Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:40

Azərbaycanda 15 minə yaxın əcnəbi miqrant var


«Sədərək» Ticarət Mərkəzində Çin satıcısı, 25 fevral 2007

«Sədərək» Ticarət Mərkəzində Çin satıcısı, 25 fevral 2007

«Artıq neçə illərdir Azərbaycandayam. Camaatdan bir dəfə də eşitməmişəm ki, sən xaricisən, başqa yerdən gəlmisən...»


Məhəmməd Şərifi son 5-6 ildə Əfqanıstandan Azərbaycana gələn miqrantlardan biridir. Deyir ki, burda daha hansı işlər görməyib ki! Bazarda alverlə də məşğul olub, dülgər də işləyib, dərzi də. Şərifi bildirir ki, son bir-iki ildə isə öz həmvətənlərini Azərbaycanda tez-tez görür: «İşə görə gəlirlər, hər halda burda özlərinə uyğun iş tapa bilirlər».


Azərbaycanda əfqan miqrantları daha çox bazarlarda görmək olur. Pal-paltar satmaqla məşğul olurlar. Onların çoxunu qeyri-leqal miqrantlar da adlandırırlar.


Rəsmi statistikaya görə, indi Azərbaycanda 15 minə yaxın əcnəbi miqrant var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, onlar daha çox neft sektorunda işləyirlər. Məhəmməd Şərifinin ölkəsindən - Əfqanıstandan, onların qonşuları olan Pakistan və Hindistandan gələnlərin sayı isə son illər artmaqdadır. Bunu Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir. Onlar əmək müqaviləsi bağlamadan burda işləyənlərdir.


Əlövsət Əliyev: «Onların kifayət qədər ciddi problemləri var. Əmək miqrasiyasıyla bağlı parlamentdə illik kvota müəyyən olunmalıdr. Ancaq Azərbaycanda bir dəfə də olsun belə kvota müəyyən olunmayıb. Çünki ölkədə hələ iş yerlərinin mərkəzləşmiş uçotu aparılmır. Belə uşot aparılıb parlamentə təqdim olunarsa, onda bilmək olar ki, nə qədər əcnəbi miqrant tələb olunur».


Son vaxtlar Bakının küçələrində əllərində texniki məişət cihazları satan Çin vətəndaşlarını da görmək olar. Onlar nə rus dilində, nə Azərbaycan dilində, heç ingilis dilində də danışa bilmirlər. Ancaq rusca alıcıya satdıqları malların qiymətini başa salmağa çalışırlar. Onlar jurnalistlərlə söhbət etməyə meylli deyillər. Ancaq bir gənc qız səsini yazılmasını istəmədən özü və burdakı işi haqqında danışmağa razı oldu. Məni çox çətinliklə başa saldı ki, neçə illərdir Urumçidən bura gəlib aeroport ərazisində böyük ticarətlə məşğul olan qohumunun yanında qalır. Şəhərdə fen, ütü satır. Dediyinə görə, Bakıda pis dolanmır.


Miqrantlara Hüqiqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə deyir ki, indi Bakıda Çin vətəndaşlarını görmək çox olsa da, onlar bura qısamüddətə gələnlərdir və miqrant sayılmırlar. Əliyev həm qeyri-leqal, həm də leqal miqrantlara ölkədə münasibətin yaxşı olmadığını da bildirir: «Miqrantlara münasibət çox pisdir. Onlar tez-tez ölkədən deportasiya olunurlar. Hər il 300-ə yaxın əcnəbi Azərbaycandan çıxarılır. Onların arasında elələri var ki, burda daimi yaşayırlar. Ancaq onlara miqrant statusu verilmir. Sənədləri hələ yoxdur. Xaricə getmək hüquqi məhdudlaşdırılır. 14-15 il yaşayanlara vətəndaşlıq verilmir».


Son vaxtlarsa hökumət ölkəyə əcnəbi işçi qüvvəsinin daha çox gələcəyini proqnozlaşdırır. Prezident İlham Əliyev demişdi ki, iqtisadiyyat inkişaf etdikcə,


miqrantlara da ehtiyac daha çox olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovsa deyir ki, gələcəkdə əcnəbilərin işçi qüvvəsi daha da çoxalacaq: «Azərbaycanın inkişafı üçün əməkçi miqrantların sayını artıracağıq. Biz də istəyirik ki, azərbaycanlılar daha çox işlə təmin olunsunlar. Ancaq mütəxəssis yoxdursa, biz işçi kimi əcnəbiləri cəlb etməliyik. Ancaq o da var ki, əmək miqrasiyası istənilən səviyyədə idarə olunmur. Qanunvericilikdə dəyişikliklər olmalıdır».


Qanunvericiliyə görə, əcnəbilər Azərbaycanda onları işə cəlb edən hüquqi və fiziki şəxslər tərəfindən müvafiq icazə alandan sonra əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Belə icazələrin verilməsinə 2001-ci ildən başlanıb. Nazirlik tərəfindən verilmiş fərdi icazələrlə işləyən əcnəbilərin sayı 1315 nəfərdir.


Günün bütün mövzuları

XS
SM
MD
LG