Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:45

«OVİR» - uzun növbələr, basabas, pul sövdələşmələri…


Adamlar növbələrdən, basabaslardan bezdiklərini deyirlər

Adamlar növbələrdən, basabaslardan bezdiklərini deyirlər

Xaricə getmək istəyənlərin hamısı Pasport və Qeydiyyat İdarəsini – «OVİR»i yaxşı tanıyırlar. Həftənin tək günləri bura səhər saat 6-dan 9-10-a, bəzənsə 1-ə qədər 300-400 adam toplaşır, uzun bir növbəyə dururlar. Amma bu növbələrdə durana qədər pasport almaq istəyən şəxs bəzi qaydaları yerinə yetirir.

Əgər vətəndaş istəyirsə ki, bir ay müddətində pasport alsın, onda 40 manat 40 qəpik ödəməlidi. Növbəyə duran adamların əlindəki sənədlərə baxanda, məlum oldu ki, 40 manat qəbzdə göstərilsə də, sənədlərdə öz əksini tapmır. Adamların əksəriyyəti bundan ya xəbərsizdir, ya da heç fərqinə varmır.


Digər bir məsələ 120 manat ödəyib bir həftəyə pasport almaq istəyənlərlə bağlıdı. Belə ki, növbədə dayanan bir neçə nəfər 120 manat ödədiyini desə də, onların sənədində həmin məbləğ göstərilməmişdi. Yəni onların da əllərindəki qəbzdə 40 manat ödədikləri qeyd olunmuşdu. Ancaq pul ödəyib qəbz almaq işin bir tərəfidir. Ən çətin mərhələ hələ qabaqdadı. Pul ödəyən vətəndaş həftənin tək günləri səhər tezdən - saat 5-6-dan «OVİR»in yan tərəfindəki qapının ağzında növbəyə durmalıdı ki, pasport almaq üçün qeydiyyata düşsün. Elə ən ciddi narazılıq da burda yaranır. Adamlar növbələrdən, basabaslardan bezdiklərini deyirlər.


Yuxusuna haram qatıb, birinci olmaq istəyənlər heç də həmişə birinci ola bilmirlər:


- Saat 5-dən burdayıq, sənədləri verə bilmirik. Adamlardan əlavə pul yığmaq üçün özləri basabas yaradırlar. Basabas olur, çətinlik olur, adamlar gedir xahiş edir, onda deyirlər ki, 120 manat ödəyin bir həftəyə alın.


Həftənin tək günlərindən fərqli olaraq pasportların sahiblərinə verildiyi cüt günlər belə basabaslar, narazılıqlar demək olar ki, müşahidə olunmur.


Bir müddət əvvəl ümumvətəndaş pasportunun verilməsinin asanlaşdırılmasıyla bağlı qaydalara dəyişiklik edilsə də, pasport almağa gələnlər vəziyyətin elə əvvəlki kimi qaldığını deyirlər. Adamların narazılığı həm də sənədlərin qəbul olunmasına ayrılan vaxtın azlığı ilə bağlıdır:


- Deyir, vaxt bitdi, belə şey olar, işdən çıxıb gəlmişəm.


Uzandıqca uzanan növbənin yaxınlıqdakı zibil qutularına qədər gedib çıxması gərgin mənzərəni bir az da gərginləşdirir.


Sənədlərini təhvil verib tələm-tələsik bu binadan uzaqlaşanlar hansısa əzablı bir işdən qurtulan kimi görünürlər. Burda çox az adamın üzündə təbəssüm olur. Olanlar da əsasən növbədən qurtulub, evə gedənlərdi.


Amma Daxili İşlər Nazirliyində hesab edirlər ki, vətəndaşların pasport almasında hər hansı problem yoxdur. Ödənilən rüsumlara, pasportların verilmə vaxtına gəlincə, nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, pasport alanlardan qanuni rüsumdan artıq pul tələb olunmur. Qaldı ki, bəzi adamların 120 manat ödəsə də, onlara 40 manatlıq qəbz verilməsinə, Zahidov buna inanmır. O, deyir ki, vətəndaş əgər 3 gün və ya bir həftə ərzində pasport almaq istəyirsə, buna görə artıq rüsum ödəməlidir. E.Zahidovun sözlərinə görə, bütün bunlar da hamısı sənədlərdə öz əksini tapır.


«Dövlət rüsumu haqqında» qanunla ümumvətəndaş pasportunun verilməsinə və dəyişdirilməsinə görə 5 iş günü müddətində 120 manat, bundan artıq müddətdə verildikdə, yaxud vətəndaşın və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda 2 gün müddətində verildikdə 40 manat müəyyən edilib.


Göstərilən rüsum formalarının tətbiqi ilə yanaşı bu ilin martından ümumvətəndaş pasportu 10 il müddətinə verilir.


Bəs necə olur ki, 120 manat ödəyən adamların sənədlərində 40 manat göstərilir? Hüquqşünas Ələsgər Məmmədli deyir ki, burda ya vətəndaş aldadılır, ya da ona bu sənədin tez-bir zamanda lazım olduğu əsas gətirilərək qalan səksən manat mənimsənilir. Qaldı ki, pasport alanlardan sənədlərdə qeyd olunmayan 40 qəpiyin alınmasına, Məmmədli bildirir ki, adamlar rüsum ödəyəndə banklarda bu məbləğ məcburi alınır. Hüquqşünas deyir ki, yüzlərlə adamdan alınan 40 qəpik ayda bir neçə min manat pul deməkdi. Ələsgər Məmmədli Pasport və Qeydiyyat İdarəsi qarşısında saatlarla uzanan növbənin də elə-belə baş vermədiyi qənaətindədir. Onun sözlərinə görə, belə növbələr olanda vətəndaşlar pasportu tez almaq üçün müxtəlif sövdələşmələrə daha çox meyilli olurlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG