Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:07

Kərimov 88 faiz «yazdı»…


Prezident İslam Kərimov səs verir, 23 dekabr 2007

Prezident İslam Kərimov səs verir, 23 dekabr 2007

İlkin rəsmi nəticələrə görə, İslam Kərimov Özbəkistandakı seçkilərdə 88,1 faiz səs toplamaqla üçüncü dəfə prezident seçilib.


Özbəkistandakı seçkilər ATƏT-in demokratik seçkilərlə bağlı standartlarının bir çoxuna cavab verməyib.


Bunu ATƏT-in - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının nümayəndəsi deyib. Urdur Qunnarsdottir deyib ki, hər bir kəsin öz namizədliyini irəli sürmək və seçilmək haqqı var. Hamının mediaya bərabər çıxış imkanları olmalıdır. Özbəkistanda isə bunlara şərait yaradılmayıb. Seçkidə dörd namizəd iştirak edib, onlardan da üçü açıq şəkildə dördüncüsünün, hazırkı dövlət başçısının namizədliyini dəstəkləyib. Bu isə insanları seçim imkanından məhrum etmək deməkdir.


Xanım Qunnarsdottir deyir ki, onların müşahidəçiləri bir neçə bölgədə olublar, hər yerdə də eyni mühitlə rastlaşıblar. Qanun qadağan etsə də, seçki məntəqələrində polis və başqa hakimiyyət nümayəndələrini müşahidə ediblər, protokollarda rəqəmlər dəyişdirilib və s.


«Ümumiyyətlə, adətən elan ediləndə ki, seçkidə seçicilərin 90 faizindən çoxu iştirak edib, bu, təəccüb doğurur. Xüsusən də, əgər bunu bizim müşahidəçilərin gördükləriylə müqayisə etsək. Onlarsa seçicilərin az aktiv olduğunu, demək olar ki, boş məntəqələr görüblər. Onda həmin 90 faiz rəqəmi narahatlıq yaradır».


ATƏT-dən fərqli olaraq Müstəqil Dövlətlər Birliyinin müşahidəçiləri isə Özbəkistandakı seçkiləri azad və şəffaf adlandırıblar. Bunu missiyanın rəhbəri Sergey Lebedev Daşkənddə deyib. O, deyib ki, bəzi xırda-para çatışmazlıqlar olub, amma onlar texniki xarakter daşıyıb.


Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Çurov isə deyib ki, onlar Özbəkistanın seçki təcrübəsindən yararlanmaq qərarına gəliblər. Məsələn, çoxuşaqlı ailələrin səs verməsinə şərait yaradılmasıyla bağlı. O, səsvermə məntəqələrində ana və uşaq kabinetlərinin yaradılmasını misal çəkib.


Yerli hüquq müdafiəçisi Bəxtiyar Hamroyev isə Səmərqənd yaxınlığındakı səsvermə məntəqələrində gördüklərini «Azadlıq» radiosuna belə təsvir edib: «Mən bir neçə məntəqədə oldum. Səsvermə hökumətin çox ciddi nəzarəti altında keçirilirdi. Amma məni ən çox dəhşətə gətirən o oldu ki, bir çox seçicilər qutulara 3, 4, bəzən hətta 6 bülleten atırdılar».


Azərbaycandan Seçki Monitorinq Mərkəzinin icraçı direktoru Anar Məmmədli isə bir çox keçmiş sovet ölkələrində seçkiləri müşahidə edib. O, deyir ki, axır bir ildə bu regionda seçki mühitinin pisləşməsi prosesi gedir. Məmmədlinin fikrincə, Qazaxıstandakı, Rusiyadakı, Qırğızıstandakı son parlament seçkiləri və nəhayət, Özbəkistandakı son prezident seçkiləri başqa postsovet ölkələrinə və Azərbaycana da təsirsiz ötüşməyəcək: «Məsələn, Rusiyada, Özbəkistanda seçkilər saxtalaşdırılanda qeyri-demokratik hakimiyyətlər formalaşır. Belə hakimiyyətlər isə öz ətraflarında – qonşu ölkələrdə demokratik islahatların getməsini istəmirlər, əksinə buna qarşı fəaliyyət göstərirlər. Çünki əgər həmin ölkələrdə demokratik dəyişikliklər baş versə, Qərb dəyərləri onların sərhədinə də yetişəcək».


Özbəkistan prezidenti İslam Kərimov artıq 18 ildi hakimiyyətdədi. Bu ölkədə seçki dekabrın 23-də keçirilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG