Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:54

«Şengen» ərazisi genişlənir


Lüksemburqda «Şengen» müqaviləsinə ucaldılmış abidə

Lüksemburqda «Şengen» müqaviləsinə ucaldılmış abidə

Dekabrın 20-si Avropa Birliyinin daha 9 ölkəsi «Şengen» müqaviləsinə qoşulur. Sərhədlərini açanlar Avropa Birliyinin yeni üzvləri - Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya və Sloveniyadır. Dekabrın 21-dən bu ölkələr arasındakı sərhəd məntəqələri yığışdırılacaq, vətəndaşlar sərhədləri pasportlarını göstərmədən keçəcəklər.


Yoxlamalar yalnız aeroportlarda mart ayına qədər davam edəcək. Bu, o deməkdir ki, indi bir «Şengen» vizası almaqla Avropanın 24 ölkəsini, yəni İspaniyadan tutmuş Estoniyaya qədər 700 min kvadrat metrlik ərazini gəzmək mümkün olacaq. Amma Şengen vizasını müqaviləyə təzə üzv olan ölkələrdən almaq hələ ki, mümkün deyil. Yəni məsələn, Almaniya və ya Fransa səfirliyindən alınan vizayla Şengen üzvü olan 24 ölkəni, o cümlədən Çexiyanı, Macarıstanı gəzmək olar. Amma Çexiyanın, Macarıstanın səfirliyinin verdiyi vizalarla Almaniya və ya Fransaya getmək hələ mümkün deyil. Çünki Şengenə yenicə üzv olan ölkələrə viza vermək üçün hələ məhdudiyyət qoyulub.


Amma Şengen ölkələrinin əhalisi üçün daha vacibi iqtisadi durumun yaxşılaşmasıdır. Avropanın bu başından o başına yoxlamasız, maneəsiz gediş–gəliş yüz milyonlarla avropalıya böyük maddi gəlir gətirib. Fransız Corc Kleyn 40 il Lüksemburqda aşpaz işləyib. İndi pensiyasını Fransadan alır. Lüksemburqa isə pivə içməyə gedir. Deyir, pivə Lüksemburqda daha ucuzdur. «Azadlıq» radiosuna müsahibəsində Kleyn Lüksemburqda nəqliyyatın və yanacağın ucuz olduğunu, ona görə də yaşayışın yaxşı olduğunu deyib. Fransa və Lüksemburq «Şengen» müqaviləsinin ilk üzvləridir. Çexiyanın vətəndaşı, yaşı 50-dən çox olan Miroslava Şresthova da bu yenilikdən çox şey gözləyir:


«Biz sərhədsiz ölkəyə çevrilirik. Mən sovet dövründə doğulmuşam. Sərhədləri maneəsiz keçib getmək mən və dostlarım üçün son dərəcə gözəl hissdir. Başqa ölkələrdə oxumaq, işləmək də asanlaşacaq. Onsuz da Avropa Birliyi ölkəsi olduğu üçün bu, Çexiya vətəndaşlarına asan idi, amma indi daha da asanlaşır. Məhsulların gətirilməsinə heç bir maneə olmayacaq. Bütün bunlar müsbət haldır».


Amma Şengenə münasibət birmənalı deyil. Avropa Birliyi üzvlərindən olan Britaniya və İrlandiya sözügedən müqaviləyə ümumiyyətlə üzv olmayıb. Lüksemburqda inşaatçı işləyən Cozef Braun da sərhədlərin tam açılmasının tərəfdarı deyil və nəzarət üçün kiçik məntəqələrin qalmasını istəyir. Terrorla bağlı qorxu artdığı üçün çox adam Şərqi Avropaya sərhədlərin açılmasına razı deyil. Çexiyalı iqtisadçı Katerina Çernikova isə öz ölkəsi üçün narahatdır: «Məncə, Avropanın o biri ölkələrinə pasportsuz gedib-gəlmək yaxşıdır. Amma qorxuram ki, terrorçular üçün də Çexiyaya gəlmək asan ola. Ona görə bunun bizim üçün yaxşı, ya pis olduğunu deyə bilmirəm. Gələcəkdə görəcəyik».


«Şengen» müqaviləsi 1985-ci ildə Lüksemburqun Şengen kəndində imzalanıb. O vaxt sənədə Almaniya, Fransa, Belçika, Hollandiya və Lüksemburq imza atıb. 1995-ci ildə müqaviləyə qoşulan ölkələrin sayı 15-ə çatıb. Dekabrın 20-də daha 9 ölkənin təmsilçisi Şengen kəndinə gedib, müqaviləyə qoşulmaqla bağlı təntənəli mərasim keçirəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG