Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:46

Hüquq müdafiəçiləri siyasi məhbuslar üzrə məruzəçi təyin olunmasını istəyir


«Polisdə və istintaq təcridxanasında işgəncələr nəticəsində hər ay bir siyasi məhbus vəfat edir»
«Polisdə və istintaq təcridxanasında işgəncələr nəticəsində hər ay bir siyasi məhbus vəfat edir»

Azərbaycanın bir qrup hüquq-müdafiə təşkilatları Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət göndərib. Sənəddə, vurğulanır ki, Azərbaycan Avropa Şurasına qəbul olarkən hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınmış şəxsləri azad etmək və ya onların işinə yenidən baxmaq öhdəliyi götürüb. Sonra Avropa Şurasının Baş katibi Valter Şvimmerin ekspertlər qrupu siyasi məhbusun müəyyən olunması üçün meyarları dəqiqləşdirib. Bu meyarlar əsasında Azərbaycanda siyasi məhbusların olduğu sübut olunub və onların hüquq müdafiəçiləri tərəfindən hazırlanmış 716 nəfərdən ibarət siyahısı ictimaiyyətə təqdim olunub. Lakin baş verənlər göstərib ki, Azərbaycan hakimiyyəti siyasi məhbuslar barədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində deyil.


AŞPA-nın siyasi məhbuslar üzrə xüsusi məruzəçisinin mövcudluğu çox xeyirlidir. Əvvəllər bu funksiyanı Corc Klerfayt və Malkolm Bryus yerinə yetirirdi. Onların əməyi sayəsində siyasi məhbusların sayı 716-dan 32-yə enib. Bundan başqa, hakimiyyət 2005-ci ildə Siyasi Məhbusların işləri üzrə işçi qrup yaratmağa razılaşıb və daha 70 siyasi məhbus azad olunub.


Lakin 2005-ci ilin payızında siyasi məhbuslar üzrə yeni məruzəçi təyin olunmayıb, baxmayaraq ki, bu problem hələ də mövcuddur. Bundan başqa, parlament seçkiləri ilə əlaqədar yeni siyasi həbslər və məhkəmə qərarları dalğası olub. «Bu vəziyyət hər seçki zamanı təkrar olunur. Belə ki, 2005-2007-ci illər ərzində siyasi məhbuslar siyahısına 20 yeni ad əlavə olunub, onların yarısı jurnalistlərdir».


Hazırda Hüquq-müdafiə Təşkilatları Federasiyasının siyasi məhbuslar siyahısına 72 ad və daha 9 mümkün siyasi məhbus daxildir. Siyasi məhbuslardan biri - Faina Kunqurova bu ilin noyabrında həbsdə naməlum şəraitdə vəfat edib. Ümumilikdə həbsdə 52 siyasi məhbus dünyasını dəyişib. Orta hesabla, polisdə və istintaq təcridxanasında işgəncələr nəticəsində hər ay bir siyasi məhbus vəfat edir.


Bununla əlaqədar olaraq, Azərbaycan Hüquq-Müdafiə təşkilatları Federasiyası hesab edir ki, AŞPA-nın siyasi məhbusların işləri üzrə məruzəçisinin təyin edilməməsi Azərbaycanda insan hüquqları sahəsində vəziyyətə «mənfi» təsir göstərib. «Federasiya növbəti dəfə siyasi məhbuslar üzrə məruzəçi vəzifəsini bərpa etmək çağırışı ilə AŞPA sessiyasına müraciət edir. Federasiya həmçinin AŞPA-nı Azərbaycanda siyasi məhbuslar və işgəncələrin mövcudluğuna qarşı qəti mübarizəni davam etdirməyə çağırır»-, sənəddə belə qeyd edilib.


Müraciəti Azərbaycan Hüquq-müdafiə Mərkəzi, Sülh və Demokratiya İnstitutu, «El» proqramların inkişafı Mərkəzi, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi, Humanitar Tədqiqatlar Cəmiyyəti imzalayıb.(Turan)


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG