Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:25

«Məhərrəm Əliyevin ən sadiq kadrı vuruldu»


Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyev

Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyev

«Yeni Müsavat» qəzetinin dekabrın 23-də çıxan sayında Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatlarından bəhs edilir. Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Cavad Şıxəliyev DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub. Nazirin digər əmri ilə Nərimanov Rayon Polis İdarəsinin rəisi Elxan Həsənov Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini təyin olunub. Ondan əvvəl bu vəzifədə çalışan Şahmar Paşayev isə sərəncama götürülüb. Bundan başqa, Goranboy RPŞ-nin rəisi Ağalar Məhərrəmov Bərdə RPŞ-yə rəis təyin olunub. Bərdə RPŞ-nin rəisi isə sərəncama götürülüb. R.Usubov həmçinin Gəncə şəhər Kəpəz RPŞ-nin rəisi Sahib İsmayılovun DİN-in İdman Cəmiyyətinin sədri təyin olunması barədə əmr imzalayıb. Qəzet yazır ki, Şahmar Paşayev BŞBPİ-nin sabiq rəisi Məhərrəm Əliyevin kadrı kimi tanınır. Onun vəzifə pillələrində sürətlə irəliləməsində M.Əliyevin rolu olub: «Ş.Paşayevin BŞBPİ-nin rəis müavini postundan uzaqlaşdırılması Bakı qarnizonunun M.Əliyevin kadrlarından təmizlənməsi prosesinin tərkib hissəsidir».


«Yeni Müsavat» yazır ki, Ş.Paşayev əvvəllər Xətai Rayon Polis İdarəsi 37-ci bölməsinin və Yasamal Rayon Polis İdarəsinin rəisi vəzifələrində çalışıb. 2003-cü ilin prezident seçkisindən sonra müxalifətə qarşı həyata keçirilən repressiyalarda və həbs olunan şəxslərə işgəncə verilməsində fəal iştirak edib. Onun BŞBPİ-nin rəis müavini postuna gətirilməsi ilə bağlı təqdimat zamanı Ş.Paşayevin bu xidmətləri önə çəkilib və bundan sonra ölkə başçısından razılıq alınıb.


Bu ilin yayında Məhərrəm Əliyev paytaxt polisinin rəisi postundan uzaqlaşdırılandan sonra onun yerinə gətiriləcək şəxslər arasında Ş.Paşayevin də adı çəkilirdi. «Yeni Müsavat» yazır ki, amma göründüyü kimi, M.Əliyevin ən sadiq adamlarından biri olması bu dəfə ona xeyir gətirmədi. BŞBPİ rəisi ola bilməməsi bir yana, üstəlik vəzifəsini də itirdi.


«Azadlıq» qəzetindəki «İmitasiyalı və ya real intriqa» başlıqlı məqalədə politoloq Zəfər Quliyev yazır ki, Azərbaycan müstəqillik qazanandan sonra toplumun və ölkə rəhbərliyinin əsas diqqəti Ermənistan-Azərbaycan (Qarabağ) konfliktinin hərbi və ya sülh yoluyla həllinin tapılmasına yönəlib: «Problemin hərb yolu ilə həllinə cəhd 20 faiz torpaqlarımızın itirilməsiylə nəticələnəndən sonra, münaqişə «nə müharibə, nə sülh» formasında havadan asılı vəziyyətdə donduruldu». Quliyev yazır ki, 15 il aparılan sülh danışıqları nəticəsində qəribə situasiya formalaşıb; bir tərəfdən, beynəlxalq təşkilatların və münaqişə tərəflərinin çoxsaylı səylərinə baxmayaraq problemin özü qeyri-müəyyən halda - «nə müharibə, nə sülh» formatında qalmaqdadır. Digər tərəfdən isə imitasiyalı oyunun yazılmamış qanunlarından irəli gələn bəzi tendensiyalar da müşahidə olunur. Onlar periodik şəkildə Ermənistan və Azərbaycan ictimaiyyətlərində illüziyalı gözləntilərin yaradılmasıdır».


Müəllif bildirir ki, Qarabağ münaqişəsinin həlli istiqamətində real inkişafın olmamasına baxmayaraq «biz hamımız düşünülmüş oyuna cəlb olunmuşuq»: «Bu oyunda mütəmadi olaraq danışıqlar prosesinin aktiv fəzaya qədəm qoyduğu imitasiya olunur».


Günün bütün mövzuları

XS
SM
MD
LG