Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:34

Şaxta Babaların hədiyyə xurcunu boşdur


Şəhərdəki canlı Şaxta Babalar uşaqların onlarla şəkil çəkdirməsini gözləyirlər

Şəhərdəki canlı Şaxta Babalar uşaqların onlarla şəkil çəkdirməsini gözləyirlər

İndi Yeni illə bağlı hədiyyələr satılan mağazalarda, köşklərdə oyuncaq Santa Klausların səsi gur eşidilir. Oxuyurlar, oynayırlar, gitara çalırlar, müştəri cəlb edirlər. Qiymətləri də 5 manatla 250 manat arasında dəyişir. 2008-ci il Siçan ili olduğundan hər yerdə oyuncaq siçanları daha çox görmək olur. Satıcılar bildirirlər ki, hədiyyə kimi ən çox alınanlarsa Santa Klaus, Şaxta Baba və yolkalardır.


Əgər oyuncaq Santa Klauslar oxuyub-oynayırlarsa, şəhərdəki canlı Şaxta Babalar sakit-sakit dolaşır, uşaqların onlarla şəkil çəkdirməsini gözləyirlər. Valeh danışır ki, artıq 4 ildir Şaxta Baba olur. Ancaq hədiyyə xurcunu boşdur: «Biz sifarişlə evlərə gedəndə valideynlər uşaqları üçün xurcunumuza hədiyyə qoyurlar. Özümüz heç nə apara bilmirik. Həm də uşaqlar bilirsiz nə hədiyyələr istəyirlər? Kompyuter, telefon…Əvvələr başqa cür idi, konfet, peçenye istəyirdilər...»


Şaxta Baba zarafatla onu da deyir ki, uşaqlar bilirlər nə istəyirlər. Çünki indi şirniyyat qutularının içinə vaxtı keçmiş konfetlər də doldururlar.


Zərifə Babayeva da Şaxta Babayla razıdır. Deyir ki, o qədər olub ki, Yeni İllə bağlı aldığı şirniyyat qutularının içindən keyfiyyətsiz konfetlər çıxıb.


Şirniyyat hədiyyələri qutularının qiyməti isə 2-17 manat arasında dəyişir.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, Yeni il ərəfəsində də vaxtı keçmiş şirniyyatlarla bağlı şikayətlər artır: «İllərdir bu problem qalır. Bunun kökü Azərbaycan hökumətinin istehlakçı siyasətinin olmamasıyla bağlıdır. Hər gün min tonlarla ərzaq məhsullarının vaxtı keçir. Mövcud qanunlar da elədir ki, hər bir təhlükəli malın axırıncı ünvanı istehlakçı olur».


İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti isə keyfiyyətsiz hədiyyələrin qarşısını almaq üçün bir həftədir monitorinqlərə başlayıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Abbas Əliyev: «Məqsəd istehlakçıya keyfiyyətli məhsul satılmasını təmin etməkdir».


A.Əliyev deyir ki, indiyə qədər hələ keyfiyyətsiz hədiyyə satan mağaza aşkar etməyiblər. Aşkar etsələr, onları cəzalandıracaqlar. Monitorinq ancaq Bakı və Sumqayıtda keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG