Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:13

Ziddiyyətli Kosovo…


Kosovo müstəqillik əldə edəcəyi təqdirdə bu, universal prinsipə çevriləcəkmi?
Kosovo müstəqillik əldə edəcəyi təqdirdə bu, universal prinsipə çevriləcəkmi?

Çox nadir hallarda hər hansı bir beynəlxalq problem çoxlu sayda dövlət üçün, xüsusən də gənc dövlətlər üçün mühüm maraq kəsb edir. Əksər hallarda beynəlxalq problemlər daha çox böyük dövlətlərin müzakirə predmeti hesab edilir, kiçik dövlətlər isə onlara münasibətdə əsasən seyrçi mövqe tutur və ən yaxşı halda hər hansı bir tərəfə münasibətdə müttəfiqlik nümayiş etdirirlər.


Bu problemlərin sırasında Kosovo bəlkə də yeganə problemdir ki, eyni zamanda çoxlu sayda dövləti düşündürür. Problemin bu qədər maraq kəsb etməsinin səbəbi budur ki, burada dövlətlərin heç də həmişə uğurla həll edə bilmədiyi dilemma-ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etməsi məsələsi gündəliyə gəlir, yəni söhbət siyasi sərhədlərin yenidən cızılmasından gedir.


Sonuncu problem XX əsrin ən mühüm problemə çevrilmişdi. Hər yeni münaqişə zamanı dövlətlər ərazi bütövlüyü prinsipi ilə millətlərin öz müqəddəratını təyin etməsi prinsipini uzlaşdırmağa cəhd etsələr də əksər hallarda üstünlük birinciyə verilirdi. Yeni XXI əsr də bu problemi birmənalı şəkildə həll etməkdə acizdir, yenə də iki prinsipin hər ikisini təmin etməyə cəhd edilir, amma bu cəhdlər heç də həmişə uğurlu olmur.



Hər yeni münaqişə zamanı dövlətlər ərazi bütövlüyü prinsipi ilə millətlərin öz müqəddəratını təyin etməsi prinsipini uzlaşdırmağa cəhd etsələr də, əksər hallarda üstünlük birinciyə verilirdi. Yeni XXI əsr də bu problemi birmənalı şəkildə həll etməkdə acizdir, yenə də hər iki prinsipi təmin etməyə cəhd edilir, amma bu cəhdlər heç də həmişə uğurlu alınmır

Kosovo ilə bağlı çoxlu sayda suallar meydana çıxır. Kosovo müstəqillik əldə edəcəyi təqdirdə bu, universal prinsipə çevriləcəkmi? Rusiya necə hərəkət edəcək? Keçmiş SSRİ respublikaları ərazisindəki separatçı rejimləri tanıyacaqmı? Bəs separatizmdən əziyyət çəkən keçmiş sovet respublikalarının özləri nə edəcək, onlar Kosovonun müstəqilliyini tanıyacaqlarmı?


Universal prinsip məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, bunu ancaq Rusiya israr edir. Digər dövlətlər Kosovo presedentində heç də universallıq axtarmırlar. Çox maraqlıdır ki, bu hadisənin universal prinsipə çevrilməsi heç Rusiyanın öz maraqlarına da cavab vermir. Rusiya federativ dövlətdir və məlum olduğu kimi, heç də ideal federativ dövlət deyil. Çeçenistanda müharibə yenicə bitib, bu ərazidə hələ də dayanıqlı sülh bərqərar olmayıb. Bundan başqa, müstəqilliyə ideal namizəd-Tatarıstan var. Amma Rusiya belə hesab edir ki, indiki vaxtda o Serbiya ilə müttəfiqlik nümayiş etdirməli, məsələnin alınmayacağı təqdirdə isə onu universal prinsipə çevirərək öz ərazisindən kənardakı münaqişələrə tətbiq etməlidir.


Göründüyü kimi, Rusiya bütün hallarda problemi özü üçün uduşlu varianta çevirmək istəyir. Həmişə olduğu kimi Rusiya heç bir halda uduzmaq istəmir. Hər iki variantda məsələni öz milli maraqlarına tabe etmək-Rusiyanın apardığı mürəkkəb siyasi oyunun mənası budur.


Münaqişələr bir çox ölkələrin ərazisində var. Bu, İspaniyadan tutmuş Kanadaya qədər böyük dövlətlər ansamblını əhatə edir. Amma həmin həlqədə ərazisində etnik münaqişələr olan kiçik və gənc dövlətlər də var. Onlar keçmiş sovet respublikaları, daha dəqiq desək, MDB dövlətlərinin bir qismidir. İndi bu respublikalar problem qarşısında dayanıblar. Əslində onları problem qarşısında qoyan əsasən Rusiyadır. Bəlkə də Rusiyanın sözügedən bəyanatı olmasaydı vəziyyət indiki qədər mürəkkəb olmayacaqdı.


Artıq GUAM dövlətləri problemə öz baxışlarını formalaşdırmağa çalışırlar. Bu, problemə hazırlıqlı olmaq, onu vaxtından əvvəl neytrallaşdırmaq üçün yaxşı yoldur. Onu da qeyd etmək lazımdır ki, Rusiyanın hədəfində daha çox Gürcüstandakı iki münaqişədir. Üstəlik, indi Gürcüstan-Rusiya münasibətləri elə vəziyyətdədir ki, böyük şimal qonşusundan hər şey gözləmək mümkündür. Amma Rusiya bu addımı atacaqmı? Gürcüstana münasibətdə Rusiya bunu edə bilər, çünki bu dövlət birmənalı şəkildə Rusiyadan uzaqlaşmaq, NATO-ya inteqrasiya olunmaq xəttini götürüb. Artıq Rusiya onu dayandırmaq iqtidarında deyil. Düzdür, burada bir nüans var-Gürcüstandakı prezident seçkiləri vəziyyəti dəyişə bilər. Amma bunun ehtimalı azdır. Əksər müşahidəçilərin fikrincə seçkilərdə M.Saakaşvilinin qalib gəlmə şansı daha çoxdur.


Beləcə, ziddiyyətli Kosovo problemi böyük bir region üçün narahat anlar deməkdir. Qərb dövlətləri özləri də bunu dərk edir və problemin həllini mümkün qədər yubatmağa çalışırlar. Amma siyasətdə zaman bir qayda olaraq problemlərdən uzaqlaşdırmır və onları sadələşdirmir, əksinə onlara daha da yaxınlaşdırır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG