Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:05

Yekunlaşmaqda olan 2007-ci il siyasi baxımdan digərlərindən bir o qədər də fərqlənmədi. Azərbaycanda artıq belə bir ənənə formalaşıb ki, seçki ilində nisbi siyasi mülayimləşmə müşahidə olunur, seçkilərarası illər isə inzibati sərtliyi ilə seçilir. Bu aspektdən yanaşanda 2007-ci il daha çox seçki ərəfəsi kimi yadda qaldı. Ərəfə nəyinsə başlanğıcı deməkdir. Amma digər yeniliklər baxımından kasadlıq çəkməyən Azərbaycanda siyasi yeniliklər demək olar ki, yox dərəcəsindədir.


Seçki ərəfəsi bir qayda olaraq standart siyasi tədbirlərlə müşayiət olunur – beynəlxalq təşkilatlar Seçki Məcəlləsini təkmilləşdirməyə cəhd edir, müxalifət partiyaları azacıq da olsa fəallaşmağa başlayır, siyasət və ictimaiyyət fəalları növbəti əfv fərmanlarını gözləyirlər. Bu proseslərdən ən çox maraq kəsb edəni müxalifətin siyasi durumudur. Müxalifət üçün 2007-ci il necə keçdi? O, 2008-ci ilə hansı potensialla qədəm qoyur? Bu sualların sırasını davam etdirmək olar, amma buna lüzum yoxdur, çünki müxalifətin vəziyyəti o qədər bəsit və aydındır ki, bunu bir-iki sualda da ifadə etmək mümkündür.


Azərbaycanda müxalifət artıq ənənəvi və yeni müxalifətə bölünür. 2007-ci ilin əsas siyasi yeniliyi bəlkə də budur. Maraqlıdır ki, bu bölgüyə daha çox rəsmi hakimiyyət nümayəndələrinin təsnifatında rast gəlmək mümkündür. Belə təsnifat əsasən siyasi reallıqdan daha çox hakim siyasi partiyanın arzu və istəklərini əks etdirir. Siyasi reallıq isə budur ki, müxalifət fəzası heç də yeni siyasi qüvvələr tərəfindən tutulmayıb, sadəcə artıq 14 ildir ki, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası özünə qarşı yeni müxalifət görmək arzusundadır. Amma bununla belə bir siyasi prosesin işartılarını sezməmək mümkün deyil – indi siyasi iddialarla təkcə ənənəvi və klassik partiya liderləri deyil, həm də ictimaiyyət və demokratiya fəalları da çıxış edirlər. Bu proses zaman kəsiyi baxımından özünü 90-cı illərin sonundan hiss etdirməyə başlayıb. Proporsional seçki sistemi ləğv ediləndən sonra bəzi partiya liderlərinin bir siyasi institutut kimi partiyalara marağı azaldı. Həmin dövrdə bir neçə partiya sədri öz postundan istefa verərək milli lider olmaq arzusunu bəyan etdi. Amma siyasi səhnə təkcə onlarla məhdudlaşmayıb, siyasətdə güclü fərd kimi çıxış etmək istəyən təkcə istefa vermiş partiya liderləri deyil. Öz vəzifəsindən istefa verən bəzi məmurlar da indi fəal siyasi fiqura çevriliblər. Onların bəzilərinin siyasi iddiaları digər partiya liderlərinin iddialarından heç də əsassız görünmür.


Böyük siyasi iddialar, xüsusən də prezident seçkisi üçün üç mühüm şərt vacibdir. Birinci şərt siyasi lider olmağı arzulayan şəxsin kifayət qədər ictimailəşməsidir. Güclü və tanınmış partiya liderlərinin bununla bağlı problemi yoxdur. Amma digərləri hələ zəruri qədər ictimailəşməyiblər.


İkinci şərt siyasi institutun olması və ya siyasi təşkilatlanmadır.Azərbaycan şəraitində bir fərd kimi və ya güclü siyasi təşkilata malik olmadan uğurlu nəticələr göstərmək halları olub, lakin bu hallar bir o qədər də çoxsaylı deyil. Nəhayət, üçüncü şərt kadr bazasına və komandaya malik olmaqdır.



Ümumiyyətlə, siyasətdə ideya, lider və siyasi təşkilat amili mühüm şərtdir. Azərbaycanda bu tələblərə cavab verən siyasi partiyalar var. Amma bu resurslar çox məhdud məqsədə, ancaq uğurlu seçki kampaniyası aparmağa xidmət edir. Prinsipcə, uğurlu seçki kampaniyası siyasi mübarizə üçün yetərli olmalıdır. Amma Azərbaycanın öz reallıqları var. Elə bu səbəbdən siyasi partiyaların seçki ərəfəsi imkanlarını şişirtməyə dəyməz. Bu imkanlar ancaq təbliğatla məhdudlaşacaq. Elə partiya liderlərinin özləri də 2008-ci ilin seçkilərinə daha çox təbliğat kampaniyası kimi baxırlar. Cəmiyyətə sözünü demək, insanlarla görüşmək, neqativ halları tənqid etmək - siyasi liderlərin 2008-ci ilin seçkisində qarşısına qoyduğu məqsəd bununla məhdudlaşır. Təbii ki, liderlər bunu açıq şəkildə etiraf etmir, daha böyük məqsədə kökləndiklərini iddia edirlər. Amma reallıq başqadır. Hakimiyyətə iddialı olan əsas partiyalar bu illər ərzində bircə dəfə olsun aksiya keçirə bilməyiblər. Daha çox mətbuat fəaliyyəti ilə məşğul olublar. Bunlar isə böyük siyasi məqsədlər üçün çox azdır. İki-üç deputat mandatını özü üçün böyük uğur sayan partiyalar böyük məqsədə köklənə bilməzlər. Acı da olsa, bunu cəmiyyət də dərk edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG