Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:34

Benəzir Bhutto öldürüldü


Bhutto seçiciləri ilə görüşür... 27 dekabr 2007

Bhutto seçiciləri ilə görüşür... 27 dekabr 2007



Pakistanın keçmiş Baş naziri Benəzir Bhutto öldürüldü. O, seçkiqabağı görüş keçirən zaman güclü partlayış baş verib. Nəticədə Benəzir Bhutto həlak olub.


Bhuttonun seçicilərlə görüşü İslamabadda parkda keçirilirmiş. O, görüşü tərk edəndə qatil əvvəlcə sabiq Baş nazirə yaxın məsafədən atəş açıb, sonra isə belinə bağladığı bombanı partladıb.


Partlayışda ümumilikdə 20 nəfər ölüb.


Amma Bhutto xəstəxanaya çatdırılandan sonra cərrahiyyə əməliyyatı zamanı vəfat edib.


Tərəfdarları Bhuttonun ölüm xəbərini eşidəndə prezident Pərviz Müşərrəfi söyməyə, onun əleyhinə şüarlar səsləndirməyə başlayıblar.


Müşərrəf isə Benəzir Bhuttonun qətli ilə bağlı hökumətin fövqəladə iclasını keçirib. Gözlənilir ki, o, yaxın saatlarda xalqa da müraciət edəcək.


Başqa bir müxalifət lideri - Nəvaz Şərif vəd edib ki, Bhuttonun mübarizəsini davam etdirəcək. O da Bhuttonun çatdırıldığı xəstəxananın qarşısına gəlib. Peşavar şəhərində polis Bhuttonun qətli xəbərini eşidənlərin təşkil etdiyi mitinqi dağıtmaq üçün gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.


Benəzir Bhutto 8 il – 1988-1996-cı illər arasında Pakistanın Baş naziri olmuşdu. Bu il oktyabrın 18-də səkkiz illik mühacirətdən sonra Pakistana qayıtmışdı. Onun qayıdışı üçün ABŞ Pakistan prezidenti Müşərrəfə təzyiq edirdi. Vaşinqton bunun demokratiyanın inkişafı üçün vacib olduğunu bildirirdi.


Gözlənilirdi ki, Bhuttonun rəhbərlik etdiyi Xalq Partiyası gələn ay keçiriləcək parlament seçkilərində uğur qazana biləcək.


O, vətənə qayıdanda da – aeroportda enib tərəfdarlarının içindən maşınla keçib gedəndə də yolda partlayış baş vermişdi. Amma Bhutto sağ qalmışdı. Partlayışı kamikadze törətmişdi. Həmin vaxt 140 nəfər ölmüşdü.


O vaxt radikal islamçılar dəfələrlə Bhuttonu hədələmişdilər.


Pakistana gələndən sonra keçirdiyi ilk mətbuat konfransında Bhutto demişdi ki, ölümdən qorxmur. Sabiq Baş nazir hökuməti ittiham etmişdi ki, onun qayıdışının təhlükəsizliyini təmin edə bilməyiblər: «Əgər Pakistanı və demokratiyanı qorumaq bizim öz həyatlarımızı qurban verməyimiz bahasına başa gələcəksə, bunu etməyə hazırıq. Çünki biz bilirik ki, Pakistanı parçalanmaqdan qorumağın, onu yaraqlılara təslim etməməyin yeganə yolu demokratiyanın inkişafıdı».


«Azadlıq» radiosunun Pakistandakı müxbiri Nəcib Aamir deyir ki, yanvardakı seçki təxirə düşə bilər: «Pakistandakı siyasi şərhçilər inanırlar ki, yanvarın 8-dəki seçki keçirilməyə, küçə və bazarlarda böyük ixtişaşlar baş verə bilər».


Bhuttonun ölümündən sonra müxalifətin seçkidə nüfuzlu namizədi olmayacaq. Seçki komissiyası digər keçmiş Baş nazir Nəvaz Şərifin namizədliyini qeydə almaqdan imtina edib.


«Control Risk» Analitik Mərkəzinin Asiya departamentinin rəhbəri Cenifer Harbison deyib ki, bu qətlə yaxınlaşan seçkilər kontekstində baxmaq lazımdı. Onun fikrincə, Pakistanda vəziyyət qarışa bilər. Mümkündü ki, ölkədə yenə fövqəladə vəziyyət elan edilsin.


Ümumiyyətlə, Bhutto öz nəslində zorakılıq qurbanı olan yeganə adam deyil. 1979-cu ildə onun atası - keçmiş Baş nazir Zülfüqar Əli Bhuttonu hərbi rejim asmışdı. 1980-ci ildə Benəzir Bhuttonun qardaşı Şahnavazı Fransada öldürmüşdülər. Bhuttonun başqa bir qardaşı isə 1996-cı ildə qətlə yetirilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG