Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:33

İndiyə qədər 160 mindən çox ailə öz kasıblığını sübut edib


Ünvanlı sosial yardım aylıq gəlirləri 45 manatdan aşağı olan vətəndaşlara verilir

Ünvanlı sosial yardım aylıq gəlirləri 45 manatdan aşağı olan vətəndaşlara verilir

İndiyə qədər 160 mindən çox ailə öz kasıblığını sübut edib, ünvanlı sosial yardım almaq hüququ qazanıb. Onlardan da 80 minə yaxını hazırda bu sosial yardımı almaqdadı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Natiq Qasımov deyir ki, hazırda bir nəfərin ayda aldığı yardım 17 manat 38 qəpikdir. Ümumilikdə bir ailənin orta aylıq sosial yardımı isə 80 manatdır.


Ünvanlı sosial yardım aylıq gəlirləri 45 manatdan aşağı olan vətəndaşlara verilir. Natiq Qasımov bildirir ki, nazirlik yardımların verilmə müddətinin 6 aydan bir ilə qədər uzadılmasını, sənədlərin toplanması qaydalarının dəyişdirilməsini istəyir. Onun sözlərinə görə, bununla bağlı təkliflər hazırlanmaqdadır.


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov isə deyir ki, «Ünvanlı sosial yardım haqqında» qanunda bəzi boşluqlar var. Bu isə yardımların verilməsinə mane olur: «Adamlar altı ay yardım alır, bu müddət bitdikdən sonra isə yenidən sənəd toplamağa başlayırlar, nəticədə vaxt ötür. Belədə sənədləri lazım olan müddətə toplayıb təqdim edə bilmirlər».


Bundan əvvəl də ünvanlı sosial yardımın verilməsi qaydalarının sadələşdirilməsilə bağlı nazirlik hökumətə təkliflər vermişdi. Həmin təkliflərdə kənd yerlərində hər üzvünə beş qoyun düşən və bir inəyi olan ailələrə də ünvanlı yardım verilməsi istənilirdi. Bu ilin aprelində sözügedən təklif qəbul olundu. Ancaq nazirliyin digər təklifi - 20 ildən az istismar edilən avtomobilə sahib olan ailələrə ünvanlı sosial yardım verilməsi qəbul olunmadı. Qaydadakı həmin bənddən «iyirmi» sözü çıxarıldı və hazırda maşını olanlara ümumiyyətlə sosial yardım verilmir.


Ünvanlı sosial yardım almaq istəyən vətəndaşların narazı olduğu bir məsələ də pay torpaqları ilə bağlıdı. Adamlar deyirlər ki, onlar bir neçə hektar pay torpağına sahib olsalar da, imkansızlıqdan həmin torpaqdan gəlir əldə edə bilmirlər, amma buna görə də ünvanlı sosial yardım ala bilmirlər.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Natiq Qasımov isə bildirir ki, əgər vətəndaşın pay torpağı varsa, onun əkilib-əkilməməsindən asılı olmayaraq ailənin gəliri kimi qəbul edilir.


Ünvanlı sosial yardım 2006-cı il iyulun 1-dən verilməyə başlanıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG