Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:21

Bələdiyyələr, yoxsa torpaq alverçiləri?


Azərbaycanda bələdiyyələr daha çox torpaq alqı-satqısına görə tanınır
Azərbaycanda bələdiyyələr daha çox torpaq alqı-satqısına görə tanınır

Azərbaycanda bələdiyyələr daha çox torpaq alqı-satqısına görə tanınır. Ancaq «Bələdiyyələr haqqında» qanuna görə, onların fəaliyyəti təkcə bununla bitmir. Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli: «Qanunvericilikdə göstərilib ki, bələdiyyələr vətəndaşların təşkilinin elə bir sistemidir ki, onlar yerli əhəmiyyətli, sosial, iqtisadi və mədəni məsələləri sərbəst və müstəqil şəkildə həll etməlidirlər».


Tofiqli neçə illərdir bələdiyyələrin işinin araşdırır. Deyir ki, bələdiyyələr vətəndaşa aid bütün sosial məsələlərlə məşğul olmalıdır. Bunu etmək üçün imkan və maliyyə olmalıdır: «Bələdiyyələrin səlahiyyətinə aztəminatlı ailələrin sosial məsələlərinin həlli, məhəllədaxili yolların təmiri və abadlaşdırılması, işsizlik məsələlərinin aradan qaldırılmasına öz töhfəsini vermək var. Bu yaxınlarda prezidentin sərəncamıyla məzarlıqlar da bələdiyyələrə verildi. Burda da göstərilir ki, aztəminatlı ailələrə pulsuz xidmət göstərilməlidir».


Məzarlıqlar məsələsi əhalinin ağrılı yerlərindəndir. Torpağın qiyməti get-gedə daha çox bahalaşdığından məzar üçün ayrılan torpaqlar da bahalaşır. Əgər əvvəllər xüsusilə kənd yerlərində məzar yerləri pulsuz idisə, indi belə deyil.


Abşeron rayonunun Goradil kəndinin sakini Şəlalə Qədirova deyir ki, həyat yoldaşının dəfn günü bələdiyyə işçiləri deyirmişlər ki, tələb olunan pulu verməsəniz meyidi dəfn edə bilməzsiniz: «Görün, bizim bələdiyyələr nə işlə məşğuldurlar».


Yerli bələdiyyə təmsilçiləri isə kənd sakininin dediklərini təkzib edirlər.


Azərbaycanda ilk dəfə 1999-cu ilin dekabrında bələdiyyə seçkiləri keçiriləndə əhali bu yeni qurumun nə iş görəcəyi, camaatın hansı problemini həll edəcəyi, bir vətəndaş kimi özünün bu özünüidarəetmə orqanında necə təmsil olunacağı haqda necə az məlumatsız idisə, üstündən 8 il keçəndən sonra da bildikləri o qədər də fərqlənmir.


Rəyi soruşulanların 90 faizi bələdiyyə sədrini tanımayıb


Azərbaycan Regional İnkişaf Mərkəzi bu günlərdə Bakı və Sumqayıtda yerli bələdiyyələrin fəaliyyəti haqda sorğu keçirib. Mərkəzin sədri Çingiz İsmayılov sorğuda qoyulan suallar və verilən cavablar barədə bunu deyir: «90 faiz bələdiyyə başçısını tanımadığını deyib. «Bələdiyyələrin fəaliyyəti nəyi əhatə edir» sualına 73 faiz «torpaq satışı» cavabını verib. 17 faiz müxtəlif sosial problemləri. 10 faizsə deyib ki, bilmirik. «Bələdiyyə sizin hər hansı probleminizi həll edirmi» sualına 87 faz «yox» deyib. Bu cavablar onu göstərir ki, əhalinin böyük əksəriyyəti hesab edir ki, bələdiyyə torpaq satışı ilə məşğuldur».


Çingiz İsmayılov deyir ki, bələdiyyələr müəyyən işlər görsələr də, bu, sistemli deyil. Elə sistemsizlik də görülən işləri təbliğ etməyə imkan vermir.


Abşeron Bələdiyyələri Milli Assosiasiyasını sədr müavini Natiq Dünyamalıyev iradların çoxuyla razılaşmır: «Azərbaycanda 2700-dən artıq bələdiyyə var. Mən demirəm ki, bunların hamısı şəffaf, ideal işləyir. Təəssüf ki, belə deyil».


Onun fikrincə, əhalinin bələdiyyələrin işiylə maraqlanmaması, sakinlərin fəal olmamasıyla bağlıdır: «İldə iki dəfə əhalini zorla toplayıram ki, hesabat verim. Hər toplantıda deyirəm ki, hər bir sakin bələdiyyə üzvüdür. Deyirəm, siz burda fəal iştirak etməlisiz, tələb etməlisiz ki, mən nə iş görürəm, sizin vəsaitinizi hara xərcləyirəm. Amma camaat bunu yaxın buraxmır».


Güzdək kəndi Abşeron rayonunun ərazisidir. Bura gedib-gəlmək böyük əziyyət hesabına başa gəlir. Çünki kəndin şəhərə işləyən öz avtobusu yoxdur. Kəndin başqa problemləri də var. Ancaq nəqliyyat məsələsi o biri problemləri kölgədə qoyub. Kənd camaatı dəfələrlə bu haqda uyğun yerlərə, o cümlədən bələdiyyəyə müraciət edib. Ancaq faydası yoxdur. Kənd sakini Könül Abdullayeva: «Dəhşətdir. Bunu hamı bilir, bələdiyyə də, Nəqliyyat Nazirliyi də».


Azərbaycan bələdiyyələri palçıq vulkanları ətrafında, altından yüksək gərginlikli elektrik xətləri keçən ərazilərdə də vətəndaşlara torpaq satır, onların bu ərazilərdə yaşayış evləri tikmələrinə icazə verir. Dövlət Xəritəçəkmə və Torpaq Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyiylə birlikdə aşkar edib ki, ayrı-ayrı bələdiyyələr palçıq vulkanları ətrafında evlərin tikilməsi üçün yüzlərlə sərəncamlar veriblər. Dövlət Xəritəçəkmə və Torpaq Komitəsinin sədri Qərib Məmmədov deyib ki, bu, çox təhlükəlidir. Səlahiyyətli orqanlar deyirlər ki, bələdiyyələrin həmin sərəncamları ləğv olunmalı, oradakı evlər də sökülməlidir.


Neçə illərdir Abşerondakı palçıq vulkanları ərazisində yaşayan Nəriman Talıbov isə deyir ki, heç yerə köçmək fikri yoxdur. Ona icazəni bələdiyyə, icra hakimiyyəti verib.


«Bələdiyyə sədrini icra hakimiyyətindən asılı edən elə qanunvericilikdir»


Bələdiyyələrin xüsusilə icra hakimiyyətindən asılı olması haqda fikirlər də cəmiyyətdə özünə yetərincə yer edib. Azərbaycan Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov: «Bələdiyyə tam müstəqil idarəetmə qurumudur. Ancaq Sumqayıt Bələdiyyəsi Şəhər İcra Hakimiyyətinin binasında yerləşir. Bu, nə dərəcə düzgündür?»


Sumqayıt Bələdiyyəsindənsə deyirlər ki, onlar heç də özlərini icra hakimiyyətindən asılı saymırlar. Bina məsələsinə gəldikdəsə maliyyə imkanları məhdud olduğundan, müvəqqəti icra hakimiyyətində yerləşiblər.


Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə də bələdiyyələrin asılı olması fikrini qəbul etmir: «Bizim qanunlarda bələdiyyələr müstəqildir və heç bir orqanın qarşısında cavabdehliyi yoxdur. Cavabdehlik yalnız əhalinin qarşısındadır. İşini düzgün qura bilməyib hər hansı fırıldağa yol verən bələdiyyə sədri özünü icra hakimiyyətindən asılı vəziyyətə salır».


Vaxtilə Ağsu rayonunun Padarqışlaq kənd bələdiyyəsinin sədri işləmiş Vüqar Müzəffərli isə deyir ki, bələdiyyə sədrini icra hakimiyyətindən asılı edən elə qanunvericilikdir: «Hər şey «Bələdiyyələrin statusu haqqında» qanundan başlayır. Orda status dəqiq təfsir olunmayıb. İstənilən vaxt icra hakimiyyəti strukturu bələdiyyənin fəaliyytinə müdaxilə edə bilər. İcra hakimiyyətindən asılı olmayan bələdiyyə sədri yoxdur. Ona görə ki, seçkilər şəffaf keçirilmir». Müzəffərli deyir ki, məhz icra hakimiyyətinin asılılığından qurtarmaq üçün bələdiyyə sədri vəzifəsindən istefa verib.


İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi bir neçə xarici təşkilatla Azərbaycanda bələdiyyələrin gücləndirilməsi işinə başlayıb. Mərkəzin sədr müavini Rövşən Ağayev deyir ki, vətəndaş cəmiyyəti kimi bələdiyyələrin gücləndirilməsinə vəkillik etmək istəyirlər. Bunun üçün bir neçə qeyri-hökumət təşkilatı ilə birlikdə Alyans da yaradıblar: «Ən ciddi fəaliyyətimiz ona yönələcək ki, qərar qəbul edən qurumların, söhbət dövlət orqanlarından gedir, qarşısında bələdiyyələrin əsas problemlərini qaldıraq».


«Nə qədər maarifləndir, yenə də oğurlayırlar»


Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə deyir ki, vətəndaşlardan gələn şikayətləri dəqiq araşdırmağa çalışırlar. Təkcə bu il Azərbaycanda 23 bələdiyyə təmsilçisi cinayət məsuliyyətinə cəlb olunub. Onlar qanunsuz torpaq satmaqda və mənimsəmədə ittiham olunublar. Maraqlıdır ki, bələdiyyələr təzə-təzə formalaşanda onlardan şikayətlər və mənimsəməyə görə həbs olmalar indikindən çox az olub. 2006-cı ildə 15, 2006-cı ildə 17 cinayət işi açılıbsa, 2007-ci ildə bu rəqəm 23-dür.


Mehdi Səlimzadə: «Burda üstünlük kənd bələdiyyələrinə məxsusdur. Təkbaşına qərarlar verirlər. Nə qədər maarifləndir, yenə də oğurlayırlar. Bəlkə də mərkəzdən uzaqdırlar deyə hesab edirlər ki, cəzadan kənar qala bilərlər, ona görə də qanun pozuntularına yol verirlər».


Bu il Azərbaycanda bələdiyyələrin yaradılmasının 8 ili tamam olur. Bələdiyyələrin güclənməsi üçün bu illər ərzində beynəlxalq təşkilatların da çoxsaylı təklifləri olub. 2002-ci ildə Azərbaycan Avropa Yerli Özünüidarəetmə Xartiyasını ratifikasiya edib. Həmin Xartiyada deyilir ki, effektiv yerli özünüidarəetmə demokratiyanın əsas elementidir. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Halvdan Skardsa deyib ki, bələdiyyələrin statusu haqqında qanun bələdiyyələrin öhdəliklərini izah etməli, onların tam və müstəsna səlahiyyətləri çərçivəsində həyata keçirməli olduqları bir sıra funksiyalar müəyyənləşdirilməlidir. Avropa Şurası Yerli Hakimiyyətlər Konqresi Palatasının sədri Yan Mikollofsa bildirib ki, konqres nümayəndələri dəfələrlə Azərbaycanda icra hakimiyyətlərinin səlahiyyətlərinin bələdiyyələrə verilməsi məsələsini müzakirə ediblər. Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyələrinə görə, ötən il Azərbaycanda Bələdiyyələr Assosiasiyası yaradılıb. Şəhər, qəsəbə və kənd bələdiyyələrinin də daxil olduğu bu qurum özündə 2700-dən artıq bələdiyyə orqanını birləşdirir.


Dekabr ayında Milli Məclisin Regional Məsələlər Daimi Komissiyası «Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında» qanun layihəsini müzakirə etdi. Layihədə bələdiyyələrə təhsil, mədəniyyət, səhiyyə, ictimai nəqliyyat, təsərrüfat əhəmiyyətli obyektlərin idarə olunması və inkişaf etdirilməsiylə bağlı səlahiyyətlərin verilməsi nəzərdə tutulur. Ancaq layihədə o da göstərilir ki, bu səlahiyyətlərin verilməsi icra hakimiyyətləriylə bələdiyyələr arasında razılıq əsasında həyata keçirilməlidir. Müzakirələrdən sonra qanun layihəsi parlamentin müzakirəsinə çıxarılacaq.


Həm yerli, həm də beynəlxalq ekspertlərsə deyirlər ki, Azərbaycanda bələdiyyələrin əsl müstəqil, dövlət orqanından asılı olmayan, güclü idarəetmə strukturu olması üçün ilk növbədə azad və şəffaf seçkilər keçirilməlidir. Bələdiyyənin büdcəsi indikindən bir neçə qat artıq olmalı, azad sahibkarlıq inkişaf etdirilməli, sahibkarlıqda monopoliya tamamilə ləğv olunmalıdır ki, bələdiyyələr öz ərazilərindəki kiçik iş yerlərini, istehsal sahələrini genişləndirməklə maliyyə imkanlarını artırsınlar. Korrupsiya, rüşvətlə mübarizə elə aparılmalıdır ki, heç bir bələdiyyə sədri və nümayəndəsi vətəndaşın haqqına əl uzatmağa cəsarət etməsin. Vətəndaş da bələdiyyəni öz həyəti, məhəlləsi, kəndi, şəhəri bilib onunla sıx, həm də aydın münasibətlər əsasında işləməlidir. Onda inkişafdan danışmaq olar. Ekspertlər onu da deyirlər ki, bu işlərə başlamaq üçün 2 ildən sonra Azərbaycan üçün növbəti şans yaranacaq. 2009-cu ildə Azərbaycanda növbəti bələdiyyə seçkiləridir. İnkişafa çatmaq üçün ilk növbədə həmin seçkilər azad və açıq keçirilməlidir.


XS
SM
MD
LG