Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:22

Parisdə və Strasburqda rəsmi Bakı kəskin tənqid hədəfində olacaq


AŞ PA-nın qış sessiyasının Azərbaycan üçün gərgin olacağı heç kimdə şübhə yaratmır

AŞ PA-nın qış sessiyasının Azərbaycan üçün gərgin olacağı heç kimdə şübhə yaratmır

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsində Azərbaycandakı vəziyyət müzakirə olunacaq. Bunu jurnalistlərlə söhbətində Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədr müavini, millət vəkili Gültəkin Hacıyeva deyib.


Millət vəkilinin sözlərinə görə, AŞ PA-nın Monitorinq Komitəsinin iclası dekabrın 18-də Parisdə keçiriləcək və Azərbaycanla bərabər monitorinq altında olan digər ölkələrlə bağlı məsələ də gündəmdə olacaq.


«Ayna» deputata istinadən yazır ki, AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçilərinin Monitorinq Komitəsi üzvlərinə ölkədəki vəziyyətlə bağlı məlumat verməsi nəzərdə tutulur. O da bildirilir ki, əgər Monitorinq Komitəsinin gündəliyi sıx olsa, Azərbaycanla bağlı müzakirələr AŞ PA-nın yanvarda keçiriləcək qış sessiyası çərçivəsində Monitorinq Komitəsinin iclası zamanı aparılacaq.


«Millət vəkilinin versiyasına baxmayaraq, Paris toplantısında Azərbaycanla bağlı məsələnin müzakirəsi labüddür. Analitiklərə görə, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin durumu qış sessiyasının plenar iclasında diqqət mərkəzində olacaq. Məsələnin plenar iclasın gündəliyinə daxil olması ilə bağlı Monitorinq Komitəsinin iclasında qərar olmalıdır. Məhz bu qərarın da Parisdə veriləcəyi gözlənilir. Hərçənd Azərbaycanla bağlı məsələnin qış sessiyası zamanı müzakirə olunması üçün AŞ PA-nın yaz sessiyasında qərar qəbul edilib. Amma müzakirəyə təqdim olunan müvafiq hesabat layihəsi ilk olaraq Monitorinq Komitəsində müzakirə edilir və rəsmi Bakıya səslənə biləcək istənilən ittihama cavab vermək imkanı yaradılır».


Analitiklərə görə, həm Monitorinq Komitəsinin, həm də AŞ PA-nın qış sessiyasının Azərbaycan üçün gərgin olacağı heç kimdə, hətta hökumət nümayəndələrində də şübhə yaratmır. Çünki son zamanlar çoxsaylı jurnalistin həbsə alınması, siyasi dustaqların azad edilməməsi, sərbəst toplaşmaq azadlığının yasaq olunması, siyasi fəaliyyət azadlığının təmin edilməməsi Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə daban-dabana ziddir.


«Əndazəsiz cərimələr»- «525» yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələr haqında yazıyı belə sərlövhə qoyub. Qəzet yazır ki, bu cərimələr orta aylıq əməkhaqqı ilə müqayisədə çox yüksəkdir.


«Bundan əvvəl kəmərdən istifadə etməyənlər 22 manatadək cərimə ödəyirdilər. Sərxoş şəkildə avtomobili idarə edənlər 88 manatdan 110 manatadək pul xərcləyirdilər. Əgər sərxoş sürücü başqasına ziyan vurursa, o zaman o 220 manatadək cərimələnə bilərdi. Yeni qanunvericilik aktı cərimələrin məbləğini fiziki, vəzifəli və hüquqi şəxslər üzrə qruplaşdırıb. Yol hərəkəti qaydalarını pozan zaman birincilər nisbətən az, sonuncular isə daha yüksək cərimə ödəməlidirlər. Məsələn, nəqliyyat vasitəsi sürücülük hüququ olmayan şəxsə veriləndə fiziki şəxslər 44, vəzifəli şəxslər 220 manatadək, hüquqi şəxslər isə 2200 manatadək cərimə oluna bilərlər. Bu təkrar olduqda sonuncuların 3300 manat ödəməsi tələb edilir. Avtoxuliqanlar 660 manatadək, tələsərək qırmızı işıqda keçənlər isə 110 manatadək cərimə edilirlər». Tədqiqatçıların rəyinə görə, cərimələrin məbləğləri kifayət qədər yüksəkdir.


«Baş prokurorun əmri ilə iki prokurorluq işçisi prokurorluq orqanlarından xaric edilib». «Ekspress» yazır ki, prokurorlar Rza Əhmədov və Elmira Mirzəzadə əmək intizamını pozduqları üçün orqanlardan çıxarılıblar.


Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, Əhmədov və Mirzəzadə kommersiya fəaliyyəti ilə məşğul olduqaları üçün prokurorluq orqanlarından xaric olunublar.


Dövlət orqanı olan «Xalq qəzeti» yazır ki, əmtəə dövriyyəsinin və pullu xidmətlərin həcmi artır.


«Dövlət Statistika Komitəsi məlumat verir ki, cari ilin yanvar-noyabr aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin eyni dövrünün göstəricisini 15,2 faiz üstələyərək 6,7 milyard manat olmuşdur. Dövriyyənin 47,4 faizi mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 36,3 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşmışdır».


Qəzet yazır ki, on bir ay ərzində əhaliyə 2,1 milyard manatlıq pullu xidmət göstərilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG