Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:16

Gürcüstan müxalifətinin mitinqi başa çatdı


Müxalifət səsvermənin nəticələrini tanımır
Müxalifət səsvermənin nəticələrini tanımır


Bakı vaxtilə saat 21:00-a olan məlumata görə, 3512 seçki məntəqəsindən 1169-u üzrə səsvermənin nəticələrinin hesablanması başa çatıb.


1. Mixail Saakaşvili - 51.04%


2. Levan Qaçeçiladze – 24.05%


3. Şalva Natelaşvili – 7.18%


4. Arkadi Patarkatsişvili – 7.06%


5. David Qamkrelidze – 3.79%


6. Georgi Maisaşvili – 0.78%


7. İrina Sarişvili-Çanturiya – 0.15%


Seçkilərdə qələbə çalmaq üçün prezidentliyə namizəd 50%+1 səs toplamalıdır. Əks halda, iki həftədən sonra ikinci tur keçiriləcək.


***

Soyuq havaya baxmayaraq, Tbilisidə 10 minə qədər adam müxalifətin mitinqində iştirak edib.


Müxalifət liderləri deyirlər ki, prezident seçkisinin nəticələri saxtalaşdırılıb və bu nəticələri tanımaqdan imtina edirlər.


Mitinq iştirakçıları söz veriblər ki, hakimiyyət seçkilərdə müxalifətin namizədi Levan Qaçeçiladzenin qələbəsini tanımasa, yanvarın 8-də yenidən Tbilisinin mərkəzində toplaşacaqlar.


***
Beynəlxalq müşahidəçilər Gürcüstanda yanvarın 5-də keçirilən prezident seçkilərini «demokratiyanın inkişafı yolunda böyük addım» sayırlar.

Bunu yanvarın 6-da keçirdiyi brifinqdə beynəlxalq müşahidə missiyasının rəhbəri, amerikalı konqresmen Elsi Hastinqs bəyan edib.


O, qeyd edib ki, «Gürcüstanda seçkiqabağı kampaniya kifayət qədər rəqabətli olub», və «müəyyən pozuntulara baxmayaraq, seçkilər azad, demokratik mühitdə keçib».


AŞPA nümayəndə heyətinin rəhbəri Matya Eorsi bunları deyib: «Bəzi qüsurlara baxmayaraq, bu seçkilər gürcü xalqına son siyasi böhrana demokratik cavab vermək imkanı yaradıb. Gürcü xalqını seçki günü demokratik prinsiplərə göstərdiyi sadiqliyə görə təbrik etmək lazımdır. İndi növbə hakimiyyətindir – bizim tənqidləri eşitsin və qeydə alınan mühüm nöqsanlara dərhal reaksiya versin...».


Avropa Parlamentinin müşahidəçilərinə rəhbərlik edən Mariya İşler-Bequin: «Bu seçkilər Gürcüstanın gənc və hələ kövrək olan demokratiyasının möhkəmləndirilməsində irəliyə növbəti addımdır. Dərhal qarşıdakı parlament seçkiləri üçün lazımi dərslər çıxarılmalıdır. Avropa Birliyi Gürcüstana getdiyi yolda köməyini davam etdirəcək, xüsusilə də «Qonşuluq siyasəti»nin mexanizmləri ilə…».


***
Növbədənkənar prezident seçkilərinin elan olunan ilkin nəticələri ilə barışmayan müxalifət Tbilisidə etiraz aksiyalarına başlayıb.

Şəhərin mərkəzində bir neçə min müxalifət tərəfdarı toplaşıb. Onların liderləri səsvermənin yekunlarını tanımaq niyyətində olmadıqlarını bildirirlər.


Gürcüstan Mərkəzi Seçki Komissiyasının saat 15:30-a olan məlumatına əsasən, Mixail Saakaşvili artıq birinci turda qələbə çalır – o, səslərin 57 faizindən çoxunu toplayıb. Onun əsas rəqibi - müxalif namizəd Levan Qaçeçiladzenin 22.57 faizi var. Üçüncü yerdə biznesmen Badri Patarkatsişvilidir – təqribən 6 faiz.


Ümumilikdə, prezident postu uğrunda yeddi namizəd mübarizə aparır.


Beynəlxalq müşahidəçilər isə bəyan ediblər ki, seçkilər əsasən demokratik standartlara cavab verib.


***


212 seçki məntəqəsində səslərin hesablanması başa çatıb. Mixail Saakaşvili (58.18 faiz) müxalif koalisiyadan olan namizəd Levan Qaçeçiladzeni (22.33 faiz) xeyli qabaqlayır. Seçkilər 3512 məntəqədə keçirilib


Bundan qabaq «exit poll»ların nəticələri açıqlanıb.


Tbilisi Dövlət Universiteti, Qafqaz Sülh, Demokratiya və İnkişaf İnstitutu, Gürcüstan İctimai İşlər İnstitutu və Beynəlxalq və Strateji Tədqiqatlar Fondunun keçirdiyi «exit-poll»un nəticələrinə görə, istefada olan prezident Mixail Saakaşvili 53.8, birləşmiş müxalifətin namizədi - Levan Qaçeçiladze 28,3 faiz səs yığıb. Amma seçicilərin 30 faizi kimə səs verdiklərini açıqlamayıb və yəqin ki, bu səslər həlledici olacaq. Rəyi soruşulanların 61 faizi Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyib.


«İmedi» telekanalının sifarişi ilə «Demokratiyanın İnkişafı Uğrunda» Avropa Fondu»nun keçirdiyi «exit poll»a əsasən isə, seçkilərdə birləşmiş müxalifətin namizədi Levan Qaçeçiladze qalib gəlib. O, seçicilərin 27 faiz səsini toplayıb. Mixail Saakaşvili ikinci yerdədir (21 faiz).


Müxalifət seçkilərin saxtalaşdırıldığını bəyan edib və yanvarın 6-da Tbilisidə kütləvi nümayişlərin keçirilməsinə çağırıb.


Beynəlxalq müşahidəçilər öz rəylərini yanvarın 6-da açıqlayacaqlar.


Gürcüstan Mərkəzi Seçki Komissiyasının isə ilkin nəticələr barədə yanvarın 6-sı axşam saat 9-dan sonra məlumat verəcəyi bildirilir.



Bu, Gürcüstanda keçirilən növbədənkənar prezident seçkisidir. Seçkidə 7 namizəd iştirak edir.


Ötən ilin noyabrında müxalifət prezident Mixail Saakaşvilinin istefası tələbiylə kütləvi aksiyalara başlamışdı. Onlar erkən seçki tələb edirdilər. Hökumət etiraz aksiyalarını dağıtdıqdan sonra prezident Saakaşvili növbədənkənar seçki təyin etmişdi.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG