Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:34

«Mən Məhəmməd peyğəmbəri təhqir etməmişəm»


«Mən «Salman Rüştü yolu» getmək fikrində olmamışam»
«Mən «Salman Rüştü yolu» getmək fikrində olmamışam»

Yazıçı Rafiq Tağının «TURAN»a eksklüziv müsahibəsi


- Rafiq bəy, həbsiniz barədə nə deyə bilərsiniz ?


Mənə bu həbs nağıl kimi gəlir… Hər bir insanın həyatında belə sınaqlar olur. Bu da bir sınaq idi mənim həyatımda. Mən həbsxanadakı məhbuslara da deyirdim ki, insan həbsxanada 6-7 ay «yatsa», bu, böyük universitet kimi bir şey olar. Ümumiyyətlə, həbsxana insanı realist, açıqgörüşlü olmasına yardım edir. Elə bu yaşımıza kimi romantik olaraq yaşamışıq. Sonradan isə yaşadığın ömür yoluna baxanda, görürsən ki, başqa reallıqlar var. Onu görmək lazımdır. Bu baxımdan, demirəm ki, həbsxana həyatı faciəvi bir həyat idi. Amma bunu mərhələ olaraq keçmək lazım idi. Hər bir insan bu həyatı keçə bilər, biz də keçdik.


- Keçək həbsinizə səbəb olan yazıya. Həbsiniz zamanı Məhəmməd peyğəmbəri təhqir etməkdə təqsirləndirilirdiniz. Siz bu barədə nə düşünürsünüz?


- «Avropa və biz» adlanan essedə mən heç Məhəmməd peyğəmbəri təhqir etməyi düşünməmişəm. Sadəcə, bu, Azərbaycanın gələcək taleyi ilə bağlı yazı idi. Fəlsəfi essemdə Azərbaycanın inkişafının yönlərini göstərməyə çalışmışam. Bu, bir ziyalının fərqli yazısı və fərqli mövqeyi idi. Bu, cinayət deyil. Hər bir insan öz şəxsi fikrini bildirməyə borcludur. Qurduğumuz demokratik cəmiyyətdə əksinə, insanı fikirlərini ifadə etməyə qadağa qoymaq, anormallıqdır. Mən daxilən azad olduğuma görə fikirlərimi söylədim.


- Düşünmürsünüzmü «Avropa və biz» adlı yazınızla inanclı insanları təhqir etmiş olmusunuz?


- Mən sadəcə, həmin yazımda mövhumatçılığı təhqir etmişəm. Axundov, Mirzə Cəlil Məmmədquluzadə, Sabir də bu yöndə yazıblar. Yəni, onlar da mövhumatçılığı təhqir ediblər. Sadəcə, insanlarımız Axundovun «Kəmalüddövlə məktubları»nı oxusalar, görərlər ki, Rafiq Tağının yazdıqları onun yanında milyonda bir dəyərində deyil. Mövhumatı tənqid etmək, ifşa etmək İslam dininin özünə xeyirdir. Bununla da əsl İslam aşkarlanar. Əsl İslam dinini ortaya çıxarmaq üçün bütün mövhumi işləri tənqid etmək lazımdır. Əsl İslam dəyərləri doğrudan da, ümumbəşəri, mütərəqqi ideyalardır. Mən milli dəyərlərlə yaşamışam və müsəlmanam. İslamın bəzi əməllərini yerinə yetirməyə, kasıblara yardım etməyə çalışıram...


- Məhkəməniz zamanı bildirirdiniz ki, Sizin həyatınıza təhlükə var. Bəzi insanlar məhkəmə salonunda «Son sözü «Makarov» deyəcək kimi atmacalar və s. təhlükəli fikirlər söyləyirdilər. Bundan sonra həyatınıza təhlükə gözləyirsinizmi?


- Mən hesab edirəm ki, baş verənlər olub, keçib. Heysiyyətə toxunan fikirlər olub ki, insanlar da belə qıcıqlanmışdır. Bəzi insanlar bundan özləri üçün istifadə edərək, qarışqadan fil düzəltdilər. Bir sözlə deyək, yazdıqlarım heysiyyətə toxunmuşdu və mən də heysiyyətə toxunduğum üçün məhkəmə zalında üzr istədim. Üzr istəmək qəbahət şey deyil. Yazılarımda mən heç kimi təhqir etmək istəməmişəm, sadəcə, həmin insan özü üçün yazıda təhqirli fikir axtarır. Belə hadisələr bir neçə dəfə olub. Son yazımda da bəzi adamlar özləri üçün lazımi məqamlar axtardılar. Son yazımda isə bəzi hissələri qabartdılar. Halbuki, «Avropa və biz» yazım din haqqında deyildi. Avropa dəyərləri haqqında idi.


- Həbsiniz zamanı Sizə münasibət necə idi?


- Həbsxanada yazımla bağlı mənə heç bir təzyiq olmadı. Mətbuatda olan yazılar tək-tək əlimə düşürdü. Mətbuatda həbsimlə bağlı bəzi yazılar mənə pis təsir edirdi. Adını çəkmək istəmədiyim bir qəzet bizim şəkilimizi manşetə verib, yazırdı ki, «Nəhayət Rafiq Tağı qandallandı». Düşündüm ki, öz həmkarlarımız belə yazandan sonra fəxr duyur ki, həmkarı qandallandı. Belə məqamlar mənə çox pis təsir edirdi.


- Necə düşünürsünüz, azadlıqda olan həmkarlarınız Sizi lazımınca dəstəklədilərmi?


- Ümumiyyətlə «Azadlıq», «Amerikanın Səsi» və BBC radiosu bizi dəstəklədi və baş verənləri aydın işıqlandırdı. Beynəlxalq təşkilatların da dəstək olması hiss olunurdu. Xüsusilə «Sərhədsiz Reportyorlar», «Artikl –19», ATƏT, Avropa Şurası, «Human Rayts Votç», Beynəlxalq Jurnalistlər Liqası başda olmaqla xarici səfirliklər və onların əməkdaşları bizə lazımınca yardım etmiş oldular. Yerli hüquq müdafiəçiləri - Leyla Yunus, Arzu Abdullayeva, Səidə Qocamanlı, Novella Cəfəroğlu, Rəna Sadəddinova və başqa insanların dəstəyini isə əvəzolunmaz qiymətləndirirəm. Həqiqətən, qadın hüquq müdafiəçilərimiz fədakarlıq etdilər və indi də öz fədakarlıqlarını davam etdirirlər. Jurnalistlərin tamamilə azad olunmasına çalışırlar.


- Prezidentin fərmanına görə, 5 jurnalist azad edildi. 4 jurnalist isə hələ də həbsdədir. Bunu necə qiymətləndirirsiniz?


- Bu çox kədərli oldu mənim üçün. Gərək əfv tam olardı. Yəni, bütün jurnalistlər və siyasi məhbuslar azad ediləydi. Çox istərdim ki, Mirzə Sakit, Eynulla Fətullayev, Qənimət Zahid, Müşfiq Hüseynov da azad edilsinlər. Bəzi səbəblərdən onlar əvf olunmadılar. Bu səbəbdən bizim sevincimiz də yarımçıq oldu. Çox istərdim ki, həbsdə olan həmkarlarımız da tezliklə azadlığa çıxsınlar. Çox güman, gələn əfv fərmanı ilə həmkarlarımız da azadlıqda olacaq. Azərbaycanda çox istedadlı insanlarımız var. Sadəcə, onlar düzgün qiymətləndirilmir. Neftdən gələn gəlirlə çox yaşamaq olmaz…


- Bəzi insanların fikrincə, Rafiq Tağı «Salman Rüştü yolu» ilə getdi. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.


- Mən «Salman Rüştü yolu» getmək fikrində olmamışam və gələcəkdə də olmayacağam. Mənim heç belə fikrim də olmayıb. Bundan sonra da bütün yaradıcılığımla vətəndə məşğul olacağam. Davamlı olaraq qəzetlərdə işləyəcəm. Ümumiyyətlə, mənim yaradıcılığımda tənqidin böyük rolu var. Axı, heç kim Dostoyevskiyə deyə bilməz ki, belə yazma, elə yaz.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG