Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:20

«Mənim vəziyyətim ikiqat çətindir»


«Bəri başdan deyim ki, atamın böyük təsirini həmişə hiss etmişəm»

«Bəri başdan deyim ki, atamın böyük təsirini həmişə hiss etmişəm»

«Azərbaycan» qəzetinin dekabrın 23-də çıxan sayında prezident İlham Əliyevin «Mənim universitetlərim» başlıqlı məqaləsi dərc olunub. Məqalədə ölkə başçısı yazır ki, az qala dünyaya gəldiyi ilk gündən bəri Heydər Əliyevin oğlu barədə müxnəlif şaiyələr dolaşmağa başlamışdır: «Onlar bir növ mənim kölgəm olublar. Özü də pis kölgə olmuşlar, gizlətmirəm, çox zaman da mənə maneçilik törətmişlər».


Cənab Əliyev yazır ki, şaiyələr işləməyə mane olur: «Bəri başdan deyim ki, atamın böyük təsirini həmişə hiss etmişəm».


Prezident yazır ki, təhsil illərində çoxları elə bilirdi ki, Heydər Əliyevin oğlu ağına-bozuna baxmadan atasının vəzifəsindən sui-istifadə edəcək: «Ancaq atam mənə uşaqlıqdan izah etmişdi ki, belə hallara yol vermək olmaz, mən də bədxahların (onlar həmişə çox olublar) ailəmizə hücum etməmələri üçün heç bir bəhanə verməmişəm».


İlham Əliyev yazır ki, məktəbdə tez-tez dalaşarmış: «Arada döyülürdüm də, ancaq heç vaxt məni incidənlərdən atama şikayət etmirdim».


«Mən atamın yolu ilə getdiyim üçün fəxr edirəm»,- yazan dövlət başçısı 1987-ci ildə Heydər Əliyevin Siyasi Büro üzvlüyündən azad edilməsindən, onun doğmalarının təqibindən danışır: «Detallara varmaq istəmirəm. Bizə qarşı alçaqlıq edənlərin alçaqlığı qoy onların vicdanına yazılsın. Ancaq onu demək istəyirəm ki, mən aldığım biliklərə görə, minnətdar olduğum MDBƏİ-dən getməli oldum və bizneslə məşğul olmağa başladım. Mən ticarət və istehsalat firmalarına rəhbərlik edirdim. Mənim Moskvada paltar fabrikim vardı. Sonra treydinqə əl atdım. Hər şey uğurla gedirdi. Daha sonra İstanbula köçüb orada biznesi davam etdirdim».


Ölkə başçısı yazır ki, Moskva həyatı illərində o, Mehriban Əliyeva ilə evlənib: «Mə onu Azərbaycanda ən gözəl qız sayıram».İlham Əliyev yazır: «Vətəndən uzaqda inanılmayacaq dərəcədə ağır idi. Biz Vətənə can atırdıq, ancaq orada düşmənlər hökm sürürdü və Bakı bizim üçün təhlükəli idi».


Ölkə başçıs məqaləsində bildirir ki, 1994-cü ildə ona yüksək bir vəzifə həvalə edildi: «Mən Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti oldum. Hər şey gözlənilmədən oldu. Atam məni çağırıb dedi: bu işlə məşğul olmaq lazımdır, bu, ölkə üçün çox vacibdir. Heydər Əliyevin sözü mənim üçün həmişə qanun olub. Vacibdirsə, deməli, vacibdir». Prezident yazır: «Məndən tez-tez soruşurlar: sizə hansı peşəkar vərdişlər kömək edir? Ən birincisi – xarici dilləri bilməyim. İnsanlarla onların öz dilində, tərcüməsiz-filansız ünsiyyətə girmək nə qədər asan və səmərəlidir».


Ölkə başçısı məqalədə bildirir ki, «Mehriban mənim böyük dayağımdır. Bir çox məsələdə Mehribanla mənim baxışlarım ümumidir».


4 avqust 2003-cü ildə Baş nazir olmasına toxunan İlham Əliyev yazır: «Neçə dəfə eşitmişəm ki, arxamca deyirlər: «Onu atası qabağa çəkir», «yaxud Heydər Əliyev prezident olmasa, İlham bu nailiyyəti əldə edə bilməzdi». Belələrinə nə cavab verəsən? Hər bir ölkə üçün hakimiyyətin varisliyi məsələsi çox aktuladır. Ona görə də Heydər Əliyevin öz xələfi barədə narahatlıq keçirməsi təbiidir. Bundan əlavə o, öz xələfini əvvəlcədən hazırlamağa başlamışdı. Atam öz siyasətçi təcrübəsini addım-addım mənə ötürür, bu və ya digər vəziyyətdə özünün necə hərəkət edə biləcəyini mənə izah edirdi».


İlham Əliyev bildirir ki, onun işi daha asandır, çünki «atam mənim üçün canlı nümunədir».


Bürokratiya və formalizmə toxunan ölkə başçısı «biz onunla bütün sahələrdə yuxarıdan-aşağıya, aşağıdan-yuxarıyadək amansızlıqla mübarizə aparmağa borcluyuq», - yazır.


«Mən prezidentin varisi deyiləm, mən öz atamın varisiyəm, ailəmizin varisiyəm. Mənim atam prezident olmayanda da mən varisliyin məsuliyyətini hiss edirdim. Hətta onu da qeyd edim ki, Heydər Əliyevin əsl varisi mənim oğlum, ailəmizin ən kiçik üzvü Heydər Əliyevdir», - deyə ölkə başçısı bildirir.


«Bəzən məndən soruşurlar: «Nə üçün siz, prezident Heydər Əliyevin oğlu, yeni prezident oldunuz?. Belə məqamda sualla sualla cavab vermək ehtiyacı yaranır: «Nə üçün prezidentlərin oğulları prezident ola bilməzlər? Maraqlıdır, görəsən, ABŞ prezident kiçik Corc Buşa bu sualı vermişlərmi? Axı məlum olduğu kimi, onun atası böyük Corc Buş eks- prezidentdir. Hakimiyyətin ailə üzvlərinin birindən digərinə keçməsi müasir dünyada özlüyündə antidemokratik fakt sayılmır. Belə hallar olub və olur. Varisin şəxsi keyfiyyətləri, tarix tərəfindən ona həvalə edilən missiyanı yerinə yetirmə bacarığı daha vacibdir».


Məqalənin sonunda ölkə başçısı yazır: «Mən hesab edirəm ki, mənim vəziyyətim ikiqat çətindir. İlk növbədə ona görə, ki, 21-ci əsrin əvvəllərində həm xalq, həm də ölkə üçün çox şey etmək lazımdır.İkincisi, mən Heydər Əliyevin uğurlu yolunu davam etdirməli, və bu zaman yeni zirvələr fəth etməliyəm. Mən həm xalq qarşısında, həm də onun indiki şəraitdə sadəcə olaraq alternativi olmayan siyasi irsini qorumaq və artırmaq baxımından atamın qarşısında cavabdehəm».


XS
SM
MD
LG