ki, Baş nazir Putinlə razılaşmaq daha asan olacaq

Saakaşvili ümid edir ki, Baş nazir Putinlə razılaşmaq daha asan olacaq

Gürcüstanda prezident seçkilərinin nəticələri rəsmən elan olundu. Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına əsasən, demək olar ki, bütün bülletenlərin hesablanmasından sonra seçicilərin səsləri aşağıdakı kimi paylanıb: Levan Qaçeçiladze – 25.2 faiz, Mixail Saakaşvili – 52.2 faiz. Beləliklə, Saakaşvili ikinci müddətə prezident seçilib.


Müxalifət hakimiyyəti seçkiləri saxtalaşdırmaqda ittiham edir və kütləvi etiraz aksiyaları ilə hədələyir. Səsvermənin gedişini 3 minədək müşahidəçi, o cümlədən, müxtəlif beynəlxalq təşkilatlardan olan təxminən 800 müşahidəçi izləyib. Onların bəyanatlarına əsasən, seçkilər demokratik keçib, baxmayaraq ki, proses pozuntularsız da ötüşməyib.


Birləşmiş müxalifətin namizədi Levan Qaçeçiladze isə tələb edir ki, prezident seçkilərinin ikinci turu təyin olunsun. Həmçinin müxalif namizədlərə efir vaxtı verə bilmələri üçün kütləvi informasiya vasitələri hakimiyyətin təzyiqlərindən azad olunsun.


Bu arada birləşmiş müxalifətin liderləri yanvarın 13-nə planlaşdırılan etiraz aksiyası barədə Tbilisi meriyasına bildiriş yollayıblar. Müxalifət liderləri öz tərəfdarlarını günorta Tbilisinin mərkəzindəki «Qızılgül» meydanında toplamaq niyyətindədirlər. Etiraz aksiyasında müxalifətin hesablamalarına görə, 100 minə qədər adam iştirak edəcək.


Mixail Saakaşvili isə bir sıra mühüm bəyanatlar verib. Yeni seçilmiş dövlət başçısı daxili və xarici siyasətini köklü şəkildə dəyişmək niyyətindədir. Saakaşvili siyasi opponentlərinin həbsinin mümkünlüyünü istisna edib, həbsxanalarda dustaqların sayını azaltmağa və Gürcüstan xüsusi xidmətlərinin keçmiş rəhbəri İrakli Batiaşvilini azad etməyə söz verib. Gürcüstan müxalifəti onu siyasi məhbus hesab edir.


Mixail Saakaşvili müxalifətin prezidentliyə namizədlərini ölkənin böhrandan çıxarılmasına dair qısamüddətli planın hazırlanmasında iştiraka dəvət etməklə yanaşı, həm də onlara yeni hökumətdə nazir postları təklif edib. Saakaşvili yoxsulluğu ləğv etməyə söz verib və eyham vurub ki, bunu Rusiya ilə münasibətləri yaxşılaşdırmadan etmək çətin olacaq. Saakaşvili deyib ki, Dmitri Medvedev Rusiyada dövlət başçısı seçiləndən sonra Vladimir Putin Baş nazir postunu tutacaq. Onun fikrincə, Rusiya və Gürcüstan qarşılıqlı problemlərin bütün spektrini müzakirə etmək imkanı qazanacaq. İlk növbədə də, gürcü çaxırlarının Rusiya bazarına qaytarılması məsələsini.


«Rusiya ilə qonşuluq münasibətlərinin sahmana salınması Gürcüstanın maraqlarına daxildir. Ümid edirəm ki, Gürcüstandakı parlament və Rusiyadakı prezident seçkilərindən sonra iki ölkənin münasibətlərinin bərpası üçün yeni resurslar yaranacaq», – deyə Saakaşvili CNN-ə müsahibəsində bildirib. O, deyib ki, ABŞ və Avropa ilə dostluq münasibətlərinin inkişafına münasibətdə Gürcüstanın mövqeyi dəyişməz qalır: «Amma bu, o demək deyil ki, biz Rusiya ilə gərgin münasibətlər arzulayırıq. Biz Rusiya ilə münasibətlərin qaydaya salınmasının tərəfdarıyıq».


Günün bütün mövzuları

XS
SM
MD
LG