Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:20

«Son 20 ildə bir-birimizdən aralı düşmüşük»


«Biz Azərbaycanla birgə yaşayış formulu tapmalıyıq»
«Biz Azərbaycanla birgə yaşayış formulu tapmalıyıq»

Dekabrın 17-dən Yerevandakı məktəblərin birində - Aşot Bleyanın rəhbərlik etdiyi «Mxitar Sebastatsi» Təhsil Mərkəzində «Azərbaycan həftəsi» başlayıb. Həftə çərçivəsində məktəbin yuxarı sinif şagirdləri «Azərbaycanlı yaşıdıma açıq məktub», «Azərbaycanı necə təsəvvür edirəm», «Ermənistanla Azərbaycanın gələcəyini necə görürəm» mövzusunda inşa müsabiqəsində iştirak edəcəklər. Bundan başqa, iştirakçılara «Sərhədləri açın!» filmi göstəriləcək. Luiza Poqosyanın bu filmi Ermənistanda və Dağlıq Qarabağda çəkilib. Tədbirin təşkilatçılarından biri də Böyük Britaniyanın Ermənistandakı səfirliyidi. TƏDBİRDƏN FOTOLAR


Məktəbin direktoru Aşot Bleyan «Azadlıq» radiosuna deyib ki, indi onlar «Dialoqa doğru addım» adlı böyük layihə reallaşdırırlar. İstəyirlər ki, yuxarı sinif şagirdləri, müəllimlər və bütün ictimaiyyət Ermənistanın qonşularını - Azərbaycan, Türkiyə, İran və Gürcüstanı daha yaxşı təsəvvür etsinlər. Bleyan ümid edir ki, bu tədbir iki xalq arasında dialoqun yaranmasına kömək edəcək. Çünki indi problemin həlli ilə siyasətçilər məşğul olur və cəmiyyət bu işdən təcrid olunub.


Aşot Bleyan: «Biz bir-birimizi pis başa düşürük, son 20 ildə bir-birimizdən aralı düşmüşük. Biz indi bir-birimiz haqqında danışmaq yox, bir-birimizlə danışmaq istəyirik – dostumuzla, qonşumuzla. Bu, çox vacibdi. Cəmiyyətin yeni təbəqələrini cəlb etməsək, problemin həlli mümkün deyil. Yuxarı sinif şagirdləri gələcəyin tələbələri, işçiləridi. Ermənistanda 50 min müəllim var. Biz bu təbəqələri problemin həllinə qoşmalıyıq. Hakimiyyət cəmiyyətsiz bunu həll edə bilməz. Məsələn, mənin münaqişənin həlli haqda bir fikrim var, başqa birisinin öz fikri. Bəs gənclik nə düşünür? Onların adından kimin danışmağa haqqı var? Bəlkə onlar problemdən daha asan çıxış yolu tapacaqlar?»


«Mxitar Sebastatsi» dövlət məktəbidi. Məktəbin direktoru Aşot Bleyanı Azərbaycanyönlü mövqe tutduğuna görə, tez-tez tənqid edirlər. O, Ermənistanın keçmiş Maarif naziridi, həm də indiki prezidentliyə namizəd Levon Ter-Petrosyanı dəstəkləyir.


Bleyan hesab edir ki, iki xalq arasında münasibətlərin normallaşması heç də təkcə Qarabağ probleminin həllindən keçmir: «Mən həmişə deyirəm; adamlar bildirəndə ki, münaqişənin kompromis həlli olmalıdı, mənsə deyirəm ki, biz Azərbaycanla birgə yaşayış formulu tapmalıyıq. Elə bir formul ki, biz 21-ci əsrdə necə birgə yaşamalıyıq?».


Yerevandakı Azərbaycan həftəsinə Azərbaycandan da nümayəndələr qatılıb. İştirakçılardan biri – gənc yazıçı Seymur Baycan öz çıxışında deyib ki, belə tədbirlər yaxşıdı, amma bu cür sülhpərvər mərasimləri bir mərmi məhv edə bilər.


Aşot Bleyanın rəhbərlik etdiyi «Mxitar Sebastatsi» Təhsil Mərkəzində təxminən 3 yaşından 16 yaşınacan 2000 şagird var.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG