Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:39

«Mənim vəziyyətim ikiqat çətindir»


«Bəri başdan deyim ki, atamın böyük təsirini həmişə hiss etmişəm»

«Bəri başdan deyim ki, atamın böyük təsirini həmişə hiss etmişəm»

«Azərbaycan» qəzetinin dekabrın 23-də çıxan sayında prezident İlham Əliyevin «Mənim universitetlərim» başlıqlı məqaləsi dərc olunub. Məqalədə ölkə başçısı yazır ki, az qala dünyaya gəldiyi ilk gündən bəri Heydər Əliyevin oğlu barədə müxtəlif şaiyələr dolaşmağa başlamışdır: «Onlar bir növ mənim kölgəm olublar. Özü də pis kölgə olmuşlar, gizlətmirəm, çox zaman da mənə maneçilik törətmişlər».


Cənab Əliyev yazır ki, şaiyələr işləməyə mane olur: «Bəri başdan deyim ki, atamın böyük təsirini həmişə hiss etmişəm».


Prezident yazır ki, təhsil illərində çoxları elə bilirdi ki, Heydər Əliyevin oğlu ağına-bozuna baxmadan atasının vəzifəsindən sui-istifadə edəcək: «Ancaq atam mənə uşaqlıqdan izah etmişdi ki, belə hallara yol vermək olmaz, mən də bədxahların (onlar həmişə çox olublar) ailəmizə hücum etməmələri üçün heç bir bəhanə verməmişəm».


İlham Əliyev yazır ki, məktəbdə tez-tez dalaşarmış: «Arada döyülürdüm də, ancaq heç vaxt məni incidənlərdən atama şikayət etmirdim».


«Mən atamın yolu ilə getdiyim üçün fəxr edirəm»,- yazan dövlət başçısı 1987-ci ildə Heydər Əliyevin Siyasi Büro üzvlüyündən azad edilməsindən, onun doğmalarının təqibindən danışır: «Detallara varmaq istəmirəm. Bizə qarşı alçaqlıq edənlərin alçaqlığı qoy onların vicdanına yazılsın. Ancaq onu demək istəyirəm ki, mən aldığım biliklərə görə, minnətdar olduğum MDBƏİ-dən getməli oldum və bizneslə məşğul olmağa başladım. Mən ticarət və istehsalat firmalarına rəhbərlik edirdim. Mənim Moskvada paltar fabrikim vardı. Sonra treydinqə əl atdım. Hər şey uğurla gedirdi. Daha sonra İstanbula köçüb orada biznesi davam etdirdim».


Ölkə başçısı yazır ki, Moskva həyatı illərində o, Mehriban Əliyeva ilə evlənib: «Mən onu Azərbaycanda ən gözəl qız sayıram». İlham Əliyev yazır: «Vətəndən uzaqda inanılmayacaq dərəcədə ağır idi. Biz Vətənə can atırdıq, ancaq orada düşmənlər hökm sürürdü və Bakı bizim üçün təhlükəli idi».


Ölkə başçısı məqaləsində bildirir ki, 1994-cü ildə ona yüksək bir vəzifə həvalə edildi: «Mən Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti oldum. Hər şey gözlənilmədən oldu. Atam məni çağırıb dedi: bu işlə məşğul olmaq lazımdır, bu, ölkə üçün çox vacibdir. Heydər Əliyevin sözü mənim üçün həmişə qanun olub. Vacibdirsə, deməli, vacibdir». Prezident yazır: «Məndən tez-tez soruşurlar: sizə hansı peşəkar vərdişlər kömək edir? Ən birincisi – xarici dilləri bilməyim. İnsanlarla onların öz dilində, tərcüməsiz-filansız ünsiyyətə girmək nə qədər asan və səmərəlidir».


Cənab Əliyev məqaləsində bildirir ki, «Mehriban mənim böyük dayağımdır. Bir çox məsələdə Mehribanla mənim baxışlarım ümumidir».


4 avqust 2003-cü ildə Baş nazir olmasına toxunan İlham Əliyev yazır: «Neçə dəfə eşitmişəm ki, arxamca deyirlər: «Onu atası qabağa çəkir», «yaxud Heydər Əliyev prezident olmasa, İlham bu nailiyyəti əldə edə bilməzdi». Belələrinə nə cavab verəsən? Hər bir ölkə üçün hakimiyyətin varisliyi məsələsi çox aktualdır. Ona görə də Heydər Əliyevin öz xələfi barədə narahatlıq keçirməsi təbiidir. Bundan əlavə o, öz xələfini əvvəlcədən hazırlamağa başlamışdı. Atam öz siyasətçi təcrübəsini addım-addım mənə ötürür, bu və ya digər vəziyyətdə özünün necə hərəkət edə biləcəyini mənə izah edirdi».


İlham Əliyev bildirir ki, onun işi daha asandır, çünki «atam mənim üçün canlı nümunədir».


2003-cü ilin 15 oktyabr hadisələrinə toxunan dövlət başçısı dörd il sonra həmin prosesləri necə qiymətləndirdiyini yazır: «Birinci dərs. Sovet dövründən fərqli olaraq, müasir cəmiyyətdə «komanda» termini yaranmışdır ki, bu da seçki kampaniyasının az qala özəyidir. Mənə elə gəlir ki, bütövlükdə komandanın, ayrılıqda isə onun hər bir üzvünün mənəvi səviyyəsinə xüsusi fikir vermək lazımdır. Seçici ölkədəki yüksək vəzifə uğrunda mübarizə aparanların əxlaqi keyfiyyətlərini bilməli və nəzərə almalıdır. İkinci dərs. Sadəcə olaraq, səslərin arifmetik çoxluğunu almaq deyil, şərəfli, təmiz, gözəl qələbə qazanmaq vacibdir. Cəngavər qələbəsi. O, gələcək nəsillər üçün yüksək mənəviyyatın, demokratik mədəniyyətin konkret təzahürü və təntənəsi olar. Əsl gözəl qələbə – ideyaların və şəxsi mövqeyin, intellektin, nəhayət taktika və strategiyanın qələbəsidir. Mən düşünürəm ki, seçkiqabağı mübarizədə iştirak edən siyasi qüvvələr, eynən xaricdə olduğu kimi, öz liderlərinin şərəfli və gözəl qələbəsinə nail olmaq barədə müqavilə bağlamalı və öhdəlik götürməlidirlər. Üçüncü dərs. Mən buna xüsusi diqqət yetirmək istəyirəm. Siyasi mübarizə ilə küçə dava-dalaşı arasındakı fərqi başa düşməyən adamlar, mən deyərdim ki, cəmiyyətin vicdanlı hissəsinin səsinə və dəstəyinə bel bağlaya bilməzlər. Mən bəzi liderlərin özünü necə aparmasını müşahidə edərkən məşhur bir mahnının bu misrasını xatırladım: «Eşidirsinizmi, gumbuldayır çəkmələr?». Ancaq biz çəkmələrin gumbuldamasına yol verməyəcəyik. Daha bir dərs haqqında. Prezident kürsüsü uğrunda rəqabət tarixdə yer tutmaq üçün yarışa və ölkənin keçmiş rəhbərlərinin şərəf və ləyaqətini təhqir etməyə çevrilməməlidir Heydər Əliyevin fiquruna duyulan qısqanclıq insanı təhqir etməyə, ona qara yaxmağa heç bir əsas vermir. Bu, yolverilməzdir».



Bürokratiya və formalizmə toxunan ölkə başçısı «biz onunla bütün sahələrdə yuxarıdan-aşağıya, aşağıdan-yuxarıyadək amansızlıqla mübarizə aparmağa borcluyuq», - yazır.


«Mən prezidentin varisi deyiləm, mən öz atamın varisiyəm, ailəmizin varisiyəm. Mənim atam prezident olmayanda da mən varisliyin məsuliyyətini hiss edirdim. Hətta onu da qeyd edim ki, Heydər Əliyevin əsl varisi mənim oğlum, ailəmizin ən kiçik üzvü Heydər Əliyevdir», - deyə ölkə başçısı bildirir.


«Bəzən məndən soruşurlar: «Nə üçün siz, prezident Heydər Əliyevin oğlu, yeni prezident oldunuz?» Belə məqamda sualla sualla cavab vermək ehtiyacı yaranır: «Nə üçün prezidentlərin oğulları prezident ola bilməzlər?» Maraqlıdır, görəsən, ABŞ prezidenti kiçik Corc Buşa bu sualı vermişlərmi? Axı məlum olduğu kimi, onun atası böyük Corc Buş eks-prezidentdir. Hakimiyyətin ailə üzvlərinin birindən digərinə keçməsi müasir dünyada özlüyündə antidemokratik fakt sayılmır. Belə hallar olub və olur. Varisin şəxsi keyfiyyətləri, tarix tərəfindən ona həvalə edilən missiyanı yerinə yetirmə bacarığı daha vacibdir».


Məqalənin sonunda ölkə başçısı yazır: «Mən hesab edirəm ki, mənim vəziyyətim ikiqat çətindir. İlk növbədə ona görə ki, 21-ci əsrin əvvəllərində həm xalq, həm də ölkə üçün çox şey etmək lazımdır. İkincisi, mən Heydər Əliyevin uğurlu yolunu davam etdirməli və bu zaman yeni zirvələr fəth etməliyəm. Mən həm xalq qarşısında, həm də onun indiki şəraitdə sadəcə olaraq alternativi olmayan siyasi irsini qorumaq və artırmaq baxımından atamın qarşısında cavabdehəm».


Günün bütün mövzuları

XS
SM
MD
LG