Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:24

«Dublyajla bağlı iki televiziyanın problemləri var»


«İmkanı olmayan televiziyalara müəyyən yardımlar ediləcək»
«İmkanı olmayan televiziyalara müəyyən yardımlar ediləcək»

2008-ci il yanvarın 1-dən yerli televiziyalardakı bütün verilişlər Azərbaycan dilində olmalıdı. Bütün əcnəbi filmlər Azərbaycan dilində dublyaj olunaraq efirə verilməlidir. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyir ki, düblyaj məsələsi hələlik türk dilində olan filmlərə şamil olunmayacaq: «Bu iki dildə az miqdarda sözlər var ki, bir-birindən fərqlənirlər. Biz türk dilində olan filmləri tərcümə edib Azərbaycan dilində versək çox gülünc səslənər».


Məhərrəmli bildirir ki, müəyyən sui-istifadə halları olsa, vəziyyət dəyişə bilər: «Əgər televiziyalar dublyaj studiyası yaratmayıb, ancaq türk filmlərini göstərməyə üstünlük verəcəklərsə, onda türk filmlərinin yayımı ilə bağlı limit qoyulacaq».


Nuşirəvan Məhərrəmli deyir ki, MTRŞ-ın növbəti iclaslarında türk dilinin əcnəbi dillərə aid olub-olmaması məsələsinə baxılacaq. Yekun qərar da həmin müzakirələrdən sonra qəbul ediləcək: «ANS bizə müraciət etdi ki, türk dili də əcnəbi dilə aid edilirmi? Biz də cavab verdik ki, növbəti iclaslarımızda bu məsələyə baxılacaq».


MTRŞ sədri deyir ki, dublyajla bağlı iki televiziyanın - ATV və «Space»in bəzi problemləri var. Onun sözlərinə görə, ATV dublyaj studiyası yaratmaqdadı. İmkanı olmayan televiziyalara isə müəyyən yardımlar ediləcək.


Nuşirəvan Məhərrəmli Mədəniyyət və Turizim Nazirliyinin nəzdində olan dublyaj studiyasının da tam gücüylə işləyəcəyini deyir. Şura sədrinin sözlərinə görə, ilk bir-iki ayda həmin televiziyalara güzəştlər olunacaq ki, onlar əcnəbi filmlərin tərcüməsini mətnlə versinlər. Amma bu müddətdən sonra hər hansı güzəşt olmayacaq.


ANS televiziyasının dublyajla bağlı narahatlığı yoxdu. Bunu ANS TV-nin Proqram Departamentinin rəisi Rəşad Məmmədov deyir. Onun sözlərinə görə, Azərbaycan dilinə dublyaj olunmuş istənilən qədər filmləri var.


«Lider» TV-nin də dublyajla bağlı arxayınçılığı var. Səbəb televiziyanın müasir avadanlıqlara malik dublyaj studiyasına malik olmasıdır.


Teletənqidçi Zeynal Məmmədli isə hesab edir ki, gələn ilin yanvarından Azərbaycan teleməkanında bütün verilişlərin Azərbaycan dilində verilməsi qanunvericilik baxımından normaldı. Və əgər bütün dillərdə olan filmlər Azərbaycan dilində verilirsə, bu, qanunun tətbiqi baxımından türk dilində olan filmlərə də şamil edilməlidir. Məmmədli hesab edir ki, türk və Azərbaycan dilləri arasında çox az söz fərqləri olduğundan başa düşülməyən ifadələr mətnlə ekranda göstərilə bilər. Onun sözlərinə görə, elmi əsərlərdən fərqli olaraq şifahi nitqdə iki tərəfin bir-birini başa düşməsində hər hansı problem yoxdu.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG