Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:48

Qarın gətirdiyi problemlər…


Piyadaların hərəkət etdiyi səkilər hələ də təmizlənməyib

Piyadaların hərəkət etdiyi səkilər hələ də təmizlənməyib

Bakıya qarın bir neçə gün əvvəl yağmasına baxmayaraq, onun gətirdiyi problemlər hələ də aradan qalxmayıb. Artıq paytaxtın əsas yolları müəyyən qədər qardan təmizlənib, nəqliyyatın hərəkətinə az da olsa şərait yaradılıb. Amma iki gündür ki, yollar buz bağladığından ictimai nəqliyyat ciddi problemə çevrilib. Yollar donduğundan sürücülərin çoxu işləməməyə üstünlük verirlər.


Digər bir problem - piyadaların hərəkət etdiyi səkilər isə hələ də təmizlənməyib. Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər Təsərrüfatı Şöbəsinin müdiri Xalid Ələkbərov deyir ki, paytaxtın qardan təmizlənməsi üçün 150-dən çox texnika cəlb ediblər. Səkilərə gələincə isə, o, hər bir müəssisənin öz ərazisinin qarşısındakı qarı təmizləməli olduğunu bildirir.


Qar yağandan 50-dən çox adam müxtəlif xəsarətlər alıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın rəis müavini Rauf Nağıyevin «Azadlıq» radiosuna dediyinə görə, onların 30-dan çoxu xəstəxanalara yerləşdirilib.


Qarın gətirdiyi problemlər təkcə bunlarla bitmir. İki gündür ki, paytaxtın bir sıra yerlərində çörək qıtlığı da müşahidə olunmaqdadı. Çörək bişirən müəssisələr bunu müxtəlif səbəblərlə izah edirlər. Bəziləri qazın zəif verildiyini, digərlərisə un ehtiyatlarının tükəndiyini deyirlər.


Qaz, işıq və su probleminə isə adamlar çoxdan öyrəşiblər.


«Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətinin sözçüsü Tanrıverdi Mustafayev isə deyir ki, paytaxtda elektrik enerjisinin verilməsində elə bir ciddi problem yoxdu. Şəbəkə gücləndirilmiş rejimdə işləyir.


Bakının bəzi rayon və qəsəbələrində müşahidə olunan enerji fasilələrini Mustafayev də təsdiq edir. Onun sözlərinə görə, bu ərazilərdə işıqlar yarım, bəzən bir saat söndürülür ki, bu da köhnə transformatorların yüklənərək sıradan çıxmaması üçün edilir. Tanrıverdi Mustafayev deyir ki, fasilələrin hamısı yüklənmənin çoxluğu ilə bağlıdır.


Qar və şaxta bölgələrdə də problemlər yaradıb. Lerik və Yardımlıda 30-dan çox kənd işıqsız qalıb, yol qəzalarında üç nəfər həlak olub. Yerli televiziyaların məlumatına görə, qar Şəki və Qusarda içməli su problemi yaradıb.


Sinoptiklərin məlumatına görə, yanvarın 10-u və 11-də yenidən qar yağacağı gözlənilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG