Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:07

İşçi Qrup fəaliyyətini davam etdirəcək


Novella Cəfəroğlu: «Yanvar ayında bu yöndə konkret qərarımızı bildirəcəyik»

Novella Cəfəroğlu: «Yanvar ayında bu yöndə konkret qərarımızı bildirəcəyik»

«Azadlıq» qəzetindəki «Hüquq müdafiəçiləri bazarlığa gedir?» başlıqlı məqalədə deyilir:

«Hüquq müdafiəçiləri İnsan Haqları üzrə İşçi Qrupu tərk etmək barədə verdikləri bəyanata sadiq qalmadılar. Dekabrın 28-də yarımçıq əfv fərmanından dərhal sonra toplantı keçirərək, İşçi Qrupdan istefa verdiklərini bəyan edən Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva, Səadət Bənənyarlı, Sahib Məmmədov və Çingiz Qənizadə dekabrın 29-da tam fərqli mövqe nümayiş etdirdilər. Bəhanələri də tələblərinin demək olar ki, yerinə yetirilməsi oldu: 5 jurnalist azadlığa buraxılıb, hələ də həbsdə saxlanılan 3 jurnalistə - «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid, qəzetin əməkdaşı Mirzə Sakit, «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə isə əfv şamil oluna bilməz. Niyə: Qənimət Zahid barədə məhkəmə hökmü yoxdur, Mirzə Sakit «mən belə əfvi qəbul etmirəm» deyib, Eynulla Fətullayevin işi isə Apellyasiya Məhkəməsindədir. Yaxşı bəhanədir».


«Azadlıq» qəzeti müxtəlif mənbələrlə əlaqə saxlayıb, hüquq müdafiəçilərinin mövqelərini 180 dərəcə dəyişmələrinin səbəblərini öyrənmək istəyib:


«Məlumat aldıq ki, İşçi Qrupda təmsil olunan hökumət nümayəndələri hüquq müdafiəçilərinə vəd ediblər ki, yanvarın 8-də Qənimət Zahidlə Eynulla Fətullayev azadlığa buraxılacaq. Hüquq müdafiəçiləri də məhz bundan sonra mövqelərini dəyişərək, yanvarın 8-nə kimi gözləməyə qərar veriblər. Amma bu da hüquq müdafiəçilərinin İşçi Qrupda qalmaları üçün əsas ola bilməz. Tutaq ki, Qənimət Zahidlə Eynulla Fətullayev azadlığa buraxıldı. Bəs Mirzə Sakit?


Digər tərəfdən, yanvarın 8-də Qənimət Zahidlə Eynulla Fətullayevin azadlığa buraxılması inandırıcı görünmür. Əgər hakimiyyət onları azad etmək istəsəydi, elə dekabrın 26-da - əfvə iki gün qalmış Qənimət Zahidi, dekabrın 28-də - əfv günü Eynulla Fətullayevi məhkəmə zalından buraxardı. Deməli, ya hüquq müdafiəçiləri bu dəfə də hakimiyyətin tələsinə düşüblər, ya da sadəcə, hakimiyyətlə işbirliyinə gediblər», - deyə məqalədə qeyd olunur.




Işçi Qrupa daxil olan hüquq müdafiəçisi Novella Cəfəroğlu «Yeni Müsavat» qəzetinə açıqlamasında İşçi Qrupun fəaliyyətini davam etdirdiyini söyləyib: «Yanvar ayında bu yöndə konkret qərarımızı bildirəcəyik».


N.Cəfəroğlu İşçi Qrupun mövcudluğunun AŞPA-nın Azərbaycan üzrə xüsusi məruzəçi təyin etməsinə mane olması yönündə səsləndirilən fikirlərə aydınlıq gətirib. Deyib ki, «Qrupun işinin bu məsələyə heç bir aidiyyəti yoxdur».


Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus bir müddət öncə «Yeni Müsavat»a açıqlamasında İşçi Qrupun ləğv olunmayacağı halda, xüsusi məruzəçinin təyin edilməyəcəyini bildirmişdi.


XS
SM
MD
LG