Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:15

Azərbaycan və Ermənistan əsirləri azad etməyə çağırılır


Beynəlxalq İşçi Qrupun Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov

Beynəlxalq İşçi Qrupun Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov

Almaniyada mənzillənən əsir və girovlarla bağlı Beynəlxalq İşçi Qrup (BİQ) Azərbaycan və Ermənistanı öz aralarında əsir götürdükləri hərbçiləri şərtsiz azad etməyə çağırır. Təşkilatın Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov «Azadlıq» radiosuna bildirib ki, hər iki ölkə 2005-ci ildə sözügedən qrupun vasitəçiliyi ilə atəşkəs dövründə əsir düşən hərbçilərin azad edilməsi barədə öhdəlik götürsə də, buna əməl etmir.


Belə ki, hazırda Yerevanda ötən il əsir düşmüş Azərbaycan hərbçisi Samir Məmmədov, Bakıda isə bu yaxınlarda yaxalanmış erməni hərbçi Ambartsun Asaturyan saxlanır. Hər iki tərəf əsirlərin ölkələrinə qayıtmaq istəmədiyini iddia edirlər.


Əvəz Həsənov: «Hər iki ölkənin əsir və girovlarla iş üzrə Dövlət Komissiyalarından tələb edirik ki, razılaşmaya əməl etsinlər. Təbii ki, bu ənənə birinci Samir Məmmədovu gecikdirməklə Ermənistanda başladı. Biz onları tənqid etmişik. Hesab edirik ki, indi bu məsələni həll etmək lazımdır».


Həsənov deyir ki, əsirlərin ölkələrinə qayıtmaq istəməməsi mübahisəli məsələdir. Son vaxtlara qədər BİQ bu məlumatları yerində, əsirlərin özləri ilə araşdırırdı. Hazırda isə təşkilat maliyyə və texniki problemlərlə üzləşib və qrupun həmsədrləri bölgəyə səfər edə bilmirlər.


Ə.Həsənov əsirlikdən qaytarılan hərbçilərin sonradan həbs edilməsini də pisləyib. Deyib ki, son vaxtlar azad edilənlərin demək olar ki, əksəriyyəti həbsdədir. BİQ bunu pisləyir və hesab edir ki, əsirlikdən qayıdan hərbçilər haqqında cinayət işi qaldırılması bəlkə də başa düşüləndir. Çünki onlar hərbi hissəni özbaşına tərk ediblər, amma aparılan məhkəmə araşdırmaları və verilən cəzalar birtərəfli və ədalətsizdir.


Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının katibi Şahin Salıyev isə deyir ki, indiyədək Azərbaycana qaytarılan 1400-ə yaxın əsirdən təxminən 30-u həbs olunub. Bu da onların konkret cinayət əməli ilə bağlıdır. Salıyev bildirir ki, əsirlərin qaytarılması ilə bağlı öhdəliyə əməl etməyən Azərbaycan yox, Ermənistan tərəfidir. Belə ki, Samir Məmmədov əsir götürüldükdən üç ay sonra Ermənistan elan edib ki, o, geri qayıtmaq istəmir. Halbuki öhdəliyə görə, dərhal azad edilməli idi.


Əsir və girovlarla bağlı Beynəlxalq İşçi Qrupu 1998-ci ildə yaradılıb. İndiyədək bu qurumun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında çoxsaylı əsir və eləcə də cəsədlər ölkələrinə qaytarılıb. Təşkilat həm də Qarabağ müharibəsində itkin düşmüş 100-dən artıq insanın taleyinə aydınlıq gətirilməsinə kömək edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG